Ziyalılar Forumu bəyanat yaydı
Gənc əsgərimiz, 18 yaşlı Ceyhun Qubadovun və onu məhrumiyyətlər içərisində tək böyüdüb boya-başa çatdırmış möhtərəm anasının faciəsi bütün xalqımız kimi, Ziyalılar Forumunun üzvlərinin də dərin hiddətinə səbəb olmuşdur. «Ürək çatışmazlığı»ndan vəfat etmiş gənc əsgərin meyiti üzərində açıq-aşkar görünən zorakılıq əlamətləri isə «Lazımın gəlişini gözləyən qüdrətli Azərbaycan ordusu» haqqında əsl gerçəkliyi bütün çılpaqlığı ilə ortaya qoyur!
Təkcə 2012-ci ildə Azərbaycan Ordusunun itkilərinin sayı 97 nəfərə çatıb. Əsgər və zabitlərimizin böyük əksəriyyəti — 81 nəfəri qeyri-döyüş şəraitində həyatları ilə vidalaşıblar. Bu statistika Azərbaycan Ordusunda mövcud olan qeyri-insani, intizamsız, şəxsiyyəti və ləyaqəti aşağılayıcı mühitin mövcudluğuna dəlalət edir.
Ziyalılar Forumu olaraq biz Azərbaycan siyasi rəhbərliyini — ərazisinin 20 faizi düşmən tərəfindən işğal olunmuş bir ölkənin ordu quruculuğuna məsul olan bütün vəzifəlilərini tarix və millət qarşısında siyasi məsuliyyətə dəvət edir və Azərbaycan Ordusunda yaşanan bu rəzalətin qarşısını almaq üçün müqəssirlərin cinayət məsuliyyətinə cəlb edilməsi də daxil olmaqla bütün zəruri addımların atılmasını tələb edirik!