Muəllif:

Ali məktəblərin Dünya Reytinqi açıqlandı: bizimkilər harada?

Son bir neçə ildə dünyada universitetlərin reytinqinin müəyyənləşdirilməsi sahəsində çalışan nüfuzlu təşkilatların reytinq cədvəllərində bəzi Azərbaycan universitetləri də yer almağa başlayıb. Lakin müxtəlif kütləvi informasiya vasitələrində – saytlarda, qəzetlərdə və digər KİV-də bu haqda verilən məlumatlarda qeyri-dəqiq və birtərəfli fikir və şərhlər yer alır, ali məktəblərin reytinq cədvəllərindəki yerləri yanlış göstərilir, ictimaiyyətə olduğu kimi çatdırılmır.

Dünyada universitetlərin reytinqinin müəyyənləşdirilməsi sahəsində tanınmış təşkilatlardan biri QS təşkilatıdır. QS reytinq cədvəli universitetin dünyada nüfuzu, məzunların işlə təmin olunması, beynəlxalq əlaqələr, müəllim — tələbə nisbəti, elmi nəşrlər və xarici tələbə və müəllimlərin faizi kimi meyarlara görə formalaşdırılır. 

QS təşkilatının son 2013-2014-cü il Dünya Reytinq cədvəlində Azərbaycandan yalnız 3 ali məktəb yer alıb. Xəzər universiteti və Qafqaz universiteti reytinq cədvəlində 651-700 aralığında yerləşib. Bu iki ali məktəbdən başqa üçüncü Azərbaycan ali məktəbi – Bakı Dövlət Universiteti isə bir qədər aşağıda qərarlaşıb. BDU-nun tutduğu yer «701+»  (yəni 700-cü yerdən sonra)- dır. 

Onu da qeyd edək ki, ali məktəb reytinqləri ilə bu sahədə ixtisaslaşmış ümumdünya təşkilatları məşğul olur. Onlar ali məktəbin səviyyəsini çox müxtəlif və mühüm göstəricilərə görə müəyyən edirlər, ali məktəbin təhsil prosesini nə dərəcədə ciddi apardığını araşdırırlar.

Son illər Tələbə qəbulu üzrə Dövlər Komissiyası da Azərbaycan ali məktəblərinin reytinq cədvəlini elan edir. Lakin TQDK-nın elan etdiyi “reytinq” sadəcə cari ildə aparılan qəbul kampaniyasına əsaslanır, qəbul imtahanlarının nəticələrinə görə bir sıralamadır, ali məktəblərin hərtərəfli və tam fəaliyyətini göstərən reytinq deyil. Sadə həqiqətdir ki, tələbənin oxuduğu ali məktəbdə aldığı təhsilin səviyyəsi onun ali məktəbə hansı balla qəbul olmasından daha vacibdir. Nisbətən az balla qəbul olub yaxşı təhsil alan tələbə yüksək balla qəbul olub zəif təhsil alan tələbə ilə müqayisədə daha səviyyəli məzun kimi yetişir. Odur ki, ali məktəblərin reytinqi qəbul kampaniyasının nəticələrinə əsaslanmamalı, ali məktəblərin hərtərəfli və tam fəaliyyətini əks etdirən meyarlar əsasında aparılmalıdır.              

QS təşkilatının son reytinq cədvəli haqqında ətraflı məlumatı bu linkdə əldə edə bilərsiniz:

 

www.topuniversities.com/university-rankings/world-university-rankings/2013

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 415