Ziqmund Freydin nəticəsindən «Ailə dəyərləri» sərgisi
Dünyaca məşhur psixoanalitik Ziqmund Freydin nəticəsi xanım Ceyn Makadam Freyd ilk dəfə olaraq Azərbaycana gəlib. APA-nın məlumatına görə, xanım C.M.Freydin Bakıya səfərinin məqsədi xanım Mila Əsgərovanın rəhbərlik etdiyi və yeni açılan «Gazelli Art House»da «Ailə dəyərləri» adlı sərgisinin təşkili ilə bağlıdır.
Öncə media mənsubları C.M.Freydin sərgisi ilə tanış olub, daha sonra isə qeyri-formal atmosferdə mətbuat konfransı keçirilib. «Gazelli Art House»un təsisçisi və direktoru Mila Əsgərova xanım Freydi Azərbaycanda görməkdən məmnunluğunu bildirdi. Xatırlatdı ki, ötən ilin oktyabrında «Gazelli Art House» amerikalı rəssamlar Aziz və Kuçerin sərgisi ilə fəaliyyətinə başlayıb. Qalereya insanları incəsənəti dərk etməyə səsləyir.
Ceyn Freyd Bakıya öz həyat yoldaşı ilə gəldiyini və bu səfərdən razı qaldığını bildirib. Xanım Freyd eyni zamanda bildirib ki, Bakıda olduğu müddətdə onun seminarı da təşkil olunacaq. İxtisasca heykəltəraş olan Ceyn Freyd 3-4 yaşından artıq özünü bu sənətdə tapdığını deyir:
«Bu yaşlarımda mən torpaqdan müxtəlif fiqurlar düzəltməyə başladım və artıq həmin illərdə dərk etdim ki, məhz heykəltəraş olmalıyam. Bu sənət mənə həyatın hər hissini bəxş edə bilir. Mənim yuxularım həyatıma sirayət edib və hətta ailə həyatı qurmaq üçün addım ata bilməyəndə məhz yuxuda gördükdən sonra bunu etdim. Gənc illərimdə hər zaman öz yolumla seçilməyə çalışmışam. Görüşlərdə belə Freyd soyadından istifadə etmirdim, çünki öz yolumu özüm açmaq istəyirdim. Dədəm mənim üçün hər zaman bir mələk, ilham pərisi, arxalandığım biri olub. Hər zaman iki adamın dəstəyini hiss edirəm — atamın və dədəmin. Mənim üçün ailə bağları çox önəmlidir».
Qonaq heykəltəraş onu da bildirib ki, Bakı arxitekturası onu cəlb edib və o, şəhərdə bu qədər müasir tikililərin olduğunu öncədən zənn etməyib: «Səhər pəncərədən baxdıqda həyat yoldaşıma dedim ki, biz yenidən və daha rahat bir vaxtda buraya gəlməliyik. Şəhər məni özünə cəlb edib. Tanıdığım yeganə azərbaycanlı Miladır və mən məhz onu tanıdıqdan sonra Azərbaycanın bütün insanlarını məhz onun simasında sevirəm. Londonda rəhbərlik etdiyi qalereyada da mənim sərgimi məhz Mila xanım təşkil edib. Bu gün də Bakıda onun sayəsindəyəm».