Muəllif:

Almazla qrafit arasında əsas fərq

«Materialın xassəsi onda olan elektronların sayı ilə müəyyən olunur. Kütlənin səviyyəsi isə hər bir fərdin təfəkkür səviyyəsindən asılıdır».
Frans Kafka

Televiziyanın elmi-kütləvi verilişlər redaksiyasında təzə-təzə işlədiyim vaxtlarda Xudu Məmmədov tanıyıb sevdiyim ən parlaq adamlardan idi. Hər gəlişi əməlli-başlı canlanma yaradırdı, ağlı, biliyi, adamlarla incə davranışı, ipək kimi səsi və bir az da ləngərli danışığı ilə hamını ovsunlayırdı. Sözün həqiqi mənasında geniş təfəkkür və dünyagörüş sahibiydi. Həmsöhbət kimi də misli yox idi. Elmin fəlsəfəsi, milli mədəniyyət, Yaponiya möcüzəsi, Qobustanın qayaüstü rəsmlərindəki kodlar və s. haqda maraqlı mülahizələri bugünədək yadımdadır.
Dünyanın bütün görkəmli alimləri kimi elmi ictimailəşdirə və istənilən mürəkkəb problemi sadələşdirib cazibədar üsullarla çatdıra bilirdi. Bu səbəbdən də apardığı elmi proqramlar baxılırdı. Onun qarlı, çovğunlu qış günlərinin birində efirə getmiş verilişdə toxunduğu bir mövzu heç yadımdan çıxmır. Xudu müəllim çox sevdiyi mövzuda — kristalların quruluşu haqqında danışırdı, qonağı da indi çox məşhur alim olan akademik Rafiq Əliyev idi. Verilişi xüsusi şövqlə aparan Xudu müəllim minerallarda kristalların düzülüşünün hər hansı maddənin dəyəri üçün xüsusi önəm daşıdığını izah edirdi. Sözünün canı bu idi ki, hər şeyi maddədə kristalların necə düzülməsi həll edir. Misal çəkirdi ki, almazın da, qrafitin də kristalları eynidir. Lakin almazda bu kristallar fərqli düzüldüyünə görə xüsusi dəyər və keyfiyyət qazanır. Sonra böyük alim bu kristal düzülüşü məsələsini dildə hərflərin sıralanması ilə müqayisə etdi. Bunun üçün ekranda böyük ölçüdə görünən dörd hərfdən ibarət «xalq» və «qalx» sözlərini nümunə gətirdi. Tamaşaçılar başa düşməsə də, yəqin ki, görkəmli alim ötən əsrin 80-ci illərinin əvvəllərində sovet sisteminin laxlamağa başladığı bir vaxtda niyə məhz bu sözləri misal çəkdiyinin fərqində idi…
Deməli, əsas məsələ həcmdə, ölçüdə, sayda deyil, keyfiyyət və mahiyyət yaradan sistemdə, kristalların daxili molekullarının düzülüşündədir. Bu prinsip eynilə ayrı-ayrı dövlətlərə, cəmiyyətlərə də aiddir. Cəmiyyətlərdə, idarəetmə sistemlərində, fərdlərin düşüncə tərzində «kristalların düzülüşü» həmin cəmiyyətləri çox qiymətli zinət daşı olan almaza da çevirə bilər, dəyərsiz qrafitə də. Ona görə dünyada hər şeyin ölçüsü olduğu kimi, cəmiyyəti təşkil edən quruluşların da ədaləti və əxlaqı müəyyən edən «düzülüş» meyarı var. Məsələn, tez-tez vurğulanır ki, 1918-ci ildə Azərbaycanda Xalq Cümhuriyyəti qurularkən təhsilli adamların sayı az idi. Amma bu azlığa baxmayaraq, həmin adamlar heçdən bir dövlət yaradaraq dünyaya «müstəqil Azərbaycan» mesajı verdilər. Təhlükələr dolu bir zamanda demokratik cəmiyyət quraraq iki il onu yaşatdılar. Çünki bu adamların niyyətləri, təfəkkür səviyyələri fərqli idi, cəmiyyətin kristalları fərqli düzülmüşdü.
Yaxud, 25-30 il əvvəl Qarabağ hadisələri və bununla bağlı xalq hərəkatı başlayanda milli ruh da, niyyət də almaz kristallarından enerji alırdı. Millət 20 yanvar faciəsindən keçəndə də, müstəqilliyinə təzə-təzə qovuşanda da «kristal düzülüşü» hələ onu hifz edirdi. O səbəbdən də mənəviyyat, milli dəyərlər diri qalmışdı. Tarix və gələcək qarşısında məsuliyyət hissi, Vətən sevgisi, milli heysiyyət duyğusu xalq mənafeyini satmaqla mənsəbə çatmaq, haqqı nahaqqın ayağına vermək, yaltaqları, istedadsız və ləyaqətsizləri yuxarı başa keçirmək, sərvət və şöhrət üçün hər cür əclaflığa hazır olmaq hisslərini üstələmişdi.
Sonra teatrda olduğu kimi qəflətən işıqlar söndü. Qaranlıqda oynanılan tamaşada nələr olduğunu az adam anladı və projektorlar yananda az qala özümüzü tanımadıq. Yaxşı ki, Üzeyir bəy, Sabir və Mirzə Cəlil varmış, onlara baxa-baxa Tanrıya şükür edib yavaş-yavaş özümüzə gəldik. Amma artıq bizə olan-olmuşdu, üzümüz karandaşın içindəki qrafit rəngi verirdi, deyəsən düşdüyümüz qaranlıqda kristallarımızın «düzülüşü» də dəyişmişdi…
[email protected]

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (2 оценок, среднее: 10,00 из 10)
Oxunma sayı: 1235