Zamanın təsiriylə müdrikləşənlər
Bu günlərdə həmkarlarımızdan biri zəng vurub «köşə yazarlığı» və yazarları barədə suala cavab verməyi xahiş etdi və söhbəti yönləndirmək üçün «bizdə adətən köşə yazarlarının gənc olduğundan gileylənirlər» dedi. Mən də bir xeyli Qərb mətbuatındakı ənənələrdən, heç də hamının müəllif yazıları ilə çıxış etmək hünərinin olmaması və məsuliyyətinin altına girməməsindən danışdım. Bir sözlə, yenə də sözün kəsəri və məsuliyyətinin nə demək olduğunu həm özümə, həm də xəttin o başındakı həmkarıma izah etməyə çalışdım. Və nəhayətdə bu nəticəyə gəldim ki, müəllif yazısı ilə çıxış etməyə haqqı olan həmkarlarımın sayı, deyəsən, lap heç həddinə enib.
Müəllif yazısı, daha doğrusu, köşə yazısı müəllif mövqeyinin tam mənasında bildirildiyi bir janrdır desəm, zənnimcə, yanılmaram. Adətən, Qərb mətbuatında materiallarda tərəfsizliyin gözlənilməsi, yazıda haqqında söhbət gedən tərəflərin hamısının mövqe və fikrinin oxucuya çatdırılması tələb olunur. Normal bir qaydadır, amma… bir əmması var. Belə şeylər normal cəmiyyət və ölkələrdə işləyir…
Dediyim ölkələrdə bir, əgər belə demək mümkündürsə, janr da var — No comment, yəni «şərhsiz». Amma onların «şərhsiz»ləri elə olur ki, şərhsiz də hər şey anlaşılır, yaxud da həmin rubrikadakıları qərblilər öz cəmiyyətlərində görmədiklərindən ona şərh də verə bilmirlər, yəni söz tapmırlar. Bizdə də son vaxtlar bu jurnalist priyomundan istifadə etməyə çalışırlar, amma…
Əslində, Qərbdə bizim köşə yazısı dediyimizə, redaktor yazısı deyirlər. Hərçənd, bu o demək deyil ki, həmin yazını yalnız nəşrin redaktoru yaza bilər. İşin məğzi odur ki, redaksiya həmin yazıdakı mövqeni tam olaraq bəyənir və dəstəkləyir, daha bizdəki kimi riyakarcasına demirlər ki, «bu fikirlər yalnız və yalnız müəllifindir». Özü də həmin müəlliflər ölkədə və cəmiyyətdə tanınmış, sözünün sanbalı və kəsəri olan, nüfuzlu peşəkar jurnalistlər olurlar. Təbii ki, bütün bu sadalanları qazanmaq və həmin mərtəbəyə çatmaq üçün zaman, uzun yaradıcılıq və həyat yolu keçmək zəruridir. Əks halda, həmin adamın yazısını redaksiya heç yaxın qoymaz.
Bizdə isə bunun tam əksi müşahidə olunur. Köşə yazı müəlliflərinin tam əksəriyyəti başı kifayət qədər uzun müddət ərzində daşdan-daşa dəyməkdən hələ xarab olmamış gənc və məhz bu keyfiyyətlərindən irəli gələn əsassız maksimalist düşüncə daşıyıcısı olan iddialı insanlardır. Son zamanlaradək yalnız bu janrda yazanların arqumentlərini «cavandılar, hələ özlərini bir təsdiq etsinlər, yaxud bərkə-boşa düşsələr, baxarıq ağızlarından nə avaz gələcək» deyə ciddiyə almırdım. Elə bu minvalla da illər keçdi, cavanlar yaşlandı və onların çox az bir qismi hələ də odlu-alovlu yazır. Yerdə qalanları isə Rəşad Məcid demişkən, «illərin müdrik təsirindən ağıllandılar», lap elə Rəşadın özü kimi. Hərçənd, bir çoxları kələfin ucunu tapmaq işini heç zamanın da öhdəsinə buraxmadı.
Bu ilin fevralında «Ayna»nı tam yeni formatda, yalnız müəllif yazılarından ibarət olan bir qəzet kimi, buraxmaq qərarına gələndə dostlarla birlikdə mümkün müəlliflərin siyahısını tutdum. İyirmidən çox adam alınmışdı. Hamısı da cəmiyyətdə tanınan və sözünün dəyəri olanlardı. Onların, necə deyərlər, ağzını aradım və çoxu da razılıq verdi, amma indi 6-7 ay ötəndən sonra görürəm ki, ortalıqda yazı yaza bilən, bir də təkrar edirəm, YAZI yaza bilən, daha doğrusu, bunu müntəzəm və yüksək səviyyədə etməyi bacaranlar demək olar ki, yoxdur. Fikrimi izah etməyə çalışacam. İş orasındadır ki, tutduğum siyahıdakı insanların heç də hamısı peşəkar jurnalist deyil, amma mətbuat və digər KİV-də həmişə fikir yürütməyi, söz söyləməyi bacaran insanlardı.
Hal-hazırda hara baxırsan, hamı elə «xalq jurnalistikası» deyib durur. Bütün dünya belə bir qənaətdədir ki, istənilən adam jurnalist ola, ağlı kəsdi-kəsmədi, yalan-doğruluğuna baxmadan istədiyi xəbəri sosial şəbəkələrdə bölüşə bilər. Təbii ki, bölüşə bilər, çünki fikir və söz azadlığı deyə bir məfhum var, amma bu, jurnalistika deyil. Jurnalistika olduqca yaradıcı və incə bir peşədir. Bu işin ustası olmaq gərəkdir, çünki hər səsləndirilmiş xəbər hələ jurnalist işi deyil. Bu xəbərin nə demək olduğunu, nə kimi məna daşıdığını və nəhayət, nə üçün ictimaiyyətə ötürüldüyünü bilmək gərəkdir və bunu hər yerindən duran etməməlidir. Edəndə indi qarşılaşdığımız mənzərə yaranır — danışan, yazan çox, amma YAZI yazmağı, SÖZ deməyi, ortalığa ŞEDEVR çıxarmağı bacaran yox. Yəqin elə buna görə də, Milli Məclisdə müzakirəyə çıxarılacaq «Yaradıcı birliklər haqqında» qanun layihəsində dostum Nizami Cəfərov jurnalistləri yaradıcı peşə nümayəndələri sırasında görmür. Bir sözlə, JURNALİSTİKA peşədir, HOBBİ deyil. Jurnalistika həyat tərzidir və bu cür həyatın sınağından yalnız peşəkarlar çıxa bilir və bilər.
Bir sözlə, köşə yazarlığının bir böyük problemi var. Cavanları tanıyan yoxdur deyə yazdıqlarına inanmırlar, tanınmış böyüklərsə o qədər çirkaba bulaşıblar ki, aldıqları nəfəsi də yalan bilib dediklərini qulaq ardına vururlar.
İndi heç bilmirəm peşənin gününə ağlayım, yoxsa bu peşə sahiblərini bu kökə salan cəmiyyətin. Hər halda peşənin günahı yoxdur, günah özümüzdədir!
[email protected]