«4,5-ci maddə» formatına ehtiyac var
Yeni təhlükəsizlik təhdidlərinin mövcud olduğu bir dövrdə NATO öz fəaliyyətini baş vermiş hadisələrə reaksiya verməklə məhdudlaşdırmamalı, əksinə, gələcək təhdidləri, o cümlədən tərəfdaş ölkələr üçün yarana biləcək təhdidləri əvvəlcədən ciddi şəkildə dəyərləndirməli və belə təhdidlərin aradan qaldırılması üçün geosiyasi reallıqları nəzərə almaqla hazırlıqlar görməlidir. Bu sahədə vacib addımlardan biri də 2010-cu ildə qəbul edilmiş və artıq günün geosiyasi reallıqlarına cavab verməyən NATO-nun Strateji Konsepsiyasinın yenilənməsidir.
Həmçinin, enerji infrastrukturunun təhlükəsizlik təminatı sahəsində hazırkı durum ciddi narahatlığa səbəb olmasa da, gələcək perspektivləri, xüsusən də Xəzər hövzəsi resurslarının daha böyük həcmdə Avropaya ixracı imkanlarını və bölgədəki infrastrukturun Avropanın enerji təminatının diversifikasiyasında daha əhəmiyyətli rol oynayacağı ehtimalını nəzərə alsaq, Azərbaycan və Gürcüstandakı enerji infrastrukturlarının təhlükəsizliyinin beynəlxalq təminatı üçün müvafiq addımların atılması zəruridir. Mühüm enerji infrastrukturlarının mühafizəsi sahəsində NATO ilə əməkdaşlıq imkanları lazımınca dəyərləndirilməlidir.
Bu əməkdaşlığın yeni formatının müəyyən edilməsində regiondakı geosiyasi vəziyyətin həssaslıqları və Azərbaycanın Avropa enerji təminatının müxtəlifləşdirilməsində oynayacağı rolu nəzərə alınmalıdır. Cənub Qaz Dəhlizinin reallaşması növbəti illərdə regionun təhlükəsizlik durumuna da təsir edəcək və bu sahədə mümkün təhlükəsizlik çağırışlarının zamanında dəyərləndirilməsi vacibdir.
Mövcud NATO-Azərbaycan əməkdaşlığının daha da gücləndirilməsi üçün yeni əməkdaşlıq formatı təklif edərdim.
Məlum olduğu kimi, NATO fəaliyyətinin təməl prinsipini təşkil edən Şimali Atlantika Müqaviləsinin 5-ci maddəsi ilə təsbit edilmiş silahlı hücumdan kollektiv müdafiə prinsipi yalnız üzv dövlətlərə şamil olunur. Təbii ki, təhlükəsizlik təminatının 5-ci maddə formatında reallaşdırılması bu gün hər iki tərəf üçün aktual deyil.
Tərəfdaş ölkələrlə münasibətlərin əsas çərçivəsi isə SNT Çərçivə Sənədində (PfP framework Document — 10.01.1994) müəyyən olunub. Konkret olaraq məsləhətləşmə formatı bu sənədin 8-ci maddəsində müəyyənləşdirilib. Bu maddədə qeyd olunub ki, Tərəfdaşlığın aktiv iştirakçısı öz ərazi bütövlüyünə, siyasi müstəqilliyinə və ya təhlükəsizliyinə birbaşa təhdid alarsa, NATO onunla məsləhətləşə apara bilər.
Bu isə ruhən Şimali Atlantika Müqaviləsinin 4-cü maddəsinə yaxındır və elə onun bazasında hazırlanıb. Bu maddədə deyilir: «Tərəflərdən hər hansı birinin fikrinə görə, onlardan hər hansı birinin ərazi bütövlüyü, siyasi müstəqilliyi və ya təhlükəsizliyi təhdid olunarsa, Tərəflər birlikdə məsləhətləşəcəklər». Amma bu və eləcə də qeyd etdiyim SNT sənədindəki maddə tərəfdaş ölkələr üçün mövcud təhlükəsizlik təhdidlərinin neytrallaşması missiyasını özünə daxil etmir.
Ona görə də elə bir formata ehtiyac var ki, bu zaman tərəfdaş ölkələrin və üzv dövlətlərin təhlükəsizlik qayğıları birgə qarşılansın. Məhz bu səbəbdən, zənnimcə, yeni «4,5-ci maddə» formatına ehtiyac vardır. Bu format NATO üzvü ölkələr arasında mövcud olan «bir dövlətə hücum hamıya qarşı hücumdur» formatı ilə NATO ilə Tərəfdaş ölkələr arasındakı SNT Çərçivə Sənədindəki «məsləhətləşmə» formatı arasında ortaq mahiyyət kəsb edə bilər. Bu formatın reallaşdırılması isə NATO ilə Azərbaycan arasında Fərdi Təhlükəsizlik Müqaviləsinin imzalanması ilə baş tuta bilər.
Belə bir müqavilənin imzalanması ilə həm Azərbaycan öz təhlükəsizliyinə təminatı üçün vacib olan əlavə təminatlar ala bilər, həm NATO ölkələri öz enerji təminatı üçün bölgədəki vacib əhəmiyyətli enerji infrastrukturunun təhlükəsizliyində maraqlarını bir daha bəyan etmiş olar, həm də NATO Cənubi Qafqazdakı son dövrlərdə zəifləmiş mövqeyini ciddi şəkildə bərpa edə bilər.