Yol polisini vurub qaçan avtoş məhkəməyə çıxarılıb
Yol polisinin ölümü ilə nəticələnən yol qəzası törədən sürücünün məhkəməsi başlayıb. Bakı Ağır Cinayətlər Məhkəməsində Dövlət Yol Polisi İdarəsi əməkdaşının ölümü ilə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Hüseyn İsmayılovun cinayət işi üzrə məhkəmə prosesinin hazırlıq iclasında məhkəmə baxışı aprelin 3-nə təyin edilib.
Baş Prokurorluğun hadisə ilə bağlı yaydığı məlumata görə, Sabunçu rayonu ərazisində yol hərəkəti qaydalarını kobud surətdə pozan VAZ 2107 markalı 10 MN 839 dövlət nömrə nişanlı avtomobilin sürücüsü, 1990-cı il doğumlu İsmayılov Hüseyn Rəfayıl oğlu həmin ərazidə xidməti vəzifələrini yerinə yetirən Yol Polis Xidməti Alayının inspektorları Ədalət Paşayev və Əhliman Səmədovun qanuni tələblərinə tabe olmayıb və yol hərəkəti qaydalarını pozmaqda davam edib: “Polis əməkdaşları sürücünün qanunazidd hərəkətlərinin qarşısını almaq məqsədi ilə Böyükşor şosesində xidmət aparan YPX əməkdaşlarına xüsusi rabitə vasitəsi ilə məlumat veriblər. Hüseyn İsmayılov avtomobili daha yüksək surətlə idarə edib, onu saxlamaq üçün yolun kənarında dayanmış YPX əməkdaşı Mehman Kərimovu vurub və hadisə yerindən qaçıb. Mehman Kərimov aldığı xəsarətlərdən hadisə yerində ölüb».
Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda CM 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma), 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə) maddələri ilə cinayət işi açılıb.
Rayon prokurorluğu və polis idarəsinin əməkdaşlarının həyata keçirdiyi istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Hüseyn İsmayılov tutulub, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.