Muəllif:

Yəhya Bakuvinin işığında

Bu il YUNESKO-nun Baş Konfransının 36-cı sessiyasında Seyid Yəhya Bakuvinin 550 illik yubileyinin dünya səviyyəsində qeyd edilməsi haqqında qərar qəbul edilməsi və 2013-ün Seyid Yəhya Bakuvi ili elan olunduğundan bu şəxs barəsində mətbuatda nələrsə oxumuşdum. Xəzər Universitəsinin növbəti Elm və Sənət Məclisində isə Hamlet İsaxanlının təhlili xarakterdəki çıxışı, tanınmış alim Mehmet Rıhtımın konfransı bu şəxs barədə bilgilərimi xeyli genişləndirdi. Mehmet Rıhtım bu böyük azərbaycanlı barədə sanballı əsər müəllifidir və onun fəlsəfəsini və ömür yolunu daha dərindən bildiyi görünürdü.
Şamaxəda doğulub, Bakıda 1466-cı ildə ixtiyar yaşında vəfat edib. Onun həyatı Şirvanşah Xəlilullah xanın dönəminə təsadüf edir. Şirvanşahlar saray kompleksindəki türbəsi qalır. Bəlli olur ki, onun barəsində indiyədək çox yazılıb. Bakuvi filosof alim və şair, xəlvətilik təriqətinin ikinci qurucusudur. Əsərlərini ərəbcə, şeirlərini farsca yazıb. Bir əsərini — «Şəfaül-Əsrar»ı isə doğma türkcəmizdə qələmə alıb (özü də XV yüzildə!). Bakuvinin dəyəri bir də bundadır.
Rıhtım onun ömür yolu, əsərləri, sələfləri və xələfləri üzərində təfsilatı ilə dayandı. Onun əsərlərini Osmanlı sultanları oxuyarmışlar. Maraqlıdır ki, Bakuvinin əsərləri sultanların şəxsi kitabxanalarında yer alırmış.
Qeyd edildi ki, Yəhya Bakuvinin inkişaf etdirərək yenidən təsis etdiyi xəlvətilik təriqəti XV əsrdən etibarən islam aləmində böyük təsirə malik olmuş və geniş yayılmışdır. Bu alim öz zamanında və özündən sonra fəlsəfi və ədəbi əsərləri ilə dünyanın bir çox ölkələrinin fəlsəfi fikir tarixinə təsir etmişdir. Onun 20 minə yaxın müridi – yetirməsi olub və onlar Bakıda aldıqları işığı buradan öz ölkələrinə daşımışlar. Rıhtın xoca bu yayılmanın coğrafiyasını əyani vasitələrlə təqdim etdikdə Bakuvinin böyüklüyü təsəvvürə gətirilirdi.
Mehmet Rıhtım Türkiyə və Azərbaycan kitabxanalarında apardığı uzun araşdırmalar zamanı bu ölkələrin kitabxanalarında Seyid Yəhya əsərlərinin 100-dən artıq əlyazma nüsxəsinin olduğunu üzə çıxarmışdır. Ümumiyyətlə, Yəhya Bakuvini 22 əsəri olub.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 181