Muəllif:

Adam kimi

Lap uşaqlıqdan böyüklərdən eşitdiyim bir söz var. Hər gün bu sözü neçə dəfə eşidərdim. Xüsusən də babamdan:
— Hara gedirsən, bala?
— Məktəbə gedirəm, baba.
— Həə… Lap yaxşı, məktəbdə özünü adam kimi apar, bala!
— Baş üstə, baba.
Yaxud:
— Hara belə,bala?
— Uşaqlarla çaya çimməyə, baba.
— Həə.. Lap yaxşı, amma ehtiyatlı olun, özünüzü adam kimi aparın, bala!
— Baş üstə,baba.
Ağlımın ucundan da keçməzdi, babamdan soruşum ki, adam kimi nə deməkdir. Çünki bilirdim babam nə deyir. Böyük-kiçik yeri bilməliyəm, yaxşı oxumalıyam, özümə və başqalarına zərər verəcək hərəkət etməməliyəm, ailəmə və vətənimə layiq adam kimi böyüməliyəm. Vaxt ötdü və indi mən özüm həmin sözü öz balacalarıma deyirəm. Amma bir problem yaranıb. Gendən gələn tərbiyələri açıq soruşmağa imkan verməsə də, sual dolu gözlərindən oxuyuram: «adam kimi, yəni necə?»
Bir sual da mən özümə verəsi oldum. Niyə mən soruşmurdum? Babalar dəyişib, yoxsa balalar? Çox fikirləşdim və deyəsən, tapdım. Adamlığa münasibət dəyişib. Qabaqlar yaxşı və pis ağ və qara kimi bir-birindən seçilərdi. İndi yaxşı da, pis də boz rəngdədir (Boz dedim, məhəlləmizdə bir ağsaqqalın sözü yadıma düşdü: «A kişilər, axır vaxtlar göy üzünün də rəngi dəyişib. «Oğraş» adamların sifəti kimi bombozdur). Bəs yazıq uşaqlar bu bozluğun içində yaxşı ilə pisi necə ayırsınlar? Ona görə də qərara gəldim ki, onlar üçün kiçik də olsa, bir tövsiyə yazım. Əgər bəxtim gətirsə, başqaları da oxusa, nə olar, lap yaxşı, qızım, sənə deyirəm, gəlinim, sən eşit.
Əvvəla, hansı peşəni seçirsən, seç, təki həmin peşəyə həvəsin, istedadın olsun. Öz peşənin bilicisi, sənətkarı ol. Bənnasansa, başını aşağı sal, daşını düz. Daha demə ki,həm də dülgərəm. Dülgərsənsə, sakitcə qapı-pəncərəni düzəlt,daha demə ki, yaxşı aşpazam. Aşpazsansa, ləzzətli yeməklər bişir, müştərilərinin ağzı dada gəlsin. Daha politoloqluq eləmə. (Burda da yadıma bir tanışımın sözü düşdü. Deyirdi ki, a qardaş, cəhənnəm başqa sahələr, bu millətin fahişəsi də öz peşəsinin sənətkarı deyil).
Haçansa vəzifə, səlahiyyət sahibi olarsansa, dünyaya arxa oturacağında oturduğun maşının qalın, qara şüşəsinin arxasından baxma. Çünki bu şüşədən dünyanı eyni rəngdə görəcəksən. Düş maşından və adamların üzünə bax. Əgər görsən ki, çoxlarının üzündə insan əzabının son həddi görünür, deməli, hardasa səhv eləmisən. Əgər görsən ki, səhər iş tapmaq ümidi ilə evdən çıxan atanın üzündə yazılıb ki, İlahi, axşam balalarımın yanına hansı üzlə qayıdacağam (əlbəttə,oxuya bilsən), onda bil ki, bunun günahkarı sənsən. Vəzifəndən adam kimi istifadə elə. Mən demirəm ki, yığdıqlarını çıx küçədə payla, amma səlahiyyətlərini səfərbər elə, qıyma ki, yazıq ata balalarının yanına başıaşağı dönsün. Axı bütün balalar elə düşünür ki, atalarından güclü heç kim yoxdur! Günahdır! Atanı da, balanı da sındırma!
Bilirəm, dükan-bazara özün getməyəcəksən, lazım olanı ya sənə göndərəcəklər, ya da sürücün gedib alacaq. Olsun, lap yaxşı. «Bal tutan barmaq yalayar» demişlər. Amma, Allah xatirinə, arada bir özün məhəllələr arası mağazalara baş çək. Hər satıcının əlinin altında qalın bir dəftər görəcəksən. Nisyə dəftəri deyirlər ona. Əgər bu dəftəri açıb görsən ki, bir məhəllədə təkcə nisyə alınan çörəyin (əti, yağı, kartof-soğan və s. demirəm) məbləği 100 manatlarladır, onda papağını qoy qabağına, fikirləş və bu millətin üsyanından da olmasa, ah-naləsindən qorx. Bilirsən niyə belə mağazalarda adətən çox adam olmur? Çünki hamı çalışır ki, dükançı ilə tək qalıb dərdini deyə bilsin. Qonşusu onun nisyə aldığını bilməsin, utanır yazıq, ona görə. Əgər Allah bu vəzifəni alnına yazıbsa, sən də Allahın yaratdıqlarının qeydinə qal. Dəbdəbəli saraylar, villalar tikdirəcəksən, çeşid-çeşid bahalı maşınlar da alacaqsan. Elə bilirsən camaat bilməyəcək, bu, hansı puladır? Biləcəklər. Halal xoşun olsun. Amma elədiyini adam kimi elə. Milyonlar verib övladının toyuna xaricdən müğənni dəvət edəndə elə şərait yarat ki, camaat heç olmasa evində quru çörəyi suda qaynadılmış kartofla yavanlıq edə bilsin.
Elə et ki, təhsil haqqı üzündən universitetdən qovulan övladının üzünə baxa bilməyən ata xəcalətindən özünü asmasın.
Elə et ki, evsizlik, işsizlik, pulsuzluq üzündən yetkinlik yaşları çoxdan keçmiş oğlan və qızlar ailə qura bilsinlər, oğul-uşaq sahibi olsunlar. Kimdən soruşursan ki, a bala, yaşın otuzu keçib, niyə evlənmirsən, cavab verir ki, heç özümü dolandıra bilmirəm, arvadı necə saxlayım? Düz deyir. Adam kimi fikirləşir.
Arada bir dəfə «qul bazarına» get (adını necə də düz fikirləşiblər). Qışın soyuğunda, yayın cırhacırında o başdandan gecəyə qədər asfaltın üstündə, ayaq üstə — nə qədər insan kiminsə verəcəyi beş manata görə istənilən işi görməyə hazırdır. Hələ bəziləri gecəni də orada keçirirlər. Ac-susuz. Bilirsən niyə? Çünki pulsuz evə qayıda bilmir. Bəlkə heç yol pulu da yoxdur.
Çox əskidən bir bağ qonşumuz vardı. Mal-heyvan oğrusu idi. Buna görə bir neçə dəfə «yatmışdı» da. Yaş fərqimizə baxmayaraq, aramızda isti bir qonşuluq münasibətləri var idi. Bir dəfə zarafatla ondan soruşdum ki, məndən də oğurlayarsan? Cavab verdi ki, görsəm üçdür, birini apararam. O qədər gülmüşdüm ki! Amma indi fikirləşirəm ki, bu, mal-heyvan oğrusunun ədaləti,bu isə..!
Demək istəyirəm ki, Allah eləməmiş, oğru da olsan, adam kimi ol. Rəhmətlik babam deyərdi ki, kişi gərək əsas dörd şeydən uzaq olsun — oğurluqdan, yalan danışmaqdan, qumardan, bir də nəşələnməkdən. Yazıq babam nə biləydi ki, nələr olacaq, nələr! Dostu düşməndən, yalanı doğrudan ayırmaq olmayacaq. Əgər sağ olsaydı, deyərdi:
— Ay bala! Bu millətə düşmənsənsə, üzdə bir, astarda ayrı cür olma. Düşmənçiliyini ortaya qoy. Adam kimi!
— Sevirsənsə, əməllərinlə sübut elə, inandır. Adam kimi!
O ki qaldı bizə, yəni «piyadalara», hər gün qorxa-qorxa gözləyirəm ki, kefli İsgəndər böyürdən çıxacaq və həqarətlə, qanlı-qanlı gözümüzün içinə baxıb (indidən onun baxışları altında büzüşürəm) hayqıracaq:
— Tfu, sizin üzünüzə! Siz nə vaxt adam olacaqsınız? Bəsdir süründünüz! Adam kimi yaşamağı öyrənin! Adam kimi!

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 234