AB Krım referendumunu tanımayacaq və sabah «lazımi cavab» veriləcək
AB Krım referendumunu tanımayacaq və sabah Rusiyaya «lazımi cavab» veriləcək . Bu barədə qurumun Ukrayna nümayəndəliyinin «facebook» səhifəsində yazılıb: «Bu referendum qeyri-konstitusiondur və orada Avropa Birliyinin heç bir müşahidəçisi yoxdur. Bu müddətdə Krımda olan və «referendum»a şərh verən AB vətəndaşları qurumu təmsil etmirlər».
Bu gün başlayan «referendum»un legitimliyini dünyada yalnız Rusiya, Suriya, Venesuela və Şimali Koreya tanıyıb.
Almaniya Federativ Respublikasının xarici işlər naziri Valter Ştaynmayer Rusiyanı Krım münaqişəsi ilə bağlı mövqeyini dəyişməyə çağırıb: “Əgər Rusiya son anda güzəştə getməzsə, biz, Avropa İttifaqı xarici siyasət idarələri rəhbərlərinin növbəti gün keçiriləcək iclasında lazımi cavab verəcəyik».
Bu arada Ukraynanın şərqində yerləşən Xarkov, Luqansk və Donetsk şəhərlərində də qarışıqlıq baş verib. Bu işlər Rusiyadan göndərilmiş ekstremistlər tərəfindən törədilib. Bu barədə Ukrayna daxili işlər nazirinin səlahiyyətlərini icra edən Arsen Avakov hökumətin toplantısında deyib. Avakov bildirib ki, hazırda Xarkovda bir neçə yüz şəxs vilayət prokurorluğunun binasını hücumla ələ keçirməyə çalışır. Nazir xüsusi müdafiə vasitələrindən istifadə etmədən hücuma yol verməmək barədə göstəriş verib. Hazırda Donetsk və Luqanskda mitinqlər başa çatıb.
Hökumətin iclasında çıxış edən müdafiə nazirinin səlahiyyətlərini icra edən İqor Tenyux hazırda Krımda olan Rusiya hərbi kontingentinin sayının 21 min 500 nəfərə çatdığını deyib. Onun sözlərinə görə, Rusiya Ukrayna sərhədlərinə 60 mindən artıq hərbi qüvvə cəmləşdirib.
Hərbi-Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri Dmitri Tımçuk isə Rusiyanın Sevastopola 54 ədəd ən yeni zirehli transportyor göndərdiyini deyib. Onun sözlərinə görə, ruslar ötən il silahlanmaya qəbul edilmiş bu hərbi maşınları Ukraynada döyüş vəziyyətində sınaqdan keçirmək niyyətindədir.