Ağciyər ağ ciyərlər
Ötən həftə mənim şüurumu şumlayan, orada ölənədək yeri qalacaq dərin şırımlar açan bir hadisə baş verdi.
Əvvəl «əbədi yeri qalacaq» yazmışdım. Çünki hamı belə yazır. Sonra «əbədi» sözünü «ölənədək»lə əvəzlədim: həyatda əbədiliyinə inanılası bir şey varsa da, onun bəni-insanla bağlı heç nəyə dəxli yoxdur.
İkicə gün ərzində ağ ciyər xərçəngi çox yaxın adamımı götürdü və apardı. On bir ay əvvəl rentgenə salmışdıq, ciyərləri təmiz idi. Bronxlarda problemi vardı, onun da müalicəsi aparılmışdı.
Əlbəttə, təbabət elmindən xəbərdar olanlar bilirlər ki, söhbət iki günün söhbəti deyil. Amma bu da faktdır ki, bəla birdən-birə, ağrısız-filansız, artıq heç kimin ona gücü çatmayacağı həddə qədər yekəlib boy atandan sonra səsini çıxardı: «Salamməleyküm, gəlmişəm, yığış, gedirik». Heç hansımız cavabını verə bilmədik. Təkcə həkim çarəsiz-çarəsiz əllərini yana açdı:»Ağ ciyər xərçəngi çox vaxt belə olur, çünki onun toxumalarında ağrı sinirlərinin sonluqları yoxdur».
Bizlərdə qorxaqlara «ağciyər» deyirlər. Sən demə, yanılırmışıq: «ağciyər adam» qorxaq yox, ağrı bilməyən, vecsiz adammış. Ona görə ki, ağ ciyər insan bədənində, bəlkə də, yeganə orqandır ki, ağrı vecinə deyil.
Əvvəllər mən ona da əmin idim ki, ağrıya həssas insanlar, dözümlü adamlara nisbətən, xəyanətə daha meyillidirlər. Əzablara tab gətirməyib, özünü-sözünü etibar edənləri sata bilərlər. İndi anlayıram ki, əksinədir. Ağrı hiss etməyənləri xəyanətə, gizlindən zərbə vurmağa həssas adamlardan asan sövq etmək olur. Ağ ciyər kimi. Çünki bununla başqalarına verdikləri ağrının şiddətini də dərk etmir, veclərinə almırlar.
Atam həmişə zəhmli, ailə üzvlərinin də, qohumların da, tanışların da çəkindiyi, çoxlarının hətta qorxduğu adam olub. Amma ölüm ən mahir kosmetoloqdur: əlinin bircə hərəkətiylə insanın ömür boyu gəzdirdiyi maskanı silir, onun sifət cizgilərini hamıdan gizli saxladığı daxili aləminə uyğunlaşdırır. Təcili tibbi yardım maşınında gələn qadın 81 yaşlı atamın üzünə salınmış örtüyü qaldırıb baxanda, başsağlığından əvvəl dediyi söz bu oldu: «Nə gözəl kişidir…»
[email protected]