Muəllif:

ABŞ Səfirliyi İsmayıllı məhkəməsindən məyus olub

ABŞ-ın Azərbaycan səfirliyi REAL hərəkatının sədri İlqar Məmmədovun və Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublunun 23-24 yanvar 2013-cü ildə İsmayıllıda iğtişaşlara təhrik etməkdə şübhəli ittihamlarla uzun müddət azadlıqdan məhrum edilməsi ilə barədə 17 mart tarixli məhkəmə qərarından dərin məyusluq hissi keçirir, deyə Səfirliyin yaydığı bəyanatda bildirilir.

Biz məhkəmə prosesindən əvvəl və məhkəmə prosesi ərzində Azərbaycan hökumətinin müxtəlif nümayəndələrinə açıq və ədalətli məhkəmə prosesinin keçirilməsinə ümid etdiyimizi bildirmişdik. Azərbaycan hökumətinin ABŞ və digər beynəlxalq müşahidəçilərə məhkəmə prosesini müşahidə etməyə icazə verməsini bəyənməklə yanaşı digər müşahidəçilər və biz şahid ifadələrində və məhkəmə prosesində ciddi pozuntular müşahidə etmişik. Müşahidələrimiz belə bir qənaətə gəlməyə əsas verir ki, məhkəmənin qərarı sübutlara əsaslanmayıb və siyasi xarakter daşıyır, bəyanatda daha sonra deyilir.

Bəlli olduğu kimi, dünən Şəki Ağır Cinayətlər Məhkəməsində İsmayıllı hadisələri üzrə 18 təqsirləndirilən şəxs barəsində hökm oxunub. Məhkəmə “Real” hərəkatının lideri İlqar Məmmədovu 7, Müsavat Partiyasının sədr müavini Tofiq Yaqublunu 5 il müddətinə azadlıqdan məhrum edib.

Qalan 16 təqsirləndirilən şəxs aşağıdakı cəzaları alıb: Səftar Ağamalıyev, Anar Həsənov və Vasif İbrahimov hər biri 8 il azadlıqdan məhrumetmə, Elşən İsmayıllı 5,5 il, Elşən Qurbanov 5 il, Qənbər Ağamalıyev 4,5 il, Cəfər Cəfərov 4,5 il, Şükran Möhbalıyev 2,5 il.

Daha bir qrup şərti azadlıqdan məhrumetmə cəzasına məhkum edilib – Şakir Mustafayev (3,5 il), Ceyhun Abbasov (3,5 il), Səxavət Səmədov (3,5 il), Xəyal Şaranov (3,5 il), Rəşid Məmmədov (3 il), Daşqın Ağayev (3 il), Aydın Cabbarov (3 il) və Mirkazım Abdullayev (3 il).

Hakim vəkillər Xalid Bağırov və Fuad Ağayevdən Vəkillər Kollegiyasına şikayət etməyi də qərara alıb.

Bütün müttəhimlər 220.1 (kütləvi iğtişaşların təşkili) və 315.2-ci (polis əməkdaşlarına qarşı həyat və sağlamlıq üçün təhlükəli olan güc tətbiqi) maddələri ilə təqsirli biliniblər.

Təqsirləndirilənlərdən bəziləri 180.1-ci (soyğun) maddəsi ilə təqsirli bilinib.

Onların əksəriyyəti təqsirlərini boynuna almayıb, bəziləri isə özlərini qismən təqsirli biliblər.

Müşahidəçilərin qiymətləndirmələrinə görə, proses kobud pozuntularla keçirilib. Proses boyunca 18 nəfər dar qəfəsdə saxlanılıb. Məhkəmə nəinki müdafiə tərəfin vəsatətlərini təmin etməyib, həm də vəkillərə təzyiq göstərib, Fuad Ağayevi cərimə edib.

Prokuror və hakim şahidlərə təzyiq göstərib. Eyni zamanda, bir çox şahidlər bildiriblər ki, ibtidai istintaqda təzyiq altında ifadə veriblər. Bir çox şahidlər müttəhimlər arasında iğtişaşların iştirakçılarını tanımayıblar. Məmmədovun və Yaqublunun təqsirinin heç bir sübutu təqdim edilməyib. Onlar yanvarın 24-də cəmi bir saat İsmayıllı şəhərində olublar və onların olduğu yerdə sakitçilik olub, videomateriallar da bunu sübut edib.

Nüfuzlu beynəlxalq təşkilatlar dəfələrlə İlqar Məmmədovu və Tofiq Yaqublunu azad etməyi tələb ediblər, onlara qarşı ittihamları saxta və siyasi motivli hesab ediblər. Amnesty İnternational onları “vicdan məhbusu” kimi tanıyıb (Turan).

* 2013-cü il yanvarın 23-24-də İsmayıllıda kütləvi iğtişaşlar baş verib. Buna icra hakimiyyəti rəhbərinin qohumları və yaxınları olan bir qrup şəxsin ədəbsiz davranışı səbəb olub. Bu, yerli sakinlərin qəzəbinə və etirazlarına səbəb olub, onlar “Çıraq” otelini yandırıblar, daha sonra şəhərdə polis və rayon icra başçısının istefasını tələb edən yerli sakinlər arasında qarşıdurma baş verib.

 


Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 110