Muəllif:

Zərnigar Ağakişiyeva: “Mən elə uşaqlıqdan hiss edirdim ki, nə vaxtsa tək qalacağam”

Xalq artisti Zərnigar Ağakişiyeva təqaüdə çıxandan teatra yolunu salmır. Aktrisa teatr səhnəsi üçün darıxsa da, səhhəti artıq əvvəlki qədər rollar oynmağına imkan vermir:

— T əqaüddə olduğum üçün artıq teatrda çalışmıram. Teatrda çalışmadığıma görə mənim ora gedib-gəlməyimə bir səbəb də yoxdur. Çünki teatrda hamı yaradıcılıqla məşğuldur, baş qarışıqdır, mənim orada olmağıma heç ehtiyac da yoxdur. Təqaüdə çıxıb evdə oturmuşam və vəziyyətimdən çox razıyam. Mən ilk dəfə teatra baş rollardan birinə dəvət olunanda Moskvada Azərbaycan teatrının 100 illiyini qeyd edirdilər. Demək olar ki, o vaxtdan mən bu teatrın əsas aktyor ştatına götürüldüm. Beləliklə, mənim taleyimin incəsənət, teatr, aktrisa səhifəsi açıldı.

Teatr mənim həyat kredom olub. Bu sənətə ildən-ilə, aydan-aya vurğunluğum daha da artıb. Bu sənəti sevdiyimə görə özümü xoşbəxt hesab edirəm. Mən həmişə sənətdən, aktyorluqdan danışanda rəssamlıqdan da danışıram. Rəssamlar fırça vasitəsilə nəyisə tabloda, aktyorlar isə ruhu, nəfəsi və düşüncəsi ilə nəyisə səhnədə yaradır. Əlbəttə, biz aktyorlar özbaşına püxtələşib, ortaya çıxmırıq. Bizim yazıçılarımız, dramaturqlarımız, rejissorlarımız əsas yaradıcı prosesdə rol oynayırlar. Onlar yazırlar, rejissorlar rolları bölür və tamaşaçı hər şeyi hazır görür. Bütün bu proseslər mənim teatrda çalışdığım müddətdə hər gün, hər dəqiqə, hər saniyə təkrarlanıb. Bir də görürsən ki, artıq 40 il keçib (gülür). Günlərin bir günü hər şeyin sonu olduğu kimi təqaüd vaxtı çatır və teatrı tərk edirsən. Amma mən buna son deməzdim… Aktyor, yaradıcı insanın həyatının mənasına son demək olmaz. O son deyil… O qəlblərdə, ruhlarda, insanların alqışlarında yaşayır.

— 140 illik tarixi olan teatrda 40 illik yaradıcılıqla məşğul olmaq heç də az deyil. Üstəlik də həmişə stressli, çox ağır rollar ilə çıxış etmisiniz…

— Do]rudur, arada mən 7 il teatrdan getdim, amma bu gedişim səhnədən getmək deyildi. Bu zaman mən kinostudiyada filmlərdə çəkilirdim, şəxsi proqramlarımla, mono tamaşalar ilə Azərbaycanın bir çox bölgələrində, mədəniyyət evlərində qastrol səfərlərində olurdum. 7 il aradan sonra Mədəniyyət Nazirinin müavini Ədalət Vəliyev məni qəbuluna çağırdı. Mən bilirdim ki, onlar məni yenidən teatra qaytarmaq istəyirlər. Elə belə də oldu. Bunu bilə-bilə, onunla görüşməzdən öncə teatra qayıdacağıma qərar verdim. Mən tərəddüd etmədən böyük sevinclə teatra qayıtdım.

— Teatrda sizin kimi aktrisalara ehtiyac var. Xüsusi bir əsər səhnələşdirilsə və sizi dəvət etsələr, yenidən teatra qayıdardınızmı? Heç olmasa 1 tamaşa oynamağa…

— Xeyr, mənim indi buna nə həvəsim, nə də halım var. Təqaüddə olmaq mənim üçün çox rahatlıqdır. Birincisi, məni teatrda heç kim gözləmir, ikincisi isə, məni teatrdan çox mədəni surətdə yola salıblar. Yaşayışımdan, həyat tərzimdən çox razıyam. Dövlətimiz sağ olsun, məni heç vaxt ehtiyac içərisində qoymayıb, bu gördüyünüz evi də mənə dövlət verib. Təqaüdə çıxmağımı çox normal qarşıladım. Çünki sən işə gələndə sənin üçün əmək kitabçası açılır, o, bir gün bağlanmalıdır. Bunu sən bilirsən. Niyə mən bunu ağrılı qəbul etməliyəm? Bu həqiqətdir, həqiqətin üzünə düz baxmaq lazımdır. Mənim teatrda rollarım çox ağır, stressli, həyəcanlı olub. İnsan həyatda stress alanda onun bədəni suslaşır, düşüncə tərzi azalır, halı olmur. Amma bizlər bu stressi saatlarla, dəqiqələrlə yaşayırıq. Bədən nə qədər stressə, əsəbə dözər axı? Bunun da nəticəsidir ki, mən bu gün şəkər xəstəliyi tapmışam.

— Zərnigar xanım, serialların ssenarisi sizi qane etmədiyinə görə seriallarda çəkilmirsiniz, yoxsa tamam başqa səbəb var?

— Xeyr, seriallarda çəkilməməyimin səbəbi təkcə ssenari deyil. Mən gənclər ilə ayaqlaşıb gündəlik serial çəkilişlərində iştirak edə bilmərəm. Buna mənim səhhətim imkan vermir. Çünki seriallar illərlə çəkilir, vaxt aparır. Mən xəstəliyimlə əlaqədar olaraq rejimdəyəm, seriala çəkilsəm, bilirəm ki, rejimim pozulacaq. Amma bədii filmə dəvət gəlsə, ssenari ürəyimcə olsa, çəkilə bilərəm.

— Filmə çəkilməyiniz üçün dəvət gəlibmi?

— Bir neçə filmə dəvət gəlib, səhhətim imkan versə, inşallah, çəkiləcəyəm.

— Sizin nəsil aktrisaların bugünkü nəsil aktrisalardan əsas fərqi nədədir?

— Fərqi nəsildə və zamandadır (gülür). Hər il nəsil dəyişir. Dünən pis olan bir şey bu gün gülünc görünür ki, niyə buna vaxtilə pis deyiblər? Axı bu, heç də pis deyil. Bizim zəmanəmizdə biz olmuşuq, bizi qəbul edən tamaşaçılarımız olub. İndiki sənətçilərin özlərinə, yaşlarına uyğun tamaşaçıları var. Bizim də hərəmizə qarşı bir münasibət olub. İndiki tamaşaçılar da axı dünənki tamaşaçılardan daha fərqlidir. Bugünkü tamaşaçıların dünyagörüşü daha da artıb.

— Teatrdan gəlib sizə baş çəkənlər olurmu?

— Bəli, hərdən gəlirlər…

— Zərnigar xanım, tək yaşayırsınız… Şəxsi həyatınızla bağlı nəyi etiraf edə bilərsiniz?

— Etiraf edim ki, təkliyin nə olduğunu indi anlayıram. Təklik mənim üçün deyil, amma yaşamalıyam. Mən təqaüdə çıxan günə qədər tək olmamışam. Bu 40 ildə yanımda sənət yoldaşlarım, tamaşaçılarım olub. 40 ildə mən tamaşaçılardan bu günə kimi ürək sözlərini, onların mənə məhəbbət dolu münasibətlərini görürəm. Hətta getdikcə bu münasibət daha da güclənir (gülür). Hərdən öz-özümə deyirəm ki, axı mən səhnədə yoxam, bu, nə gücdür belə (gülür)? Əlbəttəi, bu, mənim sənətə qarşı olan məhəbbətimin payıdır, cavabıdır. Ömrümün çox hissəsini sənətə həsr etdim, o da mənə qarşı xeyirxah oldu, üzümə güldü. Buna görə mən Allahıma təşəkkür edirəm.

— Axtardığınız sevgini tapsaydınız, sənətinizi sevginizə qurban verməyə hazır idiniz?

— Mən teatrda çox tez tanınmışam. Əlbəttə ki, bu milyonların sevgisini heç nəyə dəyişə bilməzdim… Oturmuşam da evimdə… Teatrda nənə də oynayan var, ana da. Özümü yaxşı hiss etdiyim zaman gedib tamaşalara baxıram. O illərin yorğunluğunu yaşayıram… Aylarla rayonlarda qastrol səfərlərində olurduq… Sən də deyirsən ki, sevgini sənətə qurban ver… Hansı ər dözər ki, yoldaşı qastroldadır, 30 gündən sonra gəlib yemək bişirəcək (gülür)… Tək qalmağımın səbəbi də elə bu oldu…

— Bəlkə də, kimsə sizin kimi pozitiv, həyatsevər qadın olmasaydı, ona yaşamaq daha da çətin olardı… Siz axı çox pozitiv qadınsınız… Maşallah zarafatlarınız, gülüşləriniz…

— Mən gur bir həyatdan gəlib təkliyə düşdüm… Artıq zamanla təkliyə alışıram. Buna görə ağlayıb əlimə dəsmal alımıram, dərd çəkmirəm. Bu, mənim seçdiyim həyatdır. Mən bilmirdim ki, axırım hara gedir? Mən bunu bilirdim, mən bunun üçün hazır idim. Bu da Allahın verdiyi həyatdır. Evdə olanda başım ya kitab oxumağa qarışır, ya da ki özümə müəyyən həyati suallar hazırlayıb, cavab tapıram. Şəhərdə gəzib, insanlarla ünsiyyətdə oluram. Yayda isə doğulduğum məmləkət olan Qubaya gedirəm. Qubada qohumlarım çoxdur, tez-tez onlarla əlaqə saxlayıram. Mən elə uşaqlıqdan hiss edirdim ki, nə vaxtsa tək qalacağam.

— Elə bir rolunuz varmı ki, sırf özünüzü oynayasınız?

— Yox, çünki mən çalışmışam ki, rolu göstərməyim, onu yaşayım. Göstərməyin özü də bir sənətdir. Bu sənətlərin hər ikisi tamaşaçı tərəfindən qiymətləndirilir. Rolu yaşamaq çətindir. Bu, insanın səhhətinə də ziyandır. Mən deyə bilmərəm ki, mən rollarımı yaşayıram, qorxaram bu sözü deyim. Amma ki, mən bir az o meylliyəm. Bilmirəm bu, məndə necə alınır. Bunu teatr tənqidçiləri daha gözəl bilərlər. Aktyor özü haqqında bu sözü deyə bilməz…

— Bir çox sənətçilər aktyorluğun çox vəfasız sənət olduğunu düşünürlər… Siz necə?

— Xeyr, bu həyatın qanunudur. Sən istəyirsən burada işlə, istəyirsən zavodda, təqaüd yaşın çatırsa, sən iş yerini tərk etməlisən… Hiss edirsən ki, fiziki qüvvən itir, işə yaramırsan, amma üzünə demirlər. Bu sözü yəqin elə sənətçilər deyiblər ki, onlar buna hazır deyillər. Onları da qınamaq olmaz. Görünür ki, onlar üçün teatrsız ağır keçir, amma mənim üçün ağır deyil. Bəlkə də, onları qiymətləndirməyiblər deyə bu cür fikirləşirlər… Əlbəttə, mənə də bu gün qiymət verilməsəydi, bəlkə də, mən də onlar kimi düşünərdim… Mən bu gün gördüyüm hörmətdən çox razıyam.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 959