“Zəngəzur toponimləri”: yurd yaddaşımız silinməyəcək
Deputat Musa Quliyevin (Urud) “Zəngəzur toponimləri” adlı dəyərli bir kitab nəşr etdirib və onun təqdimatı keçirilib. Nəzarətimizdən müvəqqəti olaraq çıxmış, lakin bir vaxt yenidən bizim olacaq bu ulu Oğuz yurdunun yer adlarının yaddaşımızda möhkəm qalması üçün dəyərli bir iş hesab edilə bilər. Mərasimdə çıxış edən deputat Mübariz Qurbanlı deyib ki, Ermənistan ərazisində qalmış Qərbi Azərbaycan bölgələrində toponimlərin hamısı qədim türk adlarıdır, sonrakı zamanlarda ermənilər bu yer adlarını dəyişdirib, tarixi saxtalaşdırmağa çalışıblar:
“Azərbaycanlıların Ermənistandan sonuncu deportasiyasından 25 il keçir. Biz bu məsələni daim diqqətdə saxlayırıq. Eyni zamanda bu faktı beynəlxalq səviyyədə qaldırmaq üçün işlər aparırıq. Bu kitab özü bizim əlimizdə bir faktdır”.
Milli Məclis sədrinin müavini Valeh Ələsgərov kitabın əhəmiyyətindən danışıb. O bildirib ki, kitab Zəngəzuru görməyənlərə onu daha yaxından anladır və izah edir.
MM Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov qeyd edib ki, ermənilər hələ sovet dövründən tarixi yer adlarını saxtalaşdırmaqla məşğul olublar: “Kitabda çox sayda toponimlər tayfaların adları ilə izah olunur. Əsər tarixi əhəmiyyət daşıyır və ermənilərin yalanlarının ifşa edilməsində mühümdür”.