Muəllif:

Yepiskop: «Təəssüflər olsun ki, gürcü müsəlmanlarının dini duyğularını tapdalamaq adi hal alıb»

Gürcüstanın Evanqelist-Babtist kilsəsinin baş yepiskopu Malxaz Sonğulaşvili müsəlmanları müdafiə edən bəyanat yayıb. Bəyanat Liberali.ge saytında dərc olunub. Gürcüstan müsəlmanlarına müraciət edən yepiskop öncə 132 il bundan əvvəl Acarıstanın Gürcüstanına qovuşduğu vurğulayıb:
”Biz gürcü xristianları, həmişə sizin adət-ənənələrinizin və dininizin keşiyində durub sizi müdafiə edəcəyik. Heç kəs sizin dininizə, ailənizə, adət və ənənələrinizə toxuna bilməyəcək. Təəssüflər olsun ki, nə bizdən əvvəlkilər, nə də biz bu verilən sözə əməl etdik. Bizim müsəlman qardaş və bacılarımızın ümidlərini puça çıxartdıq. Biz bu günlərdə böyük xainliyin şahidi olduq. Adügün rayonu xristian və müsəlmanların Gürcüstanda ən rahat yola getdiyi bir yerdir. Racadan köçkün olmuş xristianların yanında əsl qardaş kimi Acarıstanda yaşayan müsəlmanlar durdular və zamanında onlara yardım etdilər ki, özlərinə kilsə tiksinlər. Məhz belə bir kənddə xristian və müsəlman qardaşları arasında böyük fitnə yaratdılar. Məscidin minarəsini sökdülər və öz dinini qorumağa qalxan 80 yaşlı qoca, ixtiyar bir adamı rəhmsizcəsinə döydülər. Bu cür vəhşiliyi adını isə qoydular ki, Çala kəndində tikilən məscidin minarəsi qanunsuz qoyulub. Birincisi, Gürcüstanda elə bir qanun mövcud deyil ki, minarənin və ya buna bənzər bir şeyin qoyulması icazə ilə olsun və ikincisi də anlamaq çox da çətin deyildi ki, minarə məscid arxitekturasının bir atributudur. İstəyirəm inanam ki, baş verənlər həqiqətən də cahilliyin və savadsızlığın bir nəticəsidir. İstəmirəm düşünəm ki , Gürcüstanda müsəlmanlar və xristianlar bir-birini yeyəcəklər. Ancaq fakt olaraq, görürük ki, artıq Gürcüstanda İslamofobiya artır. İnanın mənə, bu odla oynamaqdır. Gəlin, nə qədər ki, gec deyil, özümüzü ələ alaq. Gəlin, bizim müsəlman qardaş və bacılarımızın saflığından və səbirli davranmalarından istifadə etməyək. Onlar səbr edirlər ki, bir gün haqq qələbə çalacaq.”

Bəyanatda daha sonra deyilir: “Təəssüflər olsun ki, gürcü müsəlmanlarının dini duyğuları ayaqlar altına atmaq adi hala gəlib çatıb. Mən bu bəyanatı yaza-yaza düşünürəm ki, görəsən, nə mənası var bunu yazmağın? Kimdir buna Gürcüstanda qulaq asan, dinləyən? Ümumiyyətlə, Gürcüstanda İslamofobiya kökündən qazılıb, atılmalıdır. Əgər hakimiyyət bu məsələyə yenə bacarıqsız olub, laqeyd yanaşsa, onda hamımız birgə əl-ələ verək, qalxaq bizim müsəlman bacı-qardaşlarımızın haqqını qoruyaq, müdafiə edək. Şairlər, yazıçılar, rahiblər, tanınmışlar — hamı əl-ələ verək, gəlin, onların haqqını tapdalanmağa qoymayaq. Urmiyada olanların burdadamı baş verməsini gözləməliyik? Hər kim özünü əsl xristian hesab edir, onlar müsəlmanlardan xristianlığın adından etdiklərimizə görə üzr istəsin” (APA).

Millət vəkili, Azərbaycan-Gürcüstan parlamentlərarası dostluq qrupunun rəhbəri Qənirə Paşayeva da Gürcüstanda məscidin minarəsinin sökülməsi kimi adi olmayan hadisəyə
münasibət bildirib. Qənirə Paşayeva deyib:
«Gürcüstanda daha bir məscidin minarəsinin sökülməsi bizi çox ciddi şəkildə narahat edən məsələdir və buna görə çox təəssüflənirik. Bu ölkədə yaşayan soydaşlarımız bununla bağlı Gürcüstanın rəsmi qurumlarına müraciət etməklə yanaşı, bizə də müraciətlər göndərirlər. Bu kimi hadisələr Avropa dəyərlərinə inteqrasiya yolunu tutmuş bir ölkəyə bu yaraşmır”.

Paşayevanın sözlərinə görə, bu hadisədə təxribatı xarakterli məqamlar var və bununla Gürcüstan-Azərbaycan münasibətlərinə mənfi təsir göstərirlər: “Bu addımlar dayandırmalıdır. Minarə uçurtmaq, dağıtmaq, çox mənfi hadisələrdir. Hesab edirəm ki, bu, Gürcüstanda yaşayan azərbaycanlıların dini həssaslığına toxunmaqla bərabər, Gürcüstan-Azərbaycan münasibətlərinə də mənfi təsir göstərir”.

Paşayeva qeyd edib ki, hadisə ilə əlaqədar Azərbaycan-Gürcüstan parlamentlərarası dostluq qrupu adından etiraz məktubu yazılıb və məktub Gürcüstanın müvafiq dairələrinə göndəriləcək.

Bəlli olduğu kimi, bu yaxınlarda əhalisi əsasən müsəlmanlardan ibarət Çela kəndində yerləşən məscidin minarəsi pravoslav icmanın tələbindən sonra dağıdılıb. Buna qarşı çıxan Gürcüstan müsəlmanları etiraz aksiyaları keçiriblər. Aksiyalar zamanı bir neçə nəfər xəsarət alıb. Həbs olunanlar var.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 223