Muəllif:

Yeznə, gəlim?

Ankara

Avropa Parlamentinin Demokratiyaya Dəstək və Seçki Koordinasiya Qrupu Azərbaycanda keçiriləcək prezident seçkilərinə müşahidəçi göndərməmək qərarına gəlib. Bəzi seçki mütəxəssisləri avropalıların Azərbaycanda insan haqları sahəsindəki vəziyyətin dözülməz olması səbəbilə belə qərar qəbul etdiyini deyir. Azərbaycan hakimiyyəti isə qərarı ölkədə seçkilərin müşahidəsinə ehtiyac olmaması ilə izah edir. Azərbaycanın adını müşahidə olunası ölkələr siyahısından çıxaran qurum isə heç bir izahat vermir — müşahidəçi göndərmir, vəssalam…
Avropa Parlamenti isə hələ müşahidəçi göndərib-göndərməmək məsələsini ölçüb-biçir — son qərar sentyabrın 5-də veriləcək. ATƏT Parlament Assambleyası da Azərbaycandakı seçkini müşahidə etməyə lüzum görməyib. Bəhanə budur ki, ATƏT PA-nın payız sessiyası parlament seçkiləri ilə üst-üstə düşür. Azərbaycanlı deputat Azay Quliyev isə ATƏT Parlament Assambleyasının Azərbaycanda seçkilər sarıdan narahat olmadığı üçün belə qərar verdiyini deyir. İndiyə qədər Azərbaycanda seçkilər sarıdan az-çox narahat olan digər quruma — ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosuna isə hələ dəvət getməyib.
Optimist seçki mütəxəssisləri Avropa strukturlarının Azərbaycana müşahidəçi göndərmək məsələsindəki həvəssizliyini insan haqları sahəsindəki dözülməz vəziyyətlə izah edərək təsəlli tapmağa çalışsalar da, əslində vəziyyət insan haqları sahəsindəki dözülməz vəziyyətdən belə daha acınacaqlıdır. Qərb Azərbaycandakı seçkiləri boykot etmir, belə olsaydı, müşahidəçi göndərməmə qərarının motivi konkret və açıq şəkildə ifadə olunardı. Avropa bu davranışıyla Azərbaycandakı seçkiləri, demokratiyanı, insan haqlarını neft-qaz və kürü diplomatiyasına qurban verdiyini konstatasiya edir. AP müşahidəçilərinin birinin «Azadlıq» radiosuna dediyi kimi, Avropa Azərbaycan hakimiyyətini qəzəbləndirmək istəmir: «Bakı Avropa Birliyi üçün mühüm boru kəmərlərinə dair qərarlar verir. Aydındır ki, seçki azad və ədalətli olmayacaq. Missiya göndərib, həqiqəti demək hökuməti qəzəbləndirərdi, heç nə deməmək isə missiyanın ümumiyyətlə niyə getməsi barədə sual yaradardı». Bəli, məsələ bu qədər sadədir — Avropa həm sifətini qorumağa, həm də Azərbaycan hakimiyyətini qəzəbləndirmədən umduğunu almağa çalışır. Azad seçki, demokratiya, insan haqları olmasa da olar…
Əslində isə Qərb müşahidəçilərinin Azərbaycandakı seçkiləri müşahidə etməsiylə, etməməsi arasında prinsipial bir fərq yoxdur. Fərd olaraq ayrı-ayrı müşahidəçiləri nəzərə almasaq, indiyə qədər toplu halda Azərbaycandakı seçki saxtakarlığına birmənalı şəkildə etiraz edən yeganə missiya 2003-cü ildə ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun xəttiylə prezident seçkilərini müşahidə edən 188 nəfərlik qrup olub. Bu qrup da bütövlükdə ATƏT DTİHB missiyası deyil, onun bir hissəsiydi. Azərbaycanda baş verən saxtakarlıqları və zorakılıqları obyektiv şəkildə qeydə alan və açıq şəkildə ifadə edən bu 188 nəfərlik qrupdan başqa heç bir Qərb missiyası seçkilərlə bağlı obyektiv rəy bildirməyib. Ən ciddi saxtakarlıqlarla müşayiət olunan seçkilər belə ATƏT, AŞ PA hesabatlarına «demokratiyaya doğru bir addım» kimi düşüb. Andreas Qross və Andres Herkel kimi vicdanlı məruzəçilər istisna olmaqla, Avropa Şurasının bütün təmsilçilərinin missiyası demokratiya və insan haqları sahəsindəki biabırçı durumu təsbit etmək deyil, Azərbaycan hakimiyyətinin ölkədə demokratiya ümidlərini dəfn etməsinə yardım etmək olub. Bundan sonra seçkini müşahidə etməyə gəlsələr nə olacaq, gəlməsələr nə…

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 359