Muəllif:

Almaniya istehsalı olan ikinci əl maşınlar 15 faiz bahalaşıb

Avtomobil bazarında ciddi gərginlik yaşanır. Avro-4 standartının tətbiqi ilə əlaqədar ölkədə olan 1999-2003-cü il Almaniya istehsalı avtomobillər 10-15% bahalaşıb. Bu isə artıq maksimum həddir. Bu barədə APA TV-də yayımlanan «Sosium» verilişinin qonağı olan “ƏmlakBazarı İştirakçıları” İctimai Birliyinin sədri Ramil Osmanlı deyib.

Onun sözlərinə görə, yeni standart tətbiq edilməmişdən öncə Azərbaycana ayda təqribən 2500 avtomobil gətirilirdisə, indi bu göstərici beş yüzü keçmir: «Avtomobillərin bahalaşması hələ yeni standart tətbiq edilməmişdən əvvəl başlandı. Biz proqnozlaşdırırdıq ki, qanun qüvvəyə mindikdən təxminən 3 ay sonra qiymətlər yenidən düşəcək. Çünki düşünürdük ki, aprelin 1-ə kimi Azərbaycana kütləvi avtomobil gətirilməsi müşahidə olunacaq. Amma belə olmadı. Xırda və orta sahibkarlar ikinci əl maşınların gətirilməsinə o qədər də maraq göstərmədi. Nəticədə bazarda ciddi durğunluq yaşandı».

Yollarda tıxacların yaranması maşınların həddən çox olması ilə əsaslandırılır. Ramil Osmanlı deyir ki, əslində  Azərbaycan adambaşına düşən avtomobil sayına görə həm Avropa dövlətlərindən, həm də keçmiş sovet respublikalarının əksəriyyətindən geri qalır: «MDB ölkələri arasında bu göstəriciyə görə, axırıncı yerlərdən birini tuturuq. “Avro-4” standartına keçidi maşınların sayının çox olması ilə əlaqələndirmək absurddur. Ekoloji cəhətdən bu faydalı addımdır, amma məsələnin iqtisadi tərəflərini də düşünmək lazımdır. Bu gün Azərbaycanda olan avtomobillərin 70 faizi “Avro-2” standartına güclə cavab verir. Gərək bu maşınlar yeniləri ilə əvəz edilsin. Bunun üçün köhnə maşınları olan adamlara güzəştlər edilməlidir».

Ekspert hesab edir ki, köhnə maşınları olan adamlarla danışıqlar aparıb, avtomobil qarşılığında onlara xüsusi kuponlar vermək olar. Həmin vətəndaşlar yeni avtomobil alanda əldə etdikləri bu kuponlarla güzəştlər əldə edə bilər.

 

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 1031