Yollarda polis çox, yolların sahibi yox
Redaksiyamızın qarşısında “intellektual dayanacağı” iki ay olar hansı sürücüsə deyəsən gecə saatlarında bərbad günə qoyub, bu vaxtadək ağzı günə qalıb. Sanki onun sahibi yerli-dibli olmayıb. Tək bura belə deyilmiş. «Azeryolservis» ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev Trend-ə bildirib ki, 2012-ci il ərzində yol-nəqliyyat hadisələri zamanı 12 min poqonmetrdən artıq əyri xətli tir, 100-dən artıq yol nişanı, yol göstəriciləri, 200 poqonmetrə yaxın bardür və s. yol elementlərinə ziyan dəyib.
«Ümumiyyətlə, ötən il yola və yol qurğularına 3 milyon manatdan artıq ziyan dəyib. Bu günədək onlardan yalnız təxminən 45 min manatı ödənilib. Hətta elə sürücülər var ki, onlar məhkəmənin qərarlarına baxmayaraq, dəymiş ziyanı ödəməkdən imtina edirlər. Ona görə də adətən dəymiş ziyan «Azəryolservis» ASC-nin daxili imkanları hesabına aradan qaldırılır», — xidmət rəhbəri vurğulayıb.
Son olaraq yanvarın 26-da Bakı-Ələt-Qazax-Gürcüstan Respublikasının dövlət sərhədi avtomobil yolunun 10-cu km-də, Bibiheybət məscidinin yaxınlığında baş vermiş yol-nəqliyyat hadisəsi, yanacaq daşıyan yük maşınının partlayıb yanması nəticəsində yol və yol qurularına ciddi ziyan deyib.
Pünhan Mürsəliyev Trend-ə bildirib ki, yolun sağındakı divarın aqlay daşı ilə üzlənmiş 320 kv.m istinad divarı və daha 60 kv.m üst hissəsi, 191 kv.m rustlu daş, divarlardakı 332 kv.m aqlay karniz, 31 kv.m daraq, 1 ədəd işıq dirəyi, 4 ədəd göstərici yol nişanı, 36 poqonmetr səki daşı, 124 poqonmetr metal qoruyucu tirlər, 5 ədəd metal dayaq, yolun bəzək hissəsində 315 kv.m, səkidə isə 45 kv.m asfalt-beton örtüyü yararsız hala düşüb.
Yol-nəqliyyat hadisələri zamanı Nəqliyyat Nazirliyi, yol polisi və qəzanı törədən şəxsin iştirakı ilə akt tərtib edilir və həmin sənəddə yola və yol qurğularına dəymiş ziyan göstərilir. Qanuna əsasən, yola və yol qurğularına dəymiş ziyan qəzanın təqsirkarı tərəfindən ödənilməlidir. Lakin etiraf olunur ki, ödəmirlər və qanun da, polis də onların qarısında gücsüz imiş…
Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev Trend-ə bildirib ki, yük avtomobillərinin idarəedilməsi zamanı ara məsafələrin düzgün saxlanılmaması qəzalarin başlıca səbəbidir. Yəni, yük avtomobilləri sıralama ilə gedərkən ara məsafənin düzgün saxlanılmaması nəticəsində ötmə əməliyyatları zamanı ağır yol qəzaları baş verir.
Ötən il yük avtomobillərinin sürücüləri tərəfindən 157 yol-nəqliyyat hadisəsi törədilib və nəticədə 79 nəfər ölüb, 150 nəfər yaralanıb.
«İnzibati Xətalar Məcəlləsinin 151.1 maddəsinə əsasən, sürücülər buna görə məsuliyyətə cəlb olunurlar. Əvəllər cərimə 20 manat miqdarında idisə, indi 40 manatdır», — Əliyev bildirib.
Onun sözlərinə görə, bəzən yük avtomobili hadisənin birbaşa iştirakçısı olmasa da, ara məsafəni düzgün saxlamadığına görə qəzalara səbəb olur.
«Misal üçün, sürücü qarşısında bir yük avtomobilini görür və deyək ki, arxada onun qoşqulu olması barədə heç bir işarə yoxdur. Amma ötmə əməliyyatına başlayanda görür ki, onun qarşısındakı digər yük avtomobili ilə arasındakı ara məsafəsi düzgün saxlanılmayıb, yəni o yük avtomobilləri bir-birilərinə o qədər yaxın gedir ki, bu avtomobil artıq ötməyə başladısa və qarşıdan gələn nəqliyyat vasitəsi yaxınlaşırsa, o, bu iki avtomobilin arasına sağ zolağa keçə bilmir və bu da bəzi hallarda qarşı-qarşıya toqquşma ilə nəticələnir», — şöbə rəisi bildirib.
Əliyev deyib ki, yük avtomobillərinin ara məsafəsinə riayət etməməsi halları yol polisi əməkdaşları tərəfindən aşkar olunduqda sürücülər barədə müvafiq inzibati qaydada tədbir görülür və onlara bu hərəkətlərin nə dərəcədə təhlükəli olduğu izah edilir.
Bu aspektdə başqa bir xəbərə görə, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücülərin işini daha da asanlaşdırmaq üçün yenilik tətbiq edib. Paytaxt yollarının kənarlarında yerləşən Elektron İnformasiya Tablolarını (VMS) daha başadüşülən etmək üçün onlara yeniliklər əlavə edilib. Belə ki, istiqamətləri göstərən qrafiklərə küçə və prospektlərdəki dairələr də (misal üçün: Azneft dairəsi, Ukrayna dairəsi və s) əlavə olunub ki, bu da sürücülərin işini daha da yüngülləşdirir. Bundan başqa, tablolarda yollar hərəkət istiqamətləri üzrə əks olunub. Yazıların ölçüsü isə mümkün qədər böyüdülüb.
Qeyd edək ki, qrafik şəkildə təqdim edilən istiqamətlər nəqliyyat axınının intensivliyinə görə müxtəlif rənglər ilə qeyd olunur. Yaşıl rəngli qrafiklər yolun normal və sərbəst avtomobil hərəkəti mümkün olduğunu göstərir. Sarı rəngli qrafiklər yolun nisbətən yüklü və hərəkətin aşağı sürətli olduğunu mənasını verir. Qırmızı rəngli qrafiklər isə yolun tıxaclı olduğunu göstərir.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi 2011-ci ilin sonundan etibarən fəaliyyət göstərir. Mərkəzin əsas məqsədi ölkə yollarında nəqliyyatın hərəkətinin tənzimlənməsi və problemlərin aradan qaldırılmasıdır.