Zülfiyyə Xanbabayeva zövqlərin dəyişəcəyini gözləyir
Xalq artisti Zülfiyyə Xanbabayeva uzun müddətlik susqunluğunu bu il pozacaq. İndiyəqədərki susqunluğunun bir səbəbi, özü demiş, tənbəlliyi olubsa, digər ciddi səbəbi də olub. Sadəcə, oturub zövqlərin dəyişməsini gözləyir. Deyəsən, ümid edir ki, bu il — 2013-də zövqlər dəyişəcək və o, bunun üçün bir neçə yeni — bizim günlərdə zövqləri oxşayanlardan fərqli mahnı hazırlayıb.
«İndi hamı türk stilli mahnılar oxuyur. Bunu heç sevmirəm. Çalışıram fərqli mahnılar ifa edim. Ona görə də az-az yeniliklər təqdim edirəm. Bu yaxınlarda iki yeni mahnı yazdırmışam. Onlardan biri Polad Bülbüloğlunun ifa etdiyi «Gəl, ey səhər» bəstəsidir. Bu mahnını çox sevirdim. Nəhayət, repertuarıma daxil etdim. İsmayıl Əsədovdan daha bir mahnı ifa etmişəm».
Yeni işlərinə klip çəkdirməyə hazırlaşdığını da bildirib:
«Klipi «Gəl, ey səhər» bəstəsinə çəkdirəcəyəm. Çoxları soruşur ki, niyə solo konsert vermirsən? Konsert üçün qarşımda heç bir əngəl yoxdur. Sadəcə, tamaşaçıların zövqünün dəyişməsini gözləyirəm». Lakin «Gəl, ey səhər» zövqləri dəyişdirə biləcəkmi? — məsələ bundadır.