Şimal
Həftəsonu yolum Mehdiabada düşmüşdü. Yoldaşım da, uşaqlarım da mənimlə idi. Hava da xoş idi. Birdən gözüm yol ayrıcındakı bir lövhəyə sataşdı. Üstündəki «Avropa» sözünü oxuyanda maşını kənara çəkib saxlatdırdım. Hamı təəccüb və təşvişlə mənə baxdı ki, bu kişiyə nə oldu belə? Getdiyimiz yerdə maşını niyə saxladı? Qımışdığımı görüb rahatladılar və arxamca gəldilər. Lövhəni onlara göstərəndə əvvəlcə duruxsalar da, sonradan gülüşə-gülüşə hamımız başladıq şəkil çəkdirməyə — dedilər ki, əsl instaqramlıqdır. Nə isə, başınızı çox ağrıtmayım və keçim mətləbə.
Ötən ilin oktyabrında dostum və «Ayna»nın əsas müəlliflərindən olan Arif Əliyev bir yazı yazmışdı bu lövhə barədə — «İstəyirik Avropaya girək, amma Asiyada qalaq». Yazı belə başlayır:»Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutu bildirir ki, Azərbaycan ərazisinin on altıda bir hissəsi Avropanın hüdudlarına düşür. Abşeronda qitələrin sərhəddi Fatmayi ilə Mehdiabadın arasından keçir və Şüvəlanın çox hissəsi Avropaya daxil olur. «Köhnə qitə» təxminən Zirədə tamamlanır. Bakının mərkəzi isə Asiyada qalır.
Elçin Şıxlını səmimi qəlbdən təbrik eləyirəm: Şüvəlanda yaşayır. Elə özümü də. On ildən çoxdur ki, xəbərim olmadan Avropaya, Fatmayidən da o tərəfə köçmüşəm».
(Yazını bütövlükdə «Ayna»nın saytında tapıb oxuya bilərsiniz).
Arifin həmin yazıdakı təbrikindən sonra oktyabrdan bəri neçə vaxtdır harda bir əcaiblik görüb əsəbiləşəndə özümə toxtaxlıq verirdim ki, bəs bütün bunlar Azərbaycanda baş verir, sənsə Avropada yaşayırsan…
Nə isə. Avropalı olduğumuzu sübuta yetirən lövhənin önündə şəkil çəkdirdikdən sonra kefi kök yolumuza davam etdik. Bir neçə gün sonra uşaqlardan çəkdikləri şəkilləri mənə də göstərmələrini istəyəndə isə fotolara baxıb şaşırdım. Qəribə olsa da, lövhənin yanında duranda məni indi heyrətləndirən məqama heç fikir verməmişdim. Yol ayrıcındakı dirəyin üstündə lövhədən başqa daha üç ox da vardı — biri Avropanı göstərirdi, digəri Asiyanı, üçüncüsü isə «Şimal»a tuşlanmışdı. Cənub, şərq və qərbin harada olduğunu göstərən oxsa yoxdu…
Əslində, simvolik də olsa, bu, çox mətləblərdən xəbər verə bilər. İndi biz, hər halda, ictimai şüurda, lap elə nağıl qəhrəmanları kimi yol ayrıcında dayanmışıq — sağa getsən, xoşbəxt olarsan, sola getsən, ilişib qalarsan, düz getsən, qəhrəmancasına həlak olarsan.
Ölməz Homerin «İlliada»sının qəhrəmanlarından biri Odissey Axillesi Troya üzərinə yürüşə çıxmağa çağıranda sonuncunun anası oğlunu müharibəyə getməməyə dilə tutur. Axillessə cavabında: «Mən ailə qurub uzun illər xoş və firavan həyat sürə bilərəm, ancaq başımı yerə qoyan kimi məni unudacaqlar. Savaşa gedərək şərəflə döyüşüb qəhrəmancasına həlak olsam belə isə, adımı yüz illər sonra da unutmayacaqlar», — deyir.
Mehdiabadla Fatmayi yollarının ayrıcındakı bu lövhə və üstündəki oxların istiqamətverici, ya da istiqamətləndirici olması yalnız bizdən asılıdır. İndi oturub fikirləşirəm ki, hara gedək, üzümüzü hansı səmtə çevirək?
Asiyaya getməyimizə ehtiyac görmürəm, onsuz da ordayıq. Şimalın da nə olduğunu gözəl bilirik, üşütməsi canımızdan hələ də çıxmayıb. Qalır bir Avropa… Arif demiş, ora istəyirik, amma Asiyada qalmaq şərtilə. Ancaq Rusiyanın Ukraynanın başına açdığı oyundan və bizim Coğrafiya İnstitutunun Asiyayla Avropanın qovuşduğu yerdə bir də «şimal» istiqamətinin olduğunu unutmağa qoymadığından sonra düşünürəm ki, elə Avropa yaxşıdı. Çətin yoldu, döyüşkənlik və əyilməzlik tələb edən yoldu, amma sürünə-sürünə yaşamaqdansa, şərəflə döyüşüb ölmək yaxşıdı. Deyəcəksiniz ki, pafosdolu sözlərdir. Elədir, amma yalan deyil, çünki seçimimiz, demək olar ki, yoxdur.
Bir də unutmaq olmaz ki, Ukrayna qanımızın arasına girdi. Krımı ilhaq etmək Putinin heç ağlına da gəlmirdi. Hər halda, Qarabağ kimi hazır yağlı kökə dura-dura ermənilərin əvəzinə öz əlini niyə bulamalıydı ki?
***
«Qarasubazar, Böyük Suren, Kiçik Suren, Baxçasaray və başqa yerləri keçərək Albat adlı bir kənddə dayandıq. Kənd bomboşdur. Hər yerdə tatarları sürgün edirlər. Kənd evləri sahibsizdir. Evlərə toxunulmamışdır. Pəncərələrin pərdəsinə qədər yerindədir. Görünür adamlar ən vacib şeyləri özləri ilə aparmışlar, qalanlar isə başlı-başına atılmışdır. İnsan əməyi, insan arzuları gör necə puç olur. Onları satqınlıqda ittiham edirlər. İnanmıram hamı satqın olar. Bütöv xalq satqın ola bilməz. Buna qalsa, ukraynalılardan da, kazaklardan da, elə rusların özündən də satqın vardı. Bəs vlasovçular kim idi? Kubanda bizə qarşı vuruşan general Zaytsevin dəstəsi kimlərdən idi?… Belə satqınlara görə bütöv xalqı təqsirləndirmək nə qədər düzdür, bilmirəm.
Səhər tezdən yenidən yola düşdük. Döngələrin birində yolda hərəkət çox olduğuna görə maşınlar dayanmışdı. Biz də dayandıq. Yanımızda tatarlarla dolu bir maşın dayandı. Arvad-uşaq bir-birinin qoynuna qısılmışdı. Onlar bizə baxırdılar, biz də onlara. Maşında on altı-on yeddi yaşlı bir tatar qızı da vardı. O, diqqətlə üzümə baxdı, mənim müsəlman olduğumu başa düşdü və maşınları tərpənəndə gülümsəyərək əl elədi. Mənimlə xudahafizləşdi. Bilmirəm, mənə elə gəldi. Bəlkə də mənimlə yox, doğma yurdu ilə, böyüyüb başa gəldiyi torpaqla vidalaşırdı?! Ürəyim ağrıdı…».
18.5.44 Bunu İsmayıl Şıxlı «Cəbhə gündəlikləri»ndə yazıb. Bu, bədii əsər deyil. Müharibə iştirakçısı olmuş atamın tutduğu gündəlikdir. 1944-cü il mayın 18-də gördükləridir. Krım tatarlarını doğma yurdlarından sürgün edirdilər. Binəvalar yalnız SSRİ dağılandan sonra vətənlərinə dönməyə başlamışdılar. O vaxt onları məhkəməsiz-filan satqın elan edib ev-eşiklərindən didərgin salmışdılar, indi də, XXI əsrdə yenə onlardan heç nə soruşmadan yenicə isinişdikləri dədə-baba yurdu qarışıq basmarlayıb saldılar Rusiyanın tərkibinə. İnnən belə səslərini çıxardanlarının başına nə oyun gətirəcəklər, bilinmir. Görünür, Krımda da kimsə yolayrıcında lövhə vurubmuş. Əvvəlini bilmirəm, amma indi oradakı dirəyin üstündə yalnız bir istiqamət göstəricisi var — «ŞİMAL». Bizim bəxtimiz Krım tatarlarıyla müqayisədə daha çox gətirib — hələ seçim imkanımız var, amma vaxtımız çox az qalıb. Lap elə Cək London demiş: «Zaman gözləmir»…
[email protected]