200 ən zəngin Rusiyalıdan 4-ü azərbaycanlıdır
Forbes hər il yayınlanan Rusiyanın 200 ən zəngin sahibkarı siyahısını dərc edib. Siyahıya 4 azərbaycanlı daxil olub. Siyahıya yalnız kapitalının əsas hissəsini dövlət qulluqçusu olmadan, şəxsi qaydada qazananlar daxil edilib. Ən zəngin Rusiya azərbaycanlısı əvvəlki kimi 13,6 mlrd.-la Nikoil neft şirkətinin prezidenti Vaqit Ələkbərovdur. Bir il ərzində Ələkbərov 1,2 mlrd. itirib. Onun ardınca 1,8 mlrd.-la Araz Ağalarov (Krokus qrupu) gəlir. Onun var-dövləti bir il ərzində dəyişməyib. O, ümumi siyahda 56-cı yeri tutur. Üçüncü yerdə 1,4 mlrd.-la Fərhad Əhmədov (Nortqaz) gəlir. Onun var-dövləti də il ərzində dəyişməyib. Ümumi reytinqdə 69-cu yeri tutur. Siyahıda 137-ci yeri tutan dördüncü zəngin azərbaycanlı 0,75 mlrd. kapitalla Telman İsmayılovdur (AST qrupu). Onun var-dövləti də əvvəlki kimi qalıb.
Rusiyanın ən zəngin biznesmeni “Metalloinvest”, Mail.ru Group, “Meqafon”, “Evroset” kimi şirkətlərin sahibi olan Alişer Usmanovdur (mal dövləti 18,6 mlrd. dollar qiymətləndirilir, bir il ərzində 1 mlrd. dollar artıb). “Alfa-Qrupp” konsorsiumunun sahiblərindən biri və müşahidə şurasının sədri Mixail Fridman 17,6 mlrd. dollar var-dövlətlə ikinci yeri qoruyub saxlayıb. Onun var-dövləti bir il ərzində 1,1 mlrd. dollar artıb. “Skolkovo” fondunun prezidenti, “Rusala”, KES, “Akado” sahibi Viktor Vekselberqin var-dövləti 2013-cü il ərzində 2,1 mlrd. dollar artaraq, 17.2 mlrd. dollara çatıb və o, cari siyahıda 3-cü yeri tutub. Ötən il bu mövqedə NOVATEK İdarə Heyətinin sədri Leonid Mixelson var idi.