“Zver” ləqəbli çempiona hökm oxundu: 12 il
Qəsdən adam öldürməkdə ittiham olunan sambo üzrə dəfələrlə dünya və Avropa çempionu Emin Məmmədovun cinayət işi üzrə məhkəmə başa çatıb. Cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb.
Emin Məmmədovu CM 182-ci (hədə-qorxu ilə tələb etmə), 29,120.1-ci (qəsdən adamöldürməyə cəhd) və 228-ci (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama və ya gəzdirmə) maddələri ilə ittiham edilib. O, bir qrup şəxslə birlikdə 2005-ci il avqustun 28-də saat 17 radələrində Qaradağ rayonunun Lökbatan-Xocasən magistral yolunun kənarında Mahir Səfərov və onunla birlikdə olan şəxslərlə atışıb.
Atışmada iştirak edən və sonradan istintaqdan qaçıb gizlənən 6 nəfər şəxs, o cümlədən Ramil İsgəndərovun və Elvin Əliyevin barələrində həbsli axtarış elan edilib. Lakin sonra onlar Rusiyadan qayıdaraq özlərini istintaq orqanına təqdim ediblər. Həmin hadisənin iştirakçılarından biri — Vüsal Əliyev isə Belarusda tutulub.
Pul üstündə baş verən silahlı atışmada iştirak edən şəxslər əsasən Ağdam və Zəngilan rayon sakinləri olublar. Hadisə zamanı Bakı sakini olan, 29 yaşlı Elnur Salahovun çoxsaylı güllə yarası ilə xəsarət aldığı bildirilib. E. Məmmədov uzun müddət istintaqdan yayınsa da, könüllü şəkildə özünü istintaqa təslim edib. Hazırda barəsindəki cinayət işi davam etdirilir. Əslən Ağdamdan olan Emin 1995-ci ildən başlayaraq dəfələrlə respublika, sonra isə dünya, Avropa çempionu, həmçinin dünya kubokunun sahibi olub.
Hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Emin Məmmədov 12 il müddətinə azadlıqdan məhrum edilib.