YUNESKO işğal altındakı ərazilərdə mədəni abidələri monitorinq edəcək
Dekabrın 18-də Parisdə YUNESKO-nun Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması üzrə Komitənin səkkizinci sessiyası çərçivəsində işğal edilmiş ərazilərdə mədəni mülkiyyətin qorunması haqqında sənəd qəbul edilib. Azərbaycan XİN mətbuat xidmətinin məlumatına görə, sənəddə Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması haqda 1954-cü il Haaqa Konvensiyası və onun iki protokolunda işğal edilmiş ərazilərə aid müddəaların hüquqi təhlili, həyata keçirilməsi mexanizmləri əksini tapıb.
Sənədin nəticə hissəsində işğal edilmiş ərazilərdə mədəni abidələrin qorunması ilə bağlı vəziyyətin monitorinq edilməsi məqsədilə YUNESKO texniki missiyaların göndərilməsinin mümkünlüyü qeyd edilib.
Sənəddə, həmçinin YUNESKO-nun Baş direktoru tərəfindən BMT-nin Təhlükəsizlik Şurası (TŞ) və Baş Assambleyasında qəbul ediləcək qətnamələrdə işğal edilmiş ərazilərdə mədəni mülkiyyətin qorunması məsələsinin diqqətə çatdırılması əksini tapıb.
Mətbuat xidməti bildiri ki, Ermənistanın işğal edilmiş ərazilərə müşahidə missiyalarının göndərilməsi və işğal edilmiş ərazilərdə mədəni mülkiyyətin qorunması məsələsinin BMT TŞ və Baş Assamblyeyaya çıxarılmasına etiraz etməsinə baxmayaraq sənəd qəbul edilib. Komitənin əksər üzvləri Azərbaycanın maraqlarına uyğun olan müddəaların sənəddə saxlanılmasını dəstəkləyib.
Sessiyada Komitənin Bürosuna yeni üzvlər də seçilib. Büroya Komitənin prezidenti qismində Belçika, vitse-prezidentlər qismində Azərbaycan, Misir, Kamboca və Mali, məruzəçi qismində isə Salvador seçilib.