Muəllif:

Yenə əlsıxma olmayacaq

Seçki günü səhər öz vətəndaşlıq borcumu yerinə yetirmək üçün məntəqəyə gedəndə və qanunsevər bir adam kimi kamali-ədəblə borcumu yerinə yetirib, dumanlı fikirlər içində oradan çıxıb işə yollananda beynimdə bu fikir dolaşırdı: kaş nəticə mübahisəli olmayaydı, kaş məğlub iddiaçı kişi kimi qalibin əlini sıxa, ona qarşıdakı müddətdə uğurlar arzu edəydi… Biz də bir millət və ölkə olaraq özümüzə görə adamlarıq, yaxşılığımızı istəməyən isə dörd yanımızda nə çox, onların yanında dili gödək olmayaydıq.
İşdə oturub bütün günü informasiya axınını izləyəndə də bu fikir məni tərk etmirdi. O saatlarda xarici müşahidəçilər bir ucdan hər şeyin normal getdiyini qeyd edirdilər, zatən onların yerinə kim olsa, belə deyərdi — normal bir görüntü vardı.
Özüm gördüm — məntəqə komissiya üzvləri sakitcə əyləşiblər, sol əlimin baş barmağını mürəkkəblədilər, şəxsiyyət vəsiqəmi təqdim etdim, dəftəri açdılar, adımı tapdılar, qol çəkdim, bülleteni aldım, keçdim qırmızı pərdənin arxasına (sovet vaxtı da qırmızı pərdə olardı), seçim elədim, atdım şəffaf qutuya (içərisində bir xeyli bülleten olduğu görünürdü). İçəridə milçək uçsa, səsi eşidilərdi. Müşahidəçilər tərəfə baxdım, quzu kimi səssiz idilər, yəqin hər şey normal gedirdi ona görə. Məntəqədən çıxdım.
Burda şübhəli nə vardı ki, hər şey gül kimi. Yoxsa keçən dəfəki… Onda az qalmışdı qalmaqal qopsun. O dəfə elə bura səs vermək üçün gələndə (25 ildir bu məntəqəyə səsverməyə gəlirəm), adımın qarşısından kimsə «s» hərfi ilə başlayan dikinə bir qol çəkmişdi. Adımdan öncəki və sonrakı qrafalarda bu adla başlayan ad, soyad, ata adı yox idi. Bu əsrarəngiz imza kimin idi, niyə gəlib bura çıxmışdı? — sadəlövhcəsinə təəccüb edirdim. Komissiya sədrinin isə dili topuq vururdu. Müəllimi elə bil oğurluq üstündə tutmuşdum, deyəsən məni tanımışdı, yazıq bilmirdi nə desin, yalvarırcasına, «qardaşcasına» deyirdi ki, «yanlışlıq olub, siz də nə olar altdakı qrafadan qol çəkin…». Tərsliyim tutmuşdu, dedim «öz adımın qarşısından özüm qol çəkmək istəyirəm, o kimdir mənim adımın qarşısından qol çəkib?». Ürəyimdə isə gülürdüm, qısası onun adını pozdular, özüm öz adımın qarşısından qol çəkdim və məsələni ictimailəşdirmədən getdim.
Bu dəfə müsbət irəliləyiş vardı: adımın qarşısı tərtəmiz idi. Səliqə ilə, məmnunluqla qol çəkdim. Məktəbin həyətində «exit-poll» qutusu qoyulmuşdu. Maraq naminə yaxınlaşdım, gülərüz «exit-poll»çu qız dedi ki, biz hər 10-cu adamdan rəy soruşuruq, say hələ tamam deyil… Mənim rəyim qeydə düşəsi olmadı.
Yol uzunu düşünürdüm: hər 10-cu seçicidən rəy!? Nə isə, yamanca maraqlı şərt idi. Nə qədər vurub-böldümsə, bu «onda bir»dən hərənin səs payını necə müəyyənləşdirə biləcəklərini bir yana çıxara bilmədim.
Günortadan sonra axşama doğru xəbərlər axınında qara-qura xəbərlər çoxlaşmağa-bollaşmağa başlayanda dalağım sancdı: tanış «karusel»lər, «paçka basmaq», müşahidəçinin döyülməsi, məntəqədən qovulması, prosedur pozuntuları və s. İtoynadan cavanların haralardansa əldə etdikləri biabırçı saxtakarlıq süjetləri də bir yandan İnterneti doldurmağa başlamışdı… Paho, mərəkə başlanır, yenə köhnə hamam, köhnə tas, başımız heç dəyişməyibmiş, Sabir demiş «haman hamanız». Kədərlə düşündüm ki, yenə əlsıxma olmayacaq, bu adamı riqqətə boğan siyasi mənzərəni görə bilməyəcəyik.
Sonrakı bu iki gündə məsələ daha qəliz şəkil alanda, seçkimizin, əgər buna seçki demək mümkündürsə, anatomiyası daha çılpaqlıqla sərgilənəndə bütün bu işlərin bizi bir ölkə və bir millət olaraq daha arzuedilməz aqibətlərə ürcah edəcəyinin fərqinə varmalı oldum.
«Uduzan uduzduğunu etiraf etməyi bacarmalıdır» — Əli Əhmədovun nəzəri baxımdan doğru dediyi bu şərt havadan asılı qaldı. Cəmil Həsənli qərargahının əlində olan və yorulmadan hallandırdıqları və bundan sonra da belə görünür, hələ çox hallandıracaqları dəstavuzların qarşılığında hansı uduzma etirafı gözlənə bilər? Nəsə mümkün olana oxşamır. Yəni siyasi mühitimizdə daxili gərginlik səngiməyəcək.
Bəli, daha bir seçkinin dava-şavası ictimai həyatımızı qarsaladı. Avropadan gələn müşahidəçilərin ilk saatlarda müsbət məzmunlu rəyləri havadan asılı qaldı. İndi onları getdikcə sərtləşən qiymətlər əvəz etməkdədir. Qarabağda işğalçıya işğalçı deyə bilməyən və ya demək istəməyən ATƏT-in seçkimizə mənfi qiymət vermək fürsətini əldən buraxmadığı isə lap sarsıdıcı olanıdır. Mənə görəsə ən çox da yadda qalan bolqar müşahidəçinin dediyi çoxmənalı fikir oldu:»bizim seçkilərdən demokratiya dərsi aldığını» etiraf. Yəqin bu adamın möhkəm yumor hissi var, ölkəsinin siyasi kuluarlarında buna ən yeni lətifə kimi güləcəklər yəqin.
Bunlar hamısı cəhənnəmə, papağımızı qabağımıza qoyub ciddiyyətlə düşünməliyik: əgər ortada nəticələr sarıdan bu mübahisələr — özü də həlli görünməyən bu mübahisələr varsa, bunların ortada olması onu göstərir ki, bizim seçki sistemi yenə imtahandan çıxa bilməyib. Bütün ölkədə şəbəkəsi yaradılmış, qəşəng binalar, texniki avadanlıq, yaxşı maaş və təhsilli kadrlarla təmin edilmə bu qurum üzünü ağarda bilmədi, keçmişin pasından təmizlənmədi. Orta statistik azərbaycanlının gözündə bu qurum şübhəli işlərin, gözbağlıcalıq əməllərinin yuvası olaraq qaldı.
Aid olduğumuz Avropanın heç bir ölkəsində bu analoji qurumun belə bir qaraüz, qaragün imici yoxdur. Deyə bilərlər bu haqsızlıqdır, ədalətsiz qiymətdir, normal və ədalətli seçki keçirildi. Lakin sual olunur: onda bu qədər mübahisələr, iradlar haradan doğur?
Bir millət olaraq bizlər futboldan sonra məğlubiyyətin acısını yaşayan fanatlar kimiyik. Söhbət iddiaçılardan hansınınsa uduzmasından və ya udmasından getmir. Ölkəmiz normal seçki keçirməklə, mədəni dünyanın gözündə çox şey qazanardı. Yəni biz qazanacaqdıq. Qazana bilmədik. İtirdik. MSK və siyasi sistem bu çox önəmli fürsəti əldən qaçırdı.
Lakin ilyarıma bir seçki də gəlir. O vaxtadək nəsə etmək, nələrisə öyrənmək lazımdır — təbii ki, əgər meyl varsa. Özü də mənə elə gəlir ki, bizə Avropaya-filana üz tutmağa ehtiyac yoxdur. Vallah ciddi deyirəm, sözümü qəribliyə salmayın. Normal, nəticəsi şübhə doğurmayan, sonu əlsıxma ilə nəticələnən seçki keçirməyi öyrənmək üçün Mərkəzi Asiyaya, ulu dədələrimiz gələn yerə — Qırğızıstana və Monqolustana ezamiyyə pis olmazdı. O kişilər fərasətli tərpəndilər, bizdən — «95 ilin demokratlarından» önə düşüb bu işi vicdanla mənimsəyə biliblər. Kim onların seçkilərinə güldən ağır bir söz deyə bilər?..
[email protected]

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 281