Muəllif:

Ziyalı və zaman

Ziyalı və zaman mövzusu bütün əsrlər boyu aktual bir müzakirə obyekti olub. Bu gün necə? Əlbəttə dünyanın azadlığa, yeni düzümə hamilə olduğu indiki dövrdə bu problem əlahəddə məna kəsb edir. Xüsusən ölkəmizdə, Azərbaycanda. Niyə? Millətlər, xalqlar, ölkələr var ki, tarixləri boyu onlarda söz sahibi kilsə olub, dini institutlar olub, indi də belədir. Bizim ölkənin, xalqımızın fərqli olaraq dominant xüsusiyyəti o olub ki, söz səlahiyyəti ziyalılarında olub. Həsən bəy Zərdabi dövründə, 1918-ci ildə demokratik respublikanın qurulmasında, keçən əsrin 80 -ci illərinin axırında azadlıq hərəkatının istiqamətləndirilməsində dominant rolu Azərbaycan ziyalıları oynamadımı? O günlərdə görkəmli ziyalılarımız İ.Şıxlı, B.Vahabzadə, Z.Bünyadov, X.Məmmədov və b. xalq hərəkatının yaradılmasında və tanınmasında misilsiz xidmətlər göstərmişlər.
XXI əsrdə müharibələr tək ərazi, enerji və içməli su mənbəyi üstündə yox, daha çox fikir, ideya, identiklik üstündə gedir. Ziyalılar, mədəni və humanitar elita cəmiyyətin o hissəsidir ki, fikirləri, ideyaları, identikliyi yaradır, idarə edir. Bu gün Azərbaycan ziyalılarının əsas missiyası o olmalıdır ki, Azərbaycanın tarixi missiyasını anlasın, ictimai durumu bu indifferent vəziyyətdən çıxartsın, Azərbaycan özünüidentifikasiyanın statusunu və cəlbediciliyini yüksəltsin.
Həmişə ziyalılar millət qarşısında yüksək çaplı məsələ qoyur. Azərbaycanın gələcəyi hər şeydən əvvəl Azərbaycan ziyalılarından və intellektuallarından asılıdır. Gözlənilən sivilizasiyada Azərbaycanın yeri necə olacaq? Əfsuslar ki, bu ritorik sual deyil.
Həmişə mübahisə doğuran bir sual var. Ziyalı kimdir? Mən tərif vermək fikrindən uzağam, bir onu bilirəm ki, onun məzmunu daha çox assosiativ-emosional yük daşıyır. Bizdə çox vaxt bu anlayışda məntiqi mənadan çox emosional konseptə üstünlük verilir. Ziyalı — bu tək oxumuş, savad görmüş adam deyil, ziyalı — əqli əməklə məşğul olan, əqli yaradıcılıq nizamı olan kəsdir. Ziyalılıq zümrəsinə o insanlar daxildir ki, onlar iqtisadi, dövlət məcburiyyətindən, ideoloji öhdəliklərdən azaddır. Ziyalılığın əsas prinsipi — intellektual azadlıqdır. Ziyalı ancaq öz vicdanının səsindən, bir də fikrindən azad deyil. Ziyalı vicdanı tək onun şərəfinin qoruyucusu, senzoru deyil, əsasən onun azadlığının sükançısıdır. O imkan vermir ki, bu azadlıq nizamsızlığa, özbaşınalığa gətirsin, xüsusən indiki kimi qarışıq bir zamanda və məkanda ziyalıya həqiqi yol göstərir. Bu prizmadan baxaraq deməliyəm ki, biz hamımız professionalları və professionallığı yüksək qiymətləndiririk, lakin bilməliyik ki, ziyalı və ziyalılıq başqa şeydir. O, çoxmeyarlı bir anlayışdır. Zənnimcə, ziyalı sadalayacağım meyarlarla, ölçülərlə səciyyələnməlidir.
O öz dövrü üçün qabaqcıl mənəvi ideallara sahib olmaqlı, yaxın ətrafına diqqətcil, təzahüründə yumşaq və ədəbli olmalıdır. Öz xalqına inam, kiçik və böyük Vətənə fədakarcasına tükənməz məhəbbətə əsaslanan vətənpərvərliyə malik olmalıdır. Əsl ziyalı müstəqil, azad özünüifadəyə meyilli, ədalətsizliyin, antihumanizmin, antidemokratizmin istənilən formada təzahürünün məzəmmət edilməsi bacarığına malik olmalıdır.
Ən çətin şəraitdə belə vicdanı tərəfindən formalaşmış əqidəsinə sadiqlik, hətta özünütədricə meyilli olmalıdır. Tarixin bütün zaman kəsiklərində bu meyarlara ancaq millətin seçilmişləri cavab verə biliblər.
Bəzən eşidirik ki, Azərbaycanda minlərlə işıqlı ziyalılar var. Sual edirəm görən onların neçə faizi bu meyarların heç olmasa yarısına cavab verir?
Təki çox olaydı.
Bu gün Azərbaycanın bu çətin vəziyyətində cəmiyyətin işıqlı ziyalılara əlahiddə ehtiyacı var.

 

Aynanın yeni köşə rubrikasından.

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 565