6 ilə ABŞ-a çatacağıq!
Ərdoğan hökuməti virtual dünyanın kralları ilə, hələlik, genişmiqyaslı müharibəyə başlamasa da, kəşfiyyat döyüşləri aparır: Twitter-ə müvəqqəti qadağalar qoyur, İnternet resurslarından istifadə formalarını məhdudlaşdırmağa cəhd göstərir. Bizim də bu sahədə öz «kəşfiyyatçı»larımız» var. Bu yaxınlarda bir hakim Facebook-u cəzalandırmaq barədə məhkəmə qərarı çıxarmışdı. Ən fəal «kəşfiyyatçı dəstəmiz» isə parlamentdə pusqudadır.
Üç gün əvvəl prezident 2020-ci ilədək Azərbaycanda informasiya cəmiyyətinin inkişafına dair Milli strategiyanı təsdiq etdi. Mahiyyət etibarı ilə bu sənəd nəinki virtual şəbəkələrlə açıq savaş mərhələsinin yaxınlaşdığından xəbər vermir, əksinə, əsl müttəfiqlik sazişini xatırladır. Yəqin ki, əhalinin 99,99%-i həmin strategiyanı oxumayacaq: mövzusu da qəlizdir, dili də. İnandırım sizi, əksəriyyətin heç informasiya cəmiyyətinin nə demək olduğundan düz-əməlli xəbəri də yoxdur. Yeri gəlmişkən, bu, elə bir cəmiyyətdir ki, orada əhalinin əsas hissəsi müasir texnologiyalardan istifadə etməklə informasiyanın və onun ali forması olan biliyin istehsalı, emalı, ötürülməsi ilə məşğuldur. Yəni, strategiyaya görə, 2020-ci ildə Azərbaycanda istehsalatın başlıca məhsulunu məhz informasiya və bilik təşkil etməlidir!!!
Strategiyanın hədəflərindən bəzilərini ən qısa şəkildə sizə deyim. 6 ilə biz informasiya-kommunikasiya texnologiyaları sahəsində dünyanın ən qabaqcıl ölkələrinə çatmalıyıq! On-layn media, İnternet universal dəyərlərə çevrilməlidir! Ölkəmizin ən ucqar yerlərində də (inşallah, Qarabağ daxil) insanların gündəlik həyat təlabatlarından biri olmalıdır!
Çox ambisiyalı plan, gözəl hədəflərdir. Demirəm ki, onlara yetişmək bizim gücümüz xaricindədir. Millətin ağlı və intellektual potensialı onun balaca-böyüklüyü ilə ölçülmür. Amma cəmi 6 ilə İKT-nin inkişafı sahəsində Amerikanı və Kanadanı haqlamağın nə demək olduğunu düşünün. Təbii ki, onlar da bu müddətdə yerlərində dayanıb bizi gözləməyəcəklər. Elə Milli strategiya imzalanan gün bir daha xəbər yayıldı ki, gələn il dünyada pullu İnterneti sıxışdırıb çıxaracaq Auternet layihəsinin icrasına başlanır. Dərk edirikmi ki, informasiya-kommunikasiya sahəsində inkişaf, elmi-texniki tərəqqi yalnız xaricdə çıxan ən müasir avadanlığı alıb ölkəyə gətirmək, sonra isə onu, yolların intellektual idarəetmə sistemi kimi, azərbaycansayağı istismar etmək demək deyil? Anlayırıqmı ki, bu hədəfə Fransada daha üç kosmik peyk sifariş verməklə yetişə bilməyəcəyik?
İnkişaf üçün pul da, Milli strategiya da vacib şeylərdir. Amma həlledici amillər deyil. Həlledici amil inkişaf üçün xüsusi şəraitin, ağıl və ideyaların sərbəst rəqabəti mühitinin yaradılmasıdır. Azərbaycanda isə, kartof-soğan, banan, taxta-şalban bazarında olduğu kimi, «virtual bazar»da da monopoliya mövcuddur. «İnternet Forum» təşkilatının məlumatına görə, ölkəyə gətirilən internet trafikin 99%-i bir şirkətin — «Delta Telecom»un əlindədir. Necə deyərlər, bulağın başını o kəsdirib, kimə, nə qədər və neçəyə «su» verməyi də o müəyyənləşdirir. ATS-lərin, provayderlərin xərcləri bu qiymətin «belinə mindirilib» axırda istifadəçilərin, yəni gələcəyin «informasiya cəmiyyətinin» çiyninə yüklənir. Qiymət cəhənnəm, bəlli olur ki, bizə internetlə bərabər, «hava» da satırlar. Bir mb/saniyə sürəti olan xətt 4-5 istifadəçi arasında bölünməli olduğu halda, həmin xəttə provayderlər bəzən 20-25 müştəri «otuzdururlar». Nəticədə, son nöqtədə internetin sürəti kəskin aşağı düşür. Bu sürətlə biz «informasiya cəmiyyətinə» nə vaxta gedib çatacağıq, dünyanın qabaqcıl ölkələrini nə vaxta haqlayacağıq?
Net Index beynəlxalq layihəsi çərçivəsində aparılmış tədqiqatlar göstərir ki, Azərbaycanda internetin orta sürəti saniyədə 4,25 mb təşkil edir. Bu, Ukraynada olduğundan 4,5 dəfə, Gürcüstandan 3 dəfə, Ermənistandan 2,4 dəfə aşağı göstəricidir. Əvəzində qiymətdə biz hamını qabaqlayırıq. Həmin 4 mb-a görə bir Azərbaycan istifadəçisi bir Ukrayna vətəndaşından azı 5 dəfə artıq haqq ödəməli olur.
Əlbəttə, informasiya cəmiyyətinin formalaşması yalnızca ölkədə internetin sürətindən və qiymətindən asılı deyil. Hərçənd, «cəmiyyət» deyəndə yalnız elita yox, digər xalq təbəqələri də nəzərdə tutulursa, «inkişafa» məhz bu nöqtədən başlamaq lazım gəldiyi şübhəsizdir.
Strategiyada monopoliyanın aradan qaldırılmasının zəruriliyi barədə heç nə deyilmir. Özümə təsəlli verirəm ki, bünun üçün lazımi tədbirlər dövlət proqramına daxil ediləcək. Axı prezident Nazirlər Kabinetinə strategiyanın həyata keçirilməsi üzrə dövlət proqramının layihəsini hazırlamağı tapşırıb. Dörd ay da vaxt verib. Bəs edəcəkmi? 2012-ci il may ayının 8-də də prezident Nazirlər Kabinetinə tapşırmışdı ki, informasiya müvəkkili təsisatının insan haqları üzrə Ombudsmana həvalə edilməsi ilə əlaqədar məsələləri 3 ay ərzində həll etsin. Fərmanın iki ili tamam olmağa az qalıb. Nazirlər Kabineti isə belarus partizanları kimi susur.
[email protected]