Muəllif:

«Zəhər iç desələr, içərəm»

Fevralın son günündə «Milliyet» qəzeti Öcalanla aparılan danışıqların mətnini dərc elədi. İki gün sonra baş nazir Ərdoğan «Milliyet»i dövlətin apardığı sülh danışıqlarını «sabotaj» etdiyinə görə, sərt bir şəkildə danladı. Bununla da İmralı adasına gedən üç kürd əsilli millət vəkilindən hansının «dilini dinc tutmaması» milli məsələyə çevrildi. Bəzi qəzetçilər günlərdir «xəfiyyəçilik» oynayırlar, sanki «o xain» tapılsa, PKK problemi həll olacaq və 1987-dən bəri tökülən qan duracaq.
Halbuki, Öcalanla aparılan danışıqların mətninin üzə çıxması ilə məlum oldu ki, müzakirə olunan məsələlər içində heç də Türkiyədən torpaq qoparıb ayrılmaq, ayrılıb Kürd dövləti qurmaq və ya ölkənin unitar sistemini dəyişib federativ sistemə keçmək kimi ağır tələblər yoxdur. Əksinə, danışıqların mövzusu Türkiyə Cumhuriyyəti vətəndaşlığı, gücləndirilmiş yerli idarəetmə sistemi kimi hər iki tərəfi də hürkütməyən məsələlərdir.
Apo ilə danışıqlar aparmaq asandır — o, həbsdədir, İmralı adasında onunla «ortaq məxrəcə» gəlmək çox da ağır deyil. Problem Kandil dağlarındakı PKK-nın silahlı qanadının rəhbərliyini (Murat Qarailan) «razı salmaqdadır». Bu anlaşmada bütün yük Öcalanın üzərinə düşür, çünki əgər Apo bunu bacara bilməsə, onun liderliyi bitmiş olacaq. Bu bitiş isə onun sonunu gətirəcək. PKK lideri bütün bu risk və zorluqları görür. Hadisələrin axarı göstərir ki, Öcalan bu riski almağa da hazırdır. Demək ki, dağdakı kürd hərbi birləşmələrinin onu dinləyərək silahı buraxacaqlarından əmindir.
Heç şübhəsiz ki, hökümətin işi daha çətindir. Bir yandan kürd tərəfi ilə aparılan həssas danışıqları uğurla yürütmək lazımdır, digərindənsə müxalifətin, xüsusilə də Milliyyətçi Hərəkat partiyasının ağır basqısından qurtulmaq. Hətta, zənnimcə, müxalifətə tab gətirmək hazırda Öcalanla danışıqlardan daha məşəqqətlidir.
Bəzi qəzetçilərin «Böyük Barış» adlandırdıqları bu sülh prosesinin yolu gəlib Yeni Anayasanın qəbulundan keçməlidir. Böyük Millət Məclisindəki indiki millət vəkili dağılımına görə, iqtidar partiyası hansısa bir partiya ilə ittifaqa getməlidir — AK partinin təmsilçilərinin sayı çatmır. Kılıçdaroğlu və Baxçeli ilə bu ittifaq olmayacağına görə bütün ümidlər qalır kürd təmayüllü Barış və Demokrasi partiyasına (BDP). Bu «izdivacdan doğacaq» Yeni Anayasa isə Türkiyəni parlament üsul-idarəsindən prezident üsul-idarəsinə çevirəcək. Bu da R.T. Ərdoğan üçün daha 10 il iqtidarda qalmaq deməkdir — 2002-dən 2023-ə qədər. Neçə eləyir, heç, 21 il.
Usta siyasətçi addım-addım hədəfinə yaxınlaşır, önündə heç bir ciddi əngəl qalmayıb. Bircə biçarə qəzetçi və yazar tayfasının işi yamanca çətinə düşüb. Dünənə qədər PKK-ya «terror təşkilatı», onun liderinə isə «körpə qatili», «terroristbaşı», «cani» deyirdilər. İndi isə «serok», «başqan», «öndər» deməlidirlər. Necə desinlər, necə alışsınlar yeni duruma? Qanın durması, həqiqi Barışın gəlməsi üçün ilk başda bütün bunlara qatlanmaq ağır olacaq. Amma mövzu Barışdırsa hər yol mübah deyilmi, yoxsa mənmi anlamıram?…
Mövcud siyasi, iqtisadi konyunktura da bu mübah yolda bir o qədər əlverişli deyil — yeni iqtisadi böhranın ayaq səsləri eşidilməkdədir, digər tərəfdən Ərəb Baharının gələcəyi müəmmalıdır, Suriyanın axırı hara gedir, xüsusilə də Əsədsonrası möhtəməl təhdidlər, İranın nüvə proqramı, İsrail-Fələstin münaqişəsi — bütün bunlar rəsmi Ankaranın önündə duran çoxməchullu tənlikdir. Nə qəribədir ki, bu sadaladıqlarım problemlərin aid olduğu corafiyanın ən önəmli aktorlarından biri də kürdlərdir — Türkiyə, İraq, İran, Suriya kürdləri.
Bu baxımdan Ankaranın kürdləri yanına alaraq müştərək hərəkət etmələri sadəcə hər iki tərəf üçün deyil, bütövlükdə bölgə üçün çox faydali olacaq. «Böyük Barış» yolunda aşılması ən önəmli əngəl 1980 hərbi çevrilişindən sonra generallar tərəfindən hazırlanmış Konstitusiyadan qurtulmaqdır. Lakin AK partinin prezident üsul-idarəsinə keçmə sevdası məsələnin çözüm yollarını yoxuşa sürür.
İqtidar indiyə qədər bir-neçə çözüm planı hazırlamışdı — «Oslo prosesi», «Habur prosesi», «Kürd açılımı», «Demokratik açılım», «Milli Birlik layihəsi». Və ən nəhayət «İmralı prosesi». İmralıya qədərki bütün təşəbbüslərin ömrü qısa oldu. Güman ki, sonuncu girişim müsbət nəticələr verəcəkdir, ən azından ona görə ki, tərəflər indiki kimi bu qədər qərarlı və istəkli deyildilər.
Başlığa çıxartdığm sözlər R.Tayyib Ərdoğana aiddir, keçən həftə bir çıxışında demişdi. «Barış yolunda zəhər iç desələr, içərəm» deyən Baş nazir heç bu qədər səmimi və inandırıcı olmamışdı. Çünki bu yol onu 2023-ə qədər iqtidara daşıyacaqdır…
[email protected]

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 266