Zamanın idarə edilməsi
Hər birimizin (qeyri adi və istisna hallar xaricində) həyata başlamağımız bərabər və eyni şərtlərlə, eyni şərait altında olur. Hər bir insana dünyaya gəldiyində iki böyük sərvət bəxş edilir: sağlamlıq və zaman. Bu iki sərvətin də ortaq olan xüsusiyyətlərindən biri odur ki, bunları artırmaq olmaz. Bunlar bizə verildiyi saniyədən etibarən azalmağa başlayır. Hər iki sərvətin — sağlamlıq və zamanın, nə qədər azalması isə, bizim hər birimizin bu mövzularda nə qədər bilikli, istəkli, planlı, iradəli olmağımızdan birbaşa asılıdır.
Deyirlər ki, zaman puldur; yəni, zaman pula bərabərdir. Məncə, bu fikir doğru deyil. Zaman pula bərabər deyil — zaman puldan daha dəyərlidir, çünki həyatımız boyunca pul qazanma imkanımız hər zaman var, ancaq zamanı heç bir şəkildə uzada və ya artıra bilmərik — biz zamanımızdan ancaq səmərəli və ya səmərəsiz istifadə edə bilərik.
Ümumiyyətlə, uğurlu insan kimdir? Hansı meyarlara görə insanın müvəffəqiyyət qazanıb-qazanmadığını olmadığını dəyərləndirmək olar? Daim vaxtını, enerjisini işə ayıraraq ailəsinə və şəxsi həyatına vaxt ayıra bilməyən insan nə qədər uğurludur? Bunu, onun ailəsindən soruşmaq lazımdır. Daim vaxtını, enerjisini işə ayıraraq səhhətinə diqqət etməyən və müəyyən yaşdan sonra səhhətində ciddi problemlər meydana gələn insan nə qədər müvəffəqiyyətlidir? 50-60 yaşına qədər həyatını ancaq işinə həsr edərək səhhətinə ciddi şəkildə zərər verən onlarla insanı şəxsən tanıyıram. Bu insanların həyatlarında əsas hissə işləri və karyeraları olmuşdur. Təəssüflər olsun ki, həyat acımasızdır və bizim həyatımızda «restart» (təkrar başlama) düyməsi yoxdur. Həyatımızda olan balans, həyatımızın ayrılmaz parçaları olan ailə, karyera, inkişaf, fiziki və mənəvi sağlamlıq, hobbilərimiz, dostlarımız olmadan mümkün deyil. Karyera edən bir insanın ailəsindən uzaq qalması və ailəsinə yetərincə vaxt ayırmaması, fiziki və mənəvi sağlamlığına daim və zamanında diqqət yetirməməsi uzun müddətdə ciddi fəsadlara yol aça bilir. Zamanımızı doğru idarə edərək, zamanımızın qiymətini bilərək, doğru texnika və texnologiyalardan istifadə edərək, zamanımızı «yeyən» və bizim məqsədlərimizə nail olmaq üçün bizə uğur gətirməyən işlərdən qaçaraq biz həyatımızı daha rəngli, daha canlı bir hala gətirə bilərik. Ətrafımızdakı insanlardan daim eşitdiyimiz narazıçılıq və şikayət: idman etməliyəm, ancaq zamanım yoxdur. Özümə, hobbilərimə zaman ayırmaq lazımdır, ancaq vaxtım yoxdur. Artıq çəkimi azaltmalıyam, ancaq idmana zamanım yoxdur.
Müştəri uğrunda mübarizənin gücləndiyi və şirkətlərin daha böyük rəqabət ortamında müştəri uğrunda toqquşduğu XXI əsrdə 3 ana rəqabət amillərindən biri zamandır. Birinci amil olan qiymət rəqabəti müəyyən bir yerə qədər ola bilər və bu məhsul bazarına ciddi şəkildə təsir edər.
İkinci amil — keyfiyyət amili — «olmazsa olmaz» növdəndir. Məhsul, onunla əlaqədar satış və satış sonrası xidmətlər keyfiyyətli olmalıdır və bu haqda heç kimin şübhəsi yoxdur. Tam və dolğun rəqabətin olduğu bir mühitdə zaman, zamanın doğru idarə edilməsi amili ortaya çıxmaqdadır. Əməkdaşlar nə qədər səmərəli işləyir? İş yerlərində zamanlarını doğru idarə edirlərmi? Bir əməkdaş iş günü ərzində iş vaxtından nə qədər effektiv və səmərəli istifadə edir? Bir firma əməkdaşının ancaq məşğul olması heç bir məna daşımır. Əməkdaş həm effektiv, həm də səmərəli olmalıdır.
Və üçüncü amil — ancaq effektiv və ancaq səmərəli olmaq yetərli deyildir. Bunu çox sadə bir misalda nümayiş etdirmək olar. Təsəvvür edin ki, bir insan çox yaxşı və sürətli şəkildə qaça bilər, ancaq doğru istiqamət seçmədiyində, o insanın sürətli və doğru texnika ilə qaçması özü-özlüyündə heç nə ifadə etməyəcəkdir və bu insanın doğru istiqamət seçməyi də təklikdə yetərli deyil, həm doğru texnika, həm də doğru sürətlə qaçmaq lazımdır. İnsan həyatı da belədir — həm doğru istiqamət seçilməlidir, həm də doğru texnika və sürətlə o istiqamətdə getmək lazımdır.
[email protected]
Aynanın yeni köşə rubrikasından.