Yeni media «racon»u…
Keçən həftə iki əsas xəbər mənbəyimdən biri olan «Tvitter»də (digəri «Feysbuk»du) dolaşarkən gözüm bir fotoya sataşdı. Fotonu paylaşan Türkiyənin fəal sosial media istifadəçilərindən biriydi. Bir desert fotosunu paylaşıb, altından da «Dostlar, təcili deyin, bu, yeyilə biləcək bir şeydirmi, burada atmosfer çox elit olduğu üçün soruşa bilmirəm» deyə «Tvitter» əhlinə sual ünvanlamışdı. Adamın fotonu çəkdiyi yerin tam qarşısında isə çox tanış bir sima vardı — Türkiyə prezidenti Abdulla Gül. Az sonra Çankaya Köşkünün rəsmi «Tvitter» hesabından rəsmi fotolar paylaşıldı — Türkiyə prezidenti tanınmış sosial media mütəxəssislərini Çankaya Köşkünə yeməyə dəvət etmişdi. Prezidentlə birgə nahar edən 6 sosial media mütəxəssisi isə o yeməyi «Tvitter»dən «canlı yayınlayırdı». Sonra isə prezidentin özü «Tvitter»də yeməklə bağlı məlumatı və düşüncələrini bölüşdü, «onlardan çox şey öyrəndim» dedi…
Abdulla Gülün mediaya və xüsusilə sosial mediaya münasibətini Türkiyə siyasətinə az-çox bələd olan hər kəs bilir. Türkiyə prezidenti ideoloji baxışından, siyasi meylindən, dini dünyagörüşündən, mövqeyindən asılı olmayaraq bütün media təmsilçilərinə eyni məsafədə dayanmağı, media ilə gərginlikdən uzaq durmağı və bütün cinahlardan olan jurnalistlərin rəğbətini qazanmağı bacaran çox az saylı siyasətçilərdəndir. Abdulla Gül «problemləri həll etmək üçün internetdən şüurlu istifadəni artırmaq lazımdır» deyərək internetdə senzuraya və qadağalara qarşı çıxacaq; yalnız nəhəng media quruluşlarına deyil, siyasi rejimlərə belə meydan oxuyan sosial mediadan Çankaya Köşkü ilə xalq arasındakı məsafəni yaxınlaşdırmak üçün bir vasitə kimi istifadə edəcək; «Tvitter»də onu izləyənlərə o yaxınlığı hiss etdirmək üçün mesajlarını şəxsən özü yazacaq qədər ağıllı siyasətçidir. Bu baxımdan Türkiyə prezidentinin sosial media mütəxəssisləri ilə səmimi «ev» atmosferində yemək yeyib söhbət etməsi təəccüblü deyil. Amma ibrətamizdir! Xüsusilə də başqalarının normal, adi davranışlarını belə sızıltı qarışıq həsədlə izləyən biz azərbaycanlılar və bizə bənzər toplumlar üçün…
Azərbaycan mətbuatına, çox nadir istisnalarla tutarlı müsahibə verməyi özlərinə yaraşdırmayan bizimkilərin media və ya sosial media təmsilçilərinə ev atmosferində ziyafət verdiyini təsəvvür edə bilərsinizmi?
Bizimkilərin sosial media təmsilçiləriylə bir masa arxasında oturub rahat söhbətləşməsi, gülməsi, zarafat eləməsi, «sizdən bir çox yeni şey öyrəndim» deməsi; o «ünsür»lərin telefonla saniyə-saniyə foto çəkib, anında onları sosial mediada paylaşması görə biləcəyimiz ən təəccüblü mənzərələrdən biri olardı hər halda…
Güclü, inkişaf etmiş mediası və medianı sevməsə belə onunla hesablaşan siyasi elitası olan ölkələrlə müqayisəni bir kənara qoyaq.
Bizim iqtidar nümayəndələri avtoritarizmin gücləndirilməsinə xidmət edən bütün addımlarda və demokratiya imitasiyasında nümunə götürdüyü Rusiya prezidenti Vladimir Putin qədər belə yerli mediayla barışıq deyil. Putin jurnalistləri Kremldə yeməyə dəvət etməsə də, heç olmasa, ildə, iki ildə bir dəfə böyük mətbuat konfransı keçirir; jurnalistlərin suallarını cavablandırır. Xoşuna gəlməsə belə, bir neçə saat ona sual verən jurnalistlərə dözür. Düzdü, rus jurnalistlər bu bir günlük dözümü və zorakı təbəssümləri Putinin demokratiya imitasiyasının bir hissəsi kimi dəyərləndirirlər, amma hətta bu şouda belə mediayla hesablaşma elementi var. Digər tərəfdən, şou olsa belə, bu mətbuat konfransları media mənsublarının avtoritar lider qarşısındakı xofunun azalmasına gətirib çıxarır. Putinin son mətbuat konfransı bunun ən ciddi örnəklərindən biriydi — rus jurnalistlər özləri belə özlərinin cəsarətinə təəccüblənmişdilər…
Bu o deməkdir ki, iqtidarda olduğu dövr ərzində Rusiyanı öldürülən, döyülən jurnalistlərin sayına görə «lider» ölkələr sırasına çıxaran Putin belə artıq bu günkü dünyada bu şəkildə davam etməyin mümkün olmadığını başa düşür. Çünki media artıq sadəcə sudan ucuz qiymətə satın alına bilən jurnalistlərdən, qəzetlərdən və televiziyalardan ibarət deyil. «Feysbuk», «Tvitter», «Yutub»,»Livjurnal», «Vkontakte» kimi 2.0 proqramlar yalnız ənənəvi mediaya meydan oxumur, həm də «çökməz» deyilən rejimlərin çöküşündəki amillərdən ən azı birinə çevrilir. Ənənəvi mediada hədəf müəyyənləşdirmək, cəza kəsmək, qorxutmaq, yön vermək, sifariş üsuluyla çalışmaq asandı. Yeni mediada isə bunları etmək çox çətindi, hətta mümkünsüzdü. Yüzlərlə «tənzimləyici»ni sosial mediaya qarovul qoysan belə, sosial medianı «buxovlamaq» perspektivsiz niyyətdi…
Bizimkilər bunu qəbul etmək istəmir — ənənəvi mediaya tətbiq etdiyi zorakılığa, təhdidə, şantaja, xofa əsaslanan «racon»la yeni medianı da yönləndirməyə çalışırlar. Amma unutduqları bir şey var — yeni mediada «racon»u iqtidarlar kəsmir. Ağıllı iqtidarlar kəsilən «racon»la hesablaşır…
Aynanın yeni köşə rubrikasından.