Yeni Zelandiya yolları bizim velosipedçiləri gözləyir
Azərbaycanın ilk peşəkar velosiped komandası «Synergy Baku Cycling Project»in yeni mövsümdə çıxış edəcəyi ilk yarış artıq bəllidir. Azərbaycan Velosiped İdmanı Federasiyasının mətbuat xidməti
bildirir ki, komandamız gələn il yanvarın 29-dan fevralın 2-dək Yeni Zelandiyanın Manavatu şəhərində keçiriləcək «Cycle Classic» veloyürüşündə mübarizə aparacaq.
«Synergy Baku» 2013-cü ildə Beynəlxalq Velosipedçilər İttifaqının xətti ilə keçirilən Avropa və Asiya turlarında üst-üstə 14 dəfə qələbə sevinci yaşayıb və bu səbəbdən də kollektivin adı Yeni Zelandiya turunda favoritlər sırasında çəkilir.
Komandanın meneceri Deyvid Makkveydin sözlərinə görə, Yeni Zelandiya turu öncəsi «Synergy Baku» Avstraliyanın Melburn şəhərində təlim-məşq toplantısı da keçəcək. O, həmçinin bildirib ki, heyəti yenilənmiş kollektivdə aparılan kadr dəyişiklikləri ilə əlaqədar gələn il komanda üzvlərinin orta yaşı 25-ə bərabər olacaq. Xatırladaq ki, 2013-cü ildə müvafiq göstərici 27 yaş olub.