Yol statistikası: sərxoş sürücülər,avtoşlar,vəsiqəsi olmayanlar…
Yol Polisi mart ayı üzrə statistikanı açıqlayıb və bu rəqəmlər özlüyündə vətəndaşa qorxu saçır. Sərxoş sürücülər,avtoşlar,vəsiqəsi olmayanlar… Bakı Şəhər Dövlət Yol Polisinin ictimaiyyətlə əlaqələr şöbəsinin inspektoru Elvin Məmmədlinin APA-ya verdiyi məlumata görə, bu il paytaxt yollarında avtomobili sərxoş vəziyyətdə idarə edən 684 sürücü aşkarlanıb və onların haqqında lazımi inzibati tədbirlər görülüb.
E. Məmmədli qeyd edib ki, paytaxt ərazisində avtomobillərin sərxoş vəziyyətdə idarə olunması halına ən çox Nərimanov rayonu ərazisində rast gəlinir. Bu ay Nərimanov rayonunda 28 belə sürücü aşkarlanıb. Yanvarın 1-dən martın 23-dək, yol patrul xidmətinin əməkdaşları paytaxt yollarında avtoxuliqanlıqla məşğul olan 52 sürücünü saxlayıblar.
Bundan başqa, mart ayında Bakıda avtomobili sürücülük vəsiqəsi olmadan idarə edən 1123 şəxs aşkarlanıb. Məmmədli sürücülük vəsiqəsi olmadan nəqliyyat vasitəsini idarə edən şəxslərin Xətai rayonunda daha çox (84 nəfər) olduğunu bildirib.
Bu il Bakıda nəqliyyat vasitəsinin dövlət nömrə nişanı olmadan idarə olunmasına dair 455 fakt aşkarlanıb və sürücülər müvafiq qaydada cərimələniblər.