Yol polisindən Bakıda məktəblərin ətrafında “təmizləmə əməliyyatı”
Yol polisi Bakıda təhsil ocaqlarının ətrafında “təmizləmə əməliyyatı” aparır. Xəbərdarlıqlara baxmayaraq, bu kimi yerlərin ətrafında dayanma, durma, parklanma qaydalarını pozduğuna görə xeyli sayda avtomobil müvəqqəti mühafizə olunan dayanacaqlara təxliyyə olunub.
Avtomobillər əsasən paytaxtın İnşaatçılar prospekti, İstiqlaliyyət, Rəşid Behbudov, Zərifə Əliyeva küçələri və digər küçələrdə yerləşən təhsil ocaqları qarşısından təxliyyə olunub.
Avtomobillər müvəqqəti mühafizə olunan dayanacaqlara təxliyyə olunmaqla yanaşı, sürücüləri yerində olmayan avtomobillər barəsində fotomateriallar hazırlanır, bəzi sürücülər isə yerindəcə cərimələnir.
Yol polisi bildirir ki, təhsil ocaqları ətarfında dayanma, durma, parklanma qaydalarını pozan bütün sürücülərə qarşı istisnasız olaraq tərəfimizdən ciddi cəza tədbirləri görüləcək.

