Yəhudi Mədəniyyət Mərkəzinin tikintisi üçün torpaq sahəsi ayrılıb
Bakıda Yəhudi Mədəniyyət Mərkəzinin və ölkədə ilk koşer restoranının tikintisi üçün torpaq sahəsi ayrılıb. Jewish Telegraphic Agency beynəlxalq informasiya agentliyinin yaydığı xəbərdə deyilir
ki, Bakının rayonlarından birinin bələdiyyəsi ölkədə üç yəhudi cəmiyyətindən biri olan dağ yəhudilərinin dini icmasına üçmərtəbəli mədəniyyət mərkəzinin tikintisi üçün 600 kvadrat metrlik torpaq sahəsi ayırıb. Mərkəzin birinci mərtəbəsində koşer restoranı yerləşəcək.
Dağ yəhudiləri dini icmasının rəsmi saytında yerləşdirilmiş məlumatda deyilir: «Mədəniyyət mərkəzinin açılışı Bakıda yəhudi icmasının həyatında əlamətdar hadisədir».
Azərbaycanda Avropa yəhudiləri icmasının baş ravvini Şneor Siqal Bakıda ciddi koşer restoranının olmadığı ilə bağlı JTA-nın məlumatını təsdiqləyib.
Ümumdünya Yəhudi Konqresinin məlumatına görə, Azərbaycanda yaşayan yəhudilərin sayı 20 min nəfərə yaxındır ki, onların 75 faizi Bakıda yaşayır.