Muəllif:

Zamanda itənlər

Keçən əsrin 70-ci illəri. Belarus. Meşədən üz-gözünü tük basmış, yarıvəhşi bir insan çıxır. Yol ilə gedən yaşlı bir qadına yaxınlaşaraq: «Ay, nənə, kənddə almanlar var? — deyə soruşur. Arvad naməlum məxluqa təəccüblə baxaraq:»A bala, alman nə gəzir, müharibə 25 ildir qurtarıb!» — söyləyir. Meşə sakini dilxor-dilxor: «Əşşi, deyin də, mən də elə hey qatarları partlada-partlada qalmışam», — deyə söylənir. Bu o dövrün lətifələrindən idi.
«2013-cü il. Azərbaycan, Bakı. SSRİ-nin dağılmasının və ölkəmizin müstəqillik qazanmasının 23-cü ili gedir. Şəhər məktəblərində qızlar 23 fevral münasibətilə oğlanları təbrik etməyə hazırlaşır, bu işdə sinif rəhbərləri onlara yaxından köməklik edirlər. Bu isə lətifə deyil. Amma hər iki halda zamanın ənginliklərində itib-batanlar var. Birinci halda partizanın müharibənin qurtarmasından (lətifələrdə hər şey olur), ikinci halda isə belə çıxır ki, müasir Azərbaycan müəlliminin (hamısını nəzərdə tutmuruq) lətifədə deyil, həyatda SSRİ-nin artıq 20 ildən artıqdır ki, mövcud olmadığından xəbəri yoxdur.
Bu hadisəni eşidəndə əvvəlcə inanmağım gəlmədi, sonra sosial şəbəkələrin birində gənclərin (Azərbaycan gənclərinin!) bu məsələni müzakirə etmələrinin şahidi oldum. Onların bir hissəsi (özü də çox hissəsi!) böyük can-fəşanlıqla bunu müdafiə edirdilər. Qəribəsi isə bu uşaqların 1991-ci ildən, yəni Azərbaycan müstəqil olduqdan sonra dünyaya gəlmələridir. Bizdən (məndən) fərqli olaraq onlar nə SSRİ görüblər, nə də 23 fevral! Mən vaxtilə o orduda xidmət etmiş olduğuma baxmayaraq, bu «bayram» heç yadıma da düşmür. Xüsusi olaraq həmin gənclər üçün bunun nə tarix olduğunu söyləyirəm. Məhz 1918-ci ilin fevral ayının 23-də Xalq Komissarları Sovetinin sədri V.İ.Leninin imzaladığı dekretlə yaradılan Fəhlə-Kəndli Qızıl ordusuna könüllülərin yazılışı başlamış və həmin vaxtdan Sovet İttifaqı canını tapşırana qədər bu gün Sovet Ordusu və Hərbi Dəniz Donanması günü kimi qeyd edilib. Bu gün isə Rusiyada Vətən Müdafiəçisi Günü (yəni Rusiyanın müdafiəçisi) kimi qeyd olunur. Onu da yadımıza salaq ki, yaradılmasından 2 il sonra, 1920-ci ilin aprel ayının 28-də Azərbaycanı işğal edən də elə o ordu idi. 1990-cı ilin 20 yanvar hadisələri isə ümid edirəm (belə getsə, ümidimi kəsməli olacam) hələ yadımızdadır. Çox güman 3 gün sonra, yəni fevralın 26-da həmin o uşaqlar, elə yenə də həmin o müəllimləri ilə birlikdə Xocalı soyqırımını yada salaraq ermənilərlə birlikdə azərbaycanlıların kütləvi qırğınında yaxından iştirak etmiş və həmin o ordunun tərkib hissəsi olan 366-cı motoatıcı alayı da lənətləyiblər.
Qəribədir, daha doğrusu biz qəribəyik, elə deyilmi? Müəllimə valideynlərdən birinin ona ünvanladığı «bunun bizə nə dəxli var?» sualına «Axı bu günü Rusiyada qeyd edirlər» cavabı verib. Heç dəxli var! Madaqasqarda da çox şeyi qeyd edirlər, bizə nə? Rusiyada nəinki bu günü, hələ hər bir qoşun növü günlərini də ayrı-ayrı qeyd edirlər. Görünür o müəllimlərin bundan da xəbərlələri yoxdur, olsaydı uşaqlarımız hər ay bir-birini təbrik edər, şənlənərdilər. Bir ay Rusiya tankçısı gününü, digər ay topçu gününü, başqa bir ay Hərbi Dəniz Qüvvələri gününü, Hava Hücumundan Müdafiə qoşunları gününü, sonra sərhədçi, rabitəçi, desantçı və daha sonra əli silahlı nə qədər adam var hamısının gününü qeyd etmək olar. Oğlanların qızları təbrik etmələri üçün də Rusiyada xeyli bayram tapmaq olar — Tatyana günü, analar günü və s.
Düzdür, deyə bilərsiniz ki, qloballaşma, internet dövründə, liberal dəyərlərin hökm sürdüyü, qaraya ağ deyilsə də hər bir fikrə hörmətlə yanaşmamız lazım gəldiyi bir vaxt sənə nə, kim nəyi qeyd edir? Müəllimlər evlərində, Ştirlits kimi (onu görəsən xatırlayan var?) buxarıda kartof közərdib, «Genişdir vətənim mənim» mahnısını zümzümə edə-edə bu günü qeyd etsəydilər, siz bəlkə də haqlı olardız. Amma onlar bunu məktəblərdə bizim gələcəyimizə aşılayırlar!
P.S. Az qala yadımdan çıxmışdı. 26 iyun Azərbaycan Silahlı Qüvvələri günüdür. Tərs kimi o da yaya, tətil günlərinə düşür…

[email protected]

Aynanın yeni köşə rubrikasından.

 

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 289