Muəllif:

Yol polisi intizamsız taksilərə qarşı amansız olacaq

Bakıda ictimai nəqliyyat vasitələrini idarə edən sürücülər arasında nizam-intizamın yaradılması və avtobuslarla bağlı yol-nəqliyyat hadisələrinin sayının minimuma endirilməsi məqsədilə tədbirlər görülməsi davam etdirilir. Bu barədə Trend-ə paytaxt Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov bildirib. Onun sözlərinə görə, bu məqsədlə idarənin əməkdaşları tərəfindən ötən gün paytaxtın 5 müxtəlif nöqtəsində — metronun «İnşaatçılar», «Elmlər Akademiyası», «Koroğlu», «Qara Qarayev» stansiyaları yaxınlığında və Hüseyn Cavid prospektindəki avtobus dayanacaqlarında tədbirlər keçirilib.
Avtobus dayanacaqlarını qanunsuz zəbt etdiyi üçün 38 taksi sürücüsünə inzibati protokol tərtib edilib. Onlardan bu xətanı ötən həftə ərzində təkrar törətdiyi üçün 4 nəfər barəsində təkrar protokollaşdırma aparılıb. Məlum olub ki, bu sürücülər ötən dəfə törətdikləri xətaya görə onlara tətbiq edilmiş cəriməni də ödəməyiblər.
Yol polisləri tərəfindən müvafiq kateroqiya olmadan avtobusu idarə etdiyinə görə 6, dayanacaqdan kənar yolların hərəkət hissəsində ikinci cərgədə dayanmış 9, sərnişinlərlə dolu avtobusla yanacaqdoldurma stansiyasına daxil olan 1, sürücülük vəsiqəsi olmadan avtobusu idarə edən 2, işıqforun qadağanedici işığından keçdyinə görə 1, qoşa xətti kəsib əks istiqamətli yol zolağına daxil olduğuna görə 2, yolayrıcıları keçmə qaydalarını pozan 3 avtobus sürücüsünə inzibati qaydada protokol tərtib edilib.
Bundan əlavə, yanvarın 1-dən fevralın 25-dək Bakı şəhəri ərazisində yol-hərəkətinin təhlükəsizliyinin təmin edilməsində yol polisi əməkdaşları tərəfindən 94 mindən artıq inzibati protokol tərtib edilib. Bunlardan 455-i avtomobilin sərxoş halda idarə edilməsinə, 1942-si işıqforun qırmızı işığında hərəkət etməyə, 4156-sı sürət həddinin aşılmasına, 681-i sərnişindaşıma qaydalarının pozulmasına, 27-si avtoxuliqanlığa, 1156-sı sürücülük vəsiqəsi olmadan avtomobilin idarə edilməsi, eləcə də 16244-ü piyadaların yol hərəkət qaydalarını pozmasına görə tərtib edilib.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 136