Zərgərlik məmulatlarının çoxunda pozuntular aşkar edilib
Maliyyə Nazirliyinin Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti tərəfindən 2012-ci ildə aparılmış nəzarət tədbirləri zamanı sahibkarlar tərəfindən satışa çıxarılan zərgərlik məmulatlarının əksər hallarda keyfiyyətinin standartlara uyğun olmaması, əyarların üzərində göstəriləndən aşağı olması və hətta qiymətsiz metallardan hazırlanmış olması halları aşkar edilib.
Xidmətdən «APA-Economics»ə verilən məlumata görə, 67 sahibkarlıq fəaliyyəti subyektində aparılan yoxlamalar nəticəsində Xidmətə gətirilən zərgərlik məmulatlarının üzərindəki mənşəyi məlum olmayan ad və əyar damğa izləri təmizlənib və məmulatlar əyarlarına uyğun dövlət əyar damğası ilə damğalanıblar.
Nəzarət işləri zamanı dövlət əyar damğası ilə damğalanmayan zərgərlik məmulatlarına görə 415 644 manat məbləğində dövlət rüsumunun ödənilməsi təmin edilib.
Ötən il ərzində ekspertiza, analiz, əyarlanma və damğalanmaya görə Xidmət tərəfindən 1,8 mln. manatdan çox dövlət rüsumu ödənilib. Ötən il ərzində yol verilmiş nöqsanlarla əlaqədar qanun pozuntusu aşkar edilmiş sahibkarlar barədə inzibati xətalar üzrə inzibati tənbehin tətbiq edilməsi haqqında 67 sayda qərar çıxarılıb və ümumilikdə 61 600 manat məbləğində inzibati cərimə tətbiq edilib.
Ümumilikdə, 2012-ci il ərzində Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti tərəfindən dövlət büdcəsinə 2,1 mln. manatdan çox vəsait ödənilib.
Xidmət bir daha alıcıları qiymətli metallardan və qiymətli daşlardan hazırlanmış zərgərlik və digər məişət məmulatları alarkən üzərində dövlət əyar damğası ilə damğalanmış məmulat olmasına diqqət yetirməyə çağırıb: «Çünki dövlət əyar damğası zərgərlik məmulatının dövlət standartlarının tələblərinə uyğunluğunun təminat göstəricisidir».