Alban kilsələri
Qafqaz Albaniyası tarixi Azərbaycan ərazisində, müasir Azərbaycan, Ermənistan, Gürcüstanın Şimal hissəsi, həmçinin cənubi Dağıstan ərazisində mövcud olmuş tarixi dövlət idi. Eramızdan əvvəl təqribən IV-II əsrlərdə formalaşmış, eramızın VIII əsrində Ərəb xilafəti tərəfindən işğal edilmişdir. Albaniya dövlətinin paytaxtı əvvəlcə Qəbələ, sonra isə Bərdə şəhəri olmuşdur.
Albanlar eramızın IV əsrində xristian dinini rəsmi dövlət dini elan etmişdir.
O dövrdə inşa edilmiş alban məbəd və monastırlarının bir qismi yerli əhalinin və dövlətin qayğısı sayəsində öz əzəmətini saxlaya bilmişdir. Bu baxımdan Şəki, Qax, Zaqatala rayonlarının ərazisindəki tarixi abidələri nümunə göstərmək olar. Respublikanın digər rayonlarında, xüsusilə də qərb bölgəsində xristianlıq dövrünə aid olan tarixi abidələrin bir çoxu qəza vəziyyətindədir.
Bu rayonlardan biri də Daşkəsəndir. Quşçu, Bayan və digər kəndlərdə xristianlıq dövrünə aid məbədlər var. Bayan və Quşçu kəndlərində seyr etdiyim məbədlər və onların əhatəsi qədim tariximizin daş yaddaşıdır. Təbiətin gözəl guşələrində tikilmiş bu məbədlərin əhatəsini gəzərkən o dövrün ruhunu duymamaq qeyri-mümkündür. Lakin binalara daxil olduqda xoşagəlməz görüntü ilə üzləşirsən və düşünürsən ki, nə üçün bu yerin sakinləri məbədlərə qayğı göstərmir. Nəyə görə xaç işarələri gördükdə ona başqa bir xalqın (ermənilərin) abidəsi kimi baxırlar. İstidən, soyuqdan qorunmaq üçün monastırların daxilində sığınacaq taparaq bu yeri natəmiz hala salan mal-qaranın qarşısını almırlar. Mən tarixi abidələrə baxarkən dəfələrlə maneələrə rast gəlmişəm. Kəndin sakinlərinin, «BUNU DIĞALAR TİKİB», «BU BİNA BURADA QONAQDIR» demələri məndə böyük hiddət doğurur. Diqqətinizə çatdırıram ki, məbədlər möhkəm tikinti materiallarından inşa edilmişdir. Buna görə də onların yağışdan, küləkdən uçması ehtimal olunmur. Bir il öncə möhkəm vəziyyətdə olan binanın künc divarlarındakı daşlar hansısa bir namərdin əlləri ilə sökülüb çıxarılmışdır. Tarixi abidələrimizə belə vandal münasibət hiddət və qəzəb doğurur.
Zənn edirəm ki, onların belə münasibəti məhz savadsızlıqlarından və hərisliklərindən irəli gəlir.
Bəli, bu, faktdır. Bu ucqar kəndlərin sakinləri bir neçə dəfə dəyişmişdir. Orada albanlar, ermənilər, hal-hazırda isə qaçqınlar yuva salmışlar. Aydın məsələdir ki, həmin alban məbəd və monastırlarında başqa millətlərə mənsub olan xristianlar da ibadət etmişlər. Onlar binanın daşında, divarında başqa işarələr və yazılar qoymuşlar. Erməni əlifbası ilə yazılmışlar insanları çaşqınlığa salmasın. Bu məbədlər xalqımızın tarixi keçmişinə məxsusdur.
Quşçu kəndindəki alban məbədi olduqca gözəl arxitekturaya malikdir. Eramızın əvvəllərində məharətli sənətkarlar tərəfindən inşa edilmiş bu möhtəşəm bina indi hansısa bir ALLAHsızın əməlinə məruz qalmışdır. Qədirbilməzlərin məbəd döşəmələrindəki iri təməl daşlarını söküb çıxarmasında hansı maraq güdməsini düşünəndə insan hiddətlənməyə bilmir.
İkinci Bayan monastırı gözəl təbiət guşəsində inşa edilmişdir. Əhatəsi sanki yaşıl amfiteatrı xatırladır. Yaxınlıqdakı şəlalə bu mənzərəyə daha cazibədar görünüş verir. Monastır bir neçə binadan ibarətdir. Vaxtı ilə burada dini ayinlər keçirirlərmiş.
Bu torpağı qarış-qarış gəzdikcə düşüncələrə qərq olursan. Və ancaq bir sual ətrafında mülahizələr apararaq kədərlənirsən. «Nə üçün?»
Söhbətimizi görkəmli qafqazşünas tarixçi Yevgeni İqnatyeviç Krupovun sözləri ilə tamamlamaq istəyirəm: «Albaniya tarixinin öyrənilməsi işində heç bir məhdudiyyət və məcburiyyət olmamalıdır. Albaniya tarixini müxtəlif ölkələrin tarixçiləri öyrənirlər. Lakin bir şey də məlumdur: Qafqaz Albaniyasının tarixi və taleyi ilə hamıdan çox azərbaycanlılar məşğul olmalıdırlar. Bu sahədə onlar dünya elmi qarşısında məsuliyyət daşıyırlar, dünya elminə borcludurlar».