Muəllif:

Yol qəzalarının səbəbləri açıqlandı

Yol qəzalarının əsas başvermə səbəbi bir tərəfdən sürücülərin peşəkarlığının aşağı səviyyədə olması, digər tərəfdən piyadaların da yol hərəkəti qaydalarına əməl etməməsidir. ƏN Məhkəmə Ekspertizası Mərkəzinin rəhbəri Fuad Cavadov Trend-ə bildirib ki, son zamanlar sürücülərin piyada xəttinin tələblərinə əməl etməsində xeyli müsbət dəyişiklik hiss olunur. Lakin piyadalar bir sıra hallarda işıqforun tələblərinə əməl etmir, təyin olunmamış yerlərdən keçir ki, bu da qəzalara səbəb olur.

Cavadov bildirib ki, Prezident İlham Əliyevin yol qəzalarının səbəblərinin araşdırılması ilə bağlı imzaladığı sərəncamdan irəli gələn məsələlərin icra olunması gündəmdədir, bu istiqamətdə aktiv işlər aparılır.

Eyni zamanda, Cavadov yol nişanlarının qurulmasında olan nöqsanlardan da danışıb. O deyib ki, yol nişanlarının, əsasən, magistral yollarda ehtiyac olan yerlərdə qurulmasına fikir verilməlidir, çünki yüksək sürətlə hərəkət edən avtomobilin xəbərdar olunmadığı təqdirdə törətmiş olduğu qəza əksər hallarda ölümlə nəticələnir.

Mərkəz rəhbəri qəzaların ölümlə nəticələnməsinin səbəblərindən biri kimi köhnə Rusiya istehsalı olan avtomobillərdən istifadəni qeyd edib.

«Əgər bu gün Azərbaycanda avtomobillərin 30 faizi Rusiyanın köhnə istehsallı maşınlarıdırsa, ölümlə nəticələnən qəzaların 50 faizdən çoxu da onların payına düşür», — Cavadov deyib.

Cavadov Ekspertiza Mərkəzinin texniki imkanlarının son dövrlərdə təkmilləşdirildiyini qeyd edərək bildirib ki, bu, qəzaların başvermə səbəblərinin, təqsirkarın müəyyən olunmasına xeyli yardım edir.

«Misal üçün artıq dəqiq müəyyənləşdirmək olur ki, hər hansı bir mübahisəli şəraitdə dönmə nişanı yandırılıb, ya yox», — o deyib.

Cavadovun sözlərinə görə, artıq işıqforun qəza verən an hansı işarəni verdiyi də aydınlaşdırmaq mümkündür, həmçinin şəhərdə quraşdırılmış videomüşahidə kameraları da nəqliyyat hadisəsinin ekspertizası işinə kömək göstərir.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 152