100 manatlıq əskinasla diqqətli olun
Bakıda saxta pul hazırlayan şəxs tutulub. DİN saytına istinadən, Suraxanı rayonu Qaraçuxur qəsəbəsində yerləşən mağazaya gəlmiş Şərur rayon sakini Əsgər Abbasov orada satıcı işləyən İradə Aydəmirovaya 1 ədəd saxta 100 manatlıq əskinas verib 5 manatlıq alış-veriş edərək ona qalıq qaytarılmış 95 manatı alaraq gedib.
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Abbasov saxlanılıb və onun idarə etdiyi VAZ-2107 markalı avtomobilə baxış zamanı 11 ədəd eyni nömrəli 100 manatlıq saxta əskinaslar aşkar edilərək götürülüb.
Abbasov saxta əsginasları tanışı Naib Aslanova məxsus mağazada saxladığı HP markalı printer vasitəsi ilə hazırladığını bildirib. Baxış zamanı oradan 1 ədəd printer və digər alətlər aşkar edilərək götürülüb. Faktla əlaqədar cinayət işinin başlandığı bildirilir.