AB Ukrayna ilə assosiasiya sazişi imzalamağa hazırdır və 11 mlrd. yardım göstərəcək
Avropa Birliyinin ali icra orqanı olan Avropa Komissiyası Ukraynaya 11 milyard avro həcmində yardım göstərilməsi barədə təklif hazırlayıb. Brüsseldə Avropa Komissiyasının sədri Joze Manuel Barrozo bildirib ki, AB qarşıdakı 2 il üçün Ukraynaya yardım paketi təklif etməyə hazırdır. Bura 1,4 milyard avro həcmində qrantlar və Avropa İnvestisiya Bankından ayrılacaq 3 milyard avro da daxildir.
Barrozo ticarət, energetika sahələrində Ukraynaya dəstəyi artırmağa hazır olduqlarını söyləyib. O, bəyan edib ki, Avropa Birliyi Ukrayna ilə assosiasiya sazişini imzalamağa hazırdır.
Avropa Komissiyasının sədri Ukrayna böhranının dinc yolla həllinə tərəfdar olduqlarını vurğulayıb: “Beynəlxalq ictimaiyyət Ukraynanın iqtisadi və maliyyə durumunu sabitləşdirmək məqsədilə bu ölkəyə yardım üçün səfərbər olmalıdır”.