Anar Məmmədli mühakimə olunacaq
Anar Məmmədliyə qarşı cinayət işi məhkəməyə göndərilib və mühakimə olunacaq. Bakı Apellyasiya Məhkəməsi Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) rəhbəri Anar Məmmədlinin həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsindən imtina ilə bağlı şikayətini təmin etməyib. Bu barədə Turan-a vəkil Fariz Namazlı bildirib.
Elə bu gün Bakı Ağır Cinayətlər Məhkəməsinə Məmmədliyə, SMDT-nin icraçı direktoru Bəşir Süleymanlıya və Könüllülərin Beynəlxalq Əməkdaşlığı İctimai Birliyinin rəhbəri Elnur Məmmədova qarşı cinayət işi daxil olub.
Yaxın günlərdə bu işə baxacaq hakim heyəti məlum olacaq, ayın ortalarında hazırlıq iclası keçiriləcək.
* Anar Məmmədli 16 dekabr 2013-cü ildə qanunsuz sahibkarlıq, vergilərdən yayınmaq, vəzifə səlahiyyətlərini aşmaq ittihamları ilə həbs edilib. Məhkəmə onun 3 aylıq həbsinə icazə verib.
Martın 19-da ibtidai istintaq yekunlaşıb və Məmmədli, habelə ölkəni tərk etməmək iltizamı vermiş digər iki fəal – Bəşir Süleymanlı və Elnur Məmmədova qarşı 179.3.2-ci (böyük ölçüdə əmlakı mənimsəmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələrlə ittiham irəli sürülüb.
Amnesty International beynəlxalq hüquq müdafiə təşkilatı Məmmədlini “vicdan məhbusu” kimi tanıyıb.
Məmmədlinin həbsinin əsl səbəbi ötən ilin oktyabrında prezident seçkiləri zamanı hakimiyyətin saxtakarlıqlarını ifşa etməsidir.