Muəllif:

Yol polisinin rəyi ilə razı deyilsənsə, məhkəməyə müraciət et

Avtoxuliqanlıqla bağlı polisin rəyi ilə razılaşmayan sürücülər öz haqlarını məhkəmələrdə qoruya bilərlər. Əgər yol polisi tərəfindən hər hansı neqativ hala yol verilibsə, bununla əlaqədar sürücülərin dəlil və sübutları varsa, onları məhkəmələrə təqdim edə bilərlər.
Bu barədə məsələyə münasibət bildirərkən Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı Kamran Əliyev bildirib (Trend).
Şöbə rəisinin sözlərinə görə, avtoxuliqanlıq İnzibati Xətalar Məcəlləsinin 296-1-ci maddəsi ilə tövsif olunur. Orada göstərilir ki, avtoxuliqanlıq, yəni nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlərdir:
«Qanundan da göründüyü kimi yol hərəkəti qaydalarının davamlı olaraq və qərəzli şəkildə pozulması avtoxuliqanlıq kimi dəyərləndirilir. Yəni, məsələn, hər hansı avtomobilin yolda sola-sağa ötmə-manevretmə hərəkətlərini yerinə yetirmələri avtoxuliqanlıq deyil. Əgər hərəkət qərəzlidirsə, lakin davamlı, nümayişkəranə və əhalinin dincliyini pozan və ya hörmətsizlik ifadə edən deyilsə, bunu avtoxuliqanlıq kimi qiymətləndirmək olmaz.»
Kamran Əliyev qeyd edib ki, bütün hallarda avtoxuliqanlıqla bağlı son qərarı yol polisi əməkdaşları yox, məhkəmələr verir. Ona görə də, əgər hər hansı neqativ hal və ya haqsızlıq baş veribsə, buna məhkəmələrdə aydınlıq gətiriləcək:
«Avtoxuliqanlıq inzibati xarakter daşıdığından onunla bağlı qərarın verilməsi məhkəmələrin səlahiyyətindədir. Məhkəmədə qərar qəbul edilərkən məsələ araşdırılır və sürücünün əməlində, hərəkətlərində inzibati xəta əlamətlərinin olub-olmaması yoxlanılır, daha sonra həmin şəxs barəsində müvafiq qərar qəbul edilir. Hətta polis yolda sürücünü saxlayıbsa və onun barəsində avtoxuliqanlıqla bağlı protokol tərtib edibsə da, onun barəsində qərar verə bilməz. Qərarı yalnız məhkəmə verə bilər. Bu səlahiyyət yalnız məhkəmələrə aiddir. Ona görə də avtoxuliqanlıqla bağlı polisin rəyi ilə razılaşmayan sürücülər öz haqlarını məhkəmələrdə qoruya bilərlər. Əgər yol polisi tərəfindən hər hansı neqativ hala yol verilibsə, bununla əlaqədar sürücülərin dəlil və sübutları varsa, onları məhkəmələrə təqdim edə bilərlər.»
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 296-1.1-ci maddəsinə əsasən, avtoxuliqanlığa yol verən şəxslər nəqliyyat vasitələrini idarə etmə hüququ bir il müddətinə məhdudlaşdırılmaqla dörd yüz manatdan altı yüz manatadək miqdarda cərimə edilir və ya nəqliyyat vasitələrini idarəetmə hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur.

Məcəllənin 296-1.2.-ci maddəsinə görə, eyni hərəkətlərin il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə — nəqliyyat vasitələrini idarəetmə hüququ iki il müddətinə məhdudlaşdırılmaqla altı yüz manatdan səkkiz yüz manatadək miqdarda cərimə edilir və ya nəqliyyat vasitələrini idarəetmə hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 609