Muəllif:

Yeni təhsil modelinə keçid mərhələli olacaq

Ölkəmizdə təhsil islahatının yeni mərhələsi gedir. Belə ki, təhsil sistemi dünya təcrübəsi əsasında yeni modellər istiqamətində qurulmalıdır. Bu yeniləşmə 12 illik təhsilə keçid tələb edir. Ölkəmizdə 12 illik ümumi təhsilə keçid strateji hədəf kimi müəyyənləşdirilib. Hökumət 12 illik təhsil modelinə mərhələli şəkildə keçməyi planlaşdırır. 12 illik ümumi təhsilə keçidin təmin olunması üçün mövcud təhsil standartı və kurikulumların yenilənməsi, tam orta təhsil pilləsində təlimin istiqamətlər üzrə aparılması nəzərdə tutulub. Ən əsas məqamlardan biri ondan ibarətdir ki, 12 illik ümumi təhsil sisteminə keçidlə əlaqədar ölkəmizdə 10 illik icbari ümumi orta təhsil və 2 illik tam orta təhsil modeli tətbiq olunacaq. Bu sahədə yeniliklərdən biri və məncə, ən mühümü tam orta təhsil səviyyəsində təhsil müəssisələrinin müxtəlif istiqamətlər üzrə bölünməsidir.
Onu da qeyd edək ki, 12 illik təhsil sistemi modeli artıq dünya ölkələrində çoxdan tətbiq olunur. Son statistik məlumatlara görə, belə ölkələrin sayı 170-i ötüb. Çox az sayda ölkədə ümumi təhsilin müddəti 11 il təşkil edir. Kanada, Fransa, Hollandiya və Çexiyada ümumi təhsilin müddəti 14, Almaniya, Böyük Britaniya, İsveç, Avstraliya və Yeni Zelandiyada 13 ildir. ABŞ, Finlandiya, Cənubi Koreya, Polşa və bir sıra digər ölkələrdə isə ümumi təhsilin müddəti 12 ildir.
Təhsil müddətinin artırılması səbəbsiz deyil. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının məlumatına görə, hər hansı ölkədə istənilən təhsil pilləsi üzrə təhsil müddətinin bir il artırılması ölkədə Ümumi Daxili Məhsulun 3-6 faiz artımına gətirib çıxarır.
Təhsil Şurasının sədri Əjdər Ağayevin sözlərinə görə, 11 illik təhsildə təhsil proqramları ödənilməyəndə dünya ölkələrində buna natamam təhsil kimi baxırlar. Ona görə də təhsil sisteminin proqramları uyğunlaşdırılmalıdır. Artıq təhsilin 12-ci ilində dərinləşdirilmiş fənlər olacaq: «Tutaq ki, təbiət və riyaziyyat üzrə gələcəkdə ali təhsil almaq istəyənlər dərinləşdirilmiş istiqamətdə 12-ci sinifdə oxuyacaqlar. Və yaxud humanitar sahədə oxumaq istəyənlər o sahə üzrə təhsil alacaqlar».
Ağayevin fikrincə, gələcək peşə qazanmanın ilk özülü 12-ci sinifdə qoyulacaq istiqamətlərin müəyyənləşdirilməsidir: «Bu gün ali məktəblərin birinci kursunda oxuyan tələbələrlə söhbət edəndə görürsən ki, yarısı «mən bura daxil olmaq istəmirdim. Mənim arzum başqa ixtisas üzrə təhsil almaq idi. Ancaq balım bura çatdı» deyir. Bax bu cür məsələlər aradan qaldırılacaq. Bu bir il ərzində onlar düşünüb-daşınıb, hazırlaşıb dəqiq istiqamət müəyyənləşdirəcəklər».
Hazırkı təhsil sistemimizin 12 illik təhsil sisteminə hazır olub-olmamasını cavablandıran ekspert qeyd etdi ki, 12 illik təhsilə keçid üçün fəaliyyət proqramı və digər proqramlar hazırlanmalıdır:»Keçid üçün vaxt lazımdır. Təkcə 12 illiklə məsələ həll olunmur. Amma keçid mümkündür. Hazırlığa qalsa, təhsil məktəblərinin vəziyyəti onsuz da bərbaddır. Ancaq söhbət təşkilati hazırlıqdan gedir».
Azad Müəllimlər Birliyinin sədri Məlahət Mürşüdlü də hesab edir ki, 12 illik təhsilə keçid Azərbaycan təhsil sisteminin, xüsusən də orta məktəb bölümünün Avropaya inteqrasiyasında yeni imkanlar açacaq. Belə ki, orta məktəblərdə təhsilin bu istiqamətdə aparılması məktəblər qarşısında geniş imkanlar yaradacaq. Bundan əlavə, təhsil şagirdlərə bilik və bacarıqlar imkanı qazandıracaq. Proqramların dəyişdirilməsi, daha da modernləşdirilməsi, 21-ci yüzilliyin fənlərinin orta məktəbdə daha geniş tədris olunmasına imkan yaradacaq».
AMB sədri hesab edir ki, 12 illik təhsilə keçid həmçinin hazırkı dövrdə çox məşhur olan repetitorluğun qarşısının alınmasına kömək edəcək. «Orta məktəb təhsilinin yuxarı pilləsində təmayüllər üzrə təlimin aparılmasına imkan yaradacaq. Uşaqların dərsə davamiyyəti bərpa olunacaq. Xüsusən yuxarı siniflərdə işləyən müəllimlərin sosial vəziyyətinin yaxşılaşması üçün şərait yaranacaq. İdarəetmədə yeni innovativ üsullardan istifadə olunması imkanlarına yol açacaq. Bu da Azərbaycan orta təhsilinin Avropaya inteqrasiyasına gətirib çıxaracaq».
Ekspertin fikrincə, birdən-birə 12 illik təhsilə keçid mümkün deyil. Belə ki, bu işin mərhələlərlə aparılması lazımdır və əvvəlcə pilot məktəblərdə eksperiment kimi həyata keçirilməlidir. İqtisadi əsasları öyrənilməli, kənd məktəblərində hansı nəticə verəcəyi ortaya çıxarılmalıdır. Mərhələli keçid müəyyən tədqiqatlara əsaslanaraq həyata keçirilməlidir:
«Ölkələr var ki, 12 illik təhsili tətbiq edir. Onların təcrübəsinin, mənfi və müsbət cəhətlərinin öyrənilməsi, Azərbaycan mühitinə adaptasiyası lazımdır. Biz müəyyənləşdirməliyik ki, Avropa, MDB ölkələrinin təhsil sistemindən hansı elementləri Azərbaycana tətbiq edə bilərik. «Köklü araşdırmalardan, 2-3 illik eksperimentlərdən sonra bu təhsil sisteminə keçid mümkün ola bilər. Təbii ki, bu prosesə keçid ibtidai sinifdən başlayacaq».
Qazaxıstan təhsil sisteminin təcrübəsindən danışan ekspert bildirib ki, ölkə 2003-cü ildən 12 illik təhsilə keçidi hədəfləyib. Belə ki, onlar bunu 8 məktəbdə eksperiment kimi aparıblar. Hazırda 45 məktəbdə həyata keçirilir. Gələn ildən artıq bu, bütün ölkə üzrə mərhələli şəkildə tətbiq olunacaq. 2020-ci ildə onlar bu prosesi başa çatdıracaqlar. Demək, proses üçün 17 il vaxt lazım olub.
«Biz də birdən-birə deyə bilmərik ki, bu gün Azərbaycanın təhsil sistemi, onun proqramları, onu idarə və tədris edənlər bu keçidə hazırdır və gələn il bu prosesə başlaya bilərik. Bu, qeyri-mümkündür. Bu, sovet dönəmindəki 6 yaşlıların təhsilinə bənzəyəcək. Azərbaycan ittifaq respublikaları arasında bunu eksperimentsiz və hazırlıqsız birinci tətbiq etməyə başladı. Sonra da imtina etməli oldu. Eyni vəziyyəti yaşamamaq üçün, düşünürəm ki, mərhələli, düşünülmüş bir addım olmalıdır. O cümlədən, Ukrayna da 12 illik təhsilə keçib. Onların bu təhsil sistemindən imtina etmək məsələləri müzakirə olunur. Təbii ki, bu prosesin tərəfdarları ilə bərabər əleyhdarları da var. Birbaşa təhsil naziri sual qoyur ki, «12 illik təhsil bizə nə verdi? Biz bundan imtina etsək, daha yaxşı olar. Bax bu, həmin tələskən keçidin nəticəsidir. Düşünürəm ki, bizim təhsil sistemində də 12 illiyə keçiləndə tələskənliyə yol verilməməlidir».

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 283