Yeni prospektin istiqaməti bəlli oldu
Bakının mərkəzindən Olimpiya stadionuna qədər inşa ediləcək yeni yolun istiqamətləri açıqlandı. Bu barədə Trend-ə Nəqliyyat Nazirliyi «Azəryolservis» ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev məlumat verib. Onun sözlərinə görə, Heydər Əliyev və Ziya Bünyadov prospektlərinə parallel nəzərdə tutulan bu yol başlanğıcını Həsən Əliyev küçəsinin sonundan götürməklə birbaşa Olimpiya stadionuna qədər uzanacaq.
Yolun ümumi uzunluğu 7 km-dən artıq, hərəkət zolaqlarının sayı isə 6 olacaq. Yol boyu tunellərin, yolötürücülərin tikintisi planlaşdırılır.
Yol istifadəyə verildikdən sonra mərkəzdən Olimpiya stadionuna birbaşa hərəkəti təmin etməyə, Heydər Əliyev prospektində hərəkət intensivliyini azaltmağa, Azadlıq meydanı — Heydər Əliyev adına Beynəlxalq Hava Limanı avtomagistralına və Olimpiya stadionuna maneəsiz, tıxacsız, sürətli bağlantılar yaratmağa imkan verəcək.
Yolun çəkilişinə yaxın vaxtlarda başlanacağı gözlənilir.