Muəllif:

Yuyulmamış meyvə

Yazmağa çox şey var. Amma bilmirsən nədən başlayasan. Adamlar göylərlə əlləşir, qiyamətdən, inqilablardan, qlobal istiləşmədən fikirləşirlər. İndi durub onlara «əzəli və əbədi» mövzulardan yazsan, sənə güləcəklər. Amma olsun. İnsanları güldürmək, ən azı gülümsətmək özü də bir işdir. Həm də savab işdir. Nədir o «əzəli və əbədi» mövzular? Və nə üçün mən bunu dırnaq arasında yazdım?
Yadımdadır, «100 il» bundan öncə, televiziyanın xəbərlər şöbəsində reportyor işlədiyim vaxtlarda, qərara gəldim ki, küçələrin zibillənməsindən yazım. Mövzu da zibillərin vaxtında daşınmaması, küçələrdə zibil yeşiklərinin olmaması deyildi (burda nə var ki, bu, adi haldır.) Həə, mövzu adamların öz pəncərələrindən zibil atmaları idi. Kameranı götürüb getdik Yasamaldakı sırayla düzülmüş 5 mərtəbələri çəkdik, daha doğrusu, balkonların altını. Rəsmən zibilxana idi. Yəni elə bir mövzu idi ki, burda mənzil kommunal təsərrüfatlarından söz getməyəcəkdi (onlar dəyişməz, əzəli əbədi mövzulardan biridirlər), onlardan yazmaq küləyə qarşı tüpürmək kimi bir şeydir. Söhbət insanların təmizlik və ümumən məişət mədəniyyətindən gedəcəkdi. Bu süjeti çəkib hazırladım, baş redaktor baxıb nə desə yaxşıdır? Sən özün gül kimi bir qızsan, bu nədi, get güldən çiçəkdən yaz, bu nədi zibilliyi çəkmisən? Dedim ki, vallah, elə bu süjet güllükdən, çiçəklikdəndir. Bu zibil yığışsa, gül kimi yerlərdir də elə oralar…
İndi həmin söhbət ona görə yadıma düşdü ki, durub «xırda» problemlərdən yazırsan, adama deyirlər ki, problem sistemdədir, ümummilli səviyyədə həll olunmalıdır, hətta dərinə getsən, transmillidir.
Mənsə, icazənizlə, düşünürəm ki, hər addımbaşı üzləşdiyimiz belə «xırda» problemləri həll etmiriksə, yaxud etmək istəmiriksə, edə bilmiriksə, sistemi dəyişmək arzusu hər zaman «suya düşəcək». Məsələn, mən qəti əminəm ki, qonşusu, qohumları, ailə üzvləri ilə münaqişəsi olan adam milli münaqişələri, təbii ki, həll edə bilməyəcək. Bununla da bütün o «xırda» problemlərin girdabına düşərək, «əzəli, əbədi» mövzularımıza çevriləcək, bu mövzular onu (bizi) «çeynəyib, çürüdəcək».
Bir epizodla fikrimi illüstrasiya etmək istərdim. Bir dəfə bazarda çiyələk almaq istəyirdim, satıcı qadından soruşdum ki, sən canın, bu, şirindir, ya turş, düzünü de mənə. Qadın gülüb dedi ki, götür, dadına bax. Cavabında, çiyələyin yuyulmamış olduğuna görə dadına baxa bilməyəcəyimi bildirdim. Satıcı qadın: «Biz elə hər gün bunu yuyulmamış yeyirik, heç nə olmur ki», — dedi. Mən: «Siz alışmısınız, orqanizminiz dözür, öyrəşdirmisiniz bədəninizi». Qadın mənə nə desə yaxşıdır? «Siz də alışdırın da, nolasıdır?» Xeyirxah bir məsləhət verdiyinə şübhə etməyən bu toppuş qadın tam əmin idi ki, yuyulmamış meyvələri yeməyə insan özünü alışdırmalıdır. Və qətiyyən düşünmürdü ki, mənə belə ağıllı məsləhətlər verməkdənsə, bəlkə özü təmizliyə, meyvəni yeməzdən öncə yumağa alışsın?
Məncə, indi əksəriyyət o qadının məsləhəti ilə yaşayanlardır.
Avtobusa minirsən, sürücü ağzını belə açmadan, avtobusu elə idarə edir ki, adamın hansı tərbiyə və mədəniyyət sahibi olmasını dərhal bilirsən. Bu, insanları rahatsız edir, təfərrüatlara getmirəm, ictimai nəqliyyatdan istifadə edənlərin hamısına tanışdır bu mənzərə. Amma heç kim dillənmir. Alışmışıq. Vecimizə belə deyil, gündə yüzlərlə insanın taleyinə cavabdeh olan (qəza statistikasını xatırladım sizə) bu nadan və tərbiyəsiz şəxsin avtobusu bu cür idarə etməsi bizi hiddətləndirmir, amma ölkənin necə idarə edilməsindən narazıyıq.
…Amma və lakin, belə olmur axı? Bəlkə olur?…

Aynanın yeni köşə rubrikasından.

 

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (2 оценок, среднее: 10,00 из 10)
Oxunma sayı: 738