Zəncan: iki zavodun bağlanması tələb olunur
Güney Azərbaycanın Zəncan şəhərində fəlakət qaynağı olan iki zavod sarıdan narazılıq var və bu problemlə bağlı etiraz aksiyası keçirilib. Avqustun 11-də səhər saat 10:00-da yüzlərlə adam Zəncan vilayət valiliyinin binası qarşısına toplaşıb və bu iki müəssisənin — Sink və Qurğuşun zavodlarının bağlanmasını tələb ediblər. Hər iki müəssisənin ətraf mühitə xeyli ziyan vurduğunu, xərçəng və digər xəstəliklərə səbəb olduğu bildirilir.
Zəncan valisi hər iki zavodun 25 ildir fəaliyyət göstərdiyini və həmin müəssisələrin dayandırılmasının onun əlində olmadığını söyləyib. Toplaşanlar razılaşmayaraq ali dini lider Əli Xamneyinin Zəncan nümayəndəsinin ofisinə doğru hərəkət ediblər. Onlar imam-cümənin də aksiya iştirakçılarına qoşulmasını istəyiblər. Lakin höccətülislam Xatəmi nümayişçiləri təmkinli olmağa dəvət edərək, öz aralarından problemi yoluna qoymaq üçün nümayəndə seçməyə çağırıb. Bu da yerli camaatın ciddi narazılığına səbəb olub. Onlar “Hər iki zavod bağlanmalıdır!”, “Biz xərçəng xəstəliyinə tutulmaq istəmirik!”, “Qurğuşun və sink istəmirik!”, “Təmiz hava almaq hamımızın haqqıdır!” və s. şüarlar səsləndiriblər.
Aksiya günorta saat 13:45-dək davam edib. Yerli camaat hər iki zavod bağlanmayanadək öz etirazlarını davam etdirəcəklərini bildirib.

