Yazıçılar Birliyi Əkrəm Əylisli ilə bağlı bəyanat yaydı
Azərbaycan Yazıçılar Biliyi katibliy bu gün Əkrəm Əylislinin ictimaiyyət arasında rezonans doğurmuş romanı ilə bağlı geniş bəyanat yaymışdır. Bəyanatda deyilir:
“Bu günlərdə ictimaiyyətin bir sıra nümayəndələri və çoxlu sayda media təmsilçiləri Yazıçılar Birliyinin rəhbərliyinə müraciət edərək israrla Əkrəm Əylislinin «Drujba narodov» jurnalında (№12 2012) dərc olunmuş «Daş yuxular» romanına münasibətimizi öyrənmək istəyirlər. Bu məsələdə tələsməməyimizin səbəbləri var. Əvvəla, yazıya münasibətimizi müəyyənləşdirmək üçün sədrin və bütün katiblərin romanla tanış olması müəyyən vaxt tələb edirdi. İkincisi, yaxşı dərk edirdik ki, yazıya hər hansı münasibət, xüsusən də tənqidi münasibət Əylisli və ona züy tutanlar tərəfindən vay-şivənlə qarşılanacaq, «Yazıçılar Birliyi Əkrəmi təqib edir» qəbilindən şablon üsullara əl atılacaq. Zənnimizdə yanılmamışdıq”.
Ənənəvi olaraq Yazıçılar Birliyinə düşmən münasibət bəsləyən «Azadlıq» qəzetində özünü haqlı olaraq «murdar» adlandıran buyruq qulu” Yazıçılar Birliyinin roman haqqında rəyini gözləmədən, hədəfi Əkrəm Əylislidən yayındırıb («Azadlıq»3-4 fevral 2013)Yazıçılar Birliyinin rəhbərliyinə yönəltməyə cəhd edir: “Tutuquşu kimi yüz dəfə dediklərini təkrarlayaraq (nəsə deməyə küt ağlı və cılız fantaziyası çatmır axı) özünün nökər xislətini bir daha sərgiləyir, tək Əkrəmə deyil, ermənilərə də nökərçiliyini can-başla bəyan edir. Biz isə bu məsələdə ictimai rəyə heç bir təsir göstərmədən cəmiyyətimizin romana münasibətini gözləmək istədik. İndi hər şey aydın oldu. Əylislinin bu inanılmaz hərəkətinə ictimaiyyət sonsuz qəzəbini, hiddətini, nifrətini bildirdi. Əlbəttə, Azərbaycan yazıçısı, ümumiyyətlə, yazıçı sayılan hər bir şəxsə qarşı kampaniya təşkil olunması, piketlər keçirilməsi, xüsusən də onun heç bir günahı olmayan ailəsinə mənəvi cəhətdən təsir edəcək hər hansı aksiya bizi də çox incidir. Əylislinin ölkədən qovulması, ya vətəndaşlıqdan məhrum olunması təklifləri ilə də heç cür razılaşa bilmərik. Ancaq romanı oxuyanların əksəriyyəti Yazıçılar Birliyinin heç bir təsiri olmadan bu yazını Qarabağ münaqişəsində Azərbaycanın haqlı mövqeyinə ciddi ziyan vuran, illər boyu diplomatiyamızın, mətbuatımızın, ziyalılarımızın, o cümlədən yazıçılarımızın beynəlxalq səviyyədə milli maraqlarımıza xidmət edən fəaliyyətlərinə ağır zərbə endirən hadisə kimi dəyərləndirməkdə haqlıdırlar. Bədii cəhətdən çox zəif olan bu əsər sırf siyasi mahiyyət daşıyır. Müəllifin və onun havadarlarının “məsələni siyasiləşdirməyin” deyə özünü sığortalaması əsassızdır. Siyasi əsərə məhz siyasi cəhətdən qiymət vermək lazımdır. Bu cəhətdən yanaşdıqda isə roman əvvəldən axıracan erməni siyasətinə xidmət edir. İllər boyu erməni təbliğatının dünyaya sırımaq istədiyi fikrə, guya onlara qarşı türklərin birtərəfli şəkildə soyqırımı törətməsi iddiasına Əylisli yeni bir suçlama da əlavə edir: durub durduqları yerdə ermənilərin azərbaycanlılar tərəfindən qırılmasını «bədii» şəkildə sübut etməyə çalışır. Müəllifin rəğbətlə təsvir etdiyi personajları birmənalı şəkildə «ermənilər yox, biz özümüz pisik» deyirlər. «Personajın dediyi ilə müəllifin fikrini eyniləşdirməyin» — iddiası miskin özünümüdafiə cəhdidir. Müəllif əsərin əsas ideyasını daşıyan personajı ilə razı deyilsə, bu nədən və harda görünür, baş qəhrəmanın ermənipərəst əqidəsinə harda, kim etiraz edir? Əksinə, əsərin bütün ruhu məhz baş qəhrəmanın antimilli dünyagörüşünün əksidir. Romanda azərbaycanlılar – həm kişilər, həm qadınlar — erməniləri balkondan atıb öldürürlər, diri-diri yandırırlar. Ermənilərin törətdikləri vəhşiliklərdən isə müəllifin sanki heç xəbəri yoxdur. Bir çox hallarda tarixi sənədlərlə təsdiq olunmuş faktları — türklərə qarşı daşnak qəddarlığını müəllif azərbaycanlıların ayağına yazır. Demə, Naxçıvanda azərilərin belinə qaynar samovar bağlayan, hamilə qadınların qarnını süngüylə yaranlar da Andronikin quldurları deyilmiş, Azərbaycanı bolşevik-daşnak qətliamından xilas edən Türk ordusunun əsgərləri imiş.
Qaçqınlarımızı, köçkünlərimizi ən ağır küçə ifadələri ilə təhqir edən müəllif yazır: “Ermənistandan gələn bu it uşağı qaçqınlar…”.
Guya iki yüz mindən artıq qaçqın Ermənistandan öz xoşu ilə Azərbaycana gəlib, guya erməni millətçiləri onları gül-çiçəklə, zurna-balabanla yola salıblar. Misli görünməmiş qəddarlıqla əzəli yurd-yuvalarından qovulmuş, didərgin salınmış, son zamanlara qədər çadırlarda ağır həyat sürən, o cümlədən yazıçıların Şüvəlandakı yaradıcılıq evində yerləşdirdiyimiz, ev-eşiklərini, yaxın adamlarını itirmiş insanlar haqqında indiyə qədər bir kəlmə təsəlli sözü deməmiş Əkrəm üçün onlar yalnız «vəhşi heyvanlardır». Ə.Əylisliyə əvvəlki yazılarına görə rəğbət bəsləyənlər bu qədər antiazərbaycan ruhlu, sırf erməni-daşnak təəssübkeşliyi ilə yazılmış mətnin onun qələmindən çıxdığına heç cür inanmaq istəmirdilər. Ta o vaxta qədər ki, müəllif teleekrana çıxıb utanıb-qızarmadan bu əsərin guya Azərbaycanın mənafeyinə xidmət etdiyini söylədi.
Bəziləri bu əsərin sifarişlə yazıldığını güman edirlər. Yanlış gümandır. Heç kəs, ən varlı və ən qatı erməni millətçisi belə Azərbaycan yazıçısına bu sayaq nankor yazı sifariş verməyə cəsarət etməzdi. Daha doğrusu, bu əsər sifarişlə yazılıbsa, Əkrəmin qəlbinin sifarişi ilə yazılıb. Qarabağ münaqişəsi başlanandan bəri Əylisli heç vaxt Azərbaycanın maraqlarına uyğun bircə kəlmə belə söyləməyib, qələmə sarılanda da yalnız Azərbaycandan getmiş ermənilərin xiffətini çəkib. Yazıçı və onun mövqeyini dəstəkləməyə cəhd göstərənlər bunu guya ki, humanizm dəyərləri ilə izah edirlər. Bu nə humanistlikdir ki, torpaqlarının iyirmi faizi işğal olunmuş, Xocalı vəhşətinə məruz qalmış, Ermənistanın Quqark rayonunda, Azərbaycanın Bağanis Ayrım kəndində, neçə-neçə başqa yerlərdə olmazın zülmlərlə, qətllərlə üzləşən xalqın «günahlarını» dünyaya car çəkəsən, ona qarşı bütün bu işğalı, təcavüzü, qətliami törədənləri isə mələk sifətində mədh edəsən? Əkrəm yeri gəldi-gəlmədi möhtəkirlik etdiyi doğulduğu yeri də «Aqulus» adı ilə ermənilərə bəxş edir. Yazır ki, bu Əylisin «əsl sahibi» – «türk süngüsündən» xilas olmuş «yetim erməni qızı Anıkonun əsrlərin dərinliyindən gələn səsidir». Öz etirafına görə, romanda müəllifin prototipi olan manqurt qəhrəman arzu edir ki, Eçmiədzinə gedib katolikosun qarşısında diz çöksun, üzr istəsin (nəyə görə? Xocalıya, işğal olunmuş rayonlarımıza, vəhşicəsinə qətl edilmiş qadınlarımıza, qızlarımıza, körpələrimizə görəmi?) xristianlığı qəbul edib rahib olsun. Olsun, erməniliyi də, xristianlığı da qəbul edir etsin, rahib də olsun, amma bu sabiq azərbaycanlı daha niyə öz keçmiş həmvətənlərinə bu qədər çirkab atır? Ölüm ayağında da bu manqurtun dilinə itirilmiş torpaqlarımız deyil, Eçmiədzin gəlir. Əylislinin havadarları deyirlər ki, bu beynəlmiləlçilik əlamətidir. Bəyəm dünya millətlərindən biri olan Azərbaycan xalqını rüsvay etmək beynəlmiləlçilikdir? Erməniləri sevirsən sev, kimin nə sözü var, amma daha pasportuna görə sənin öz xalqın olan azərbaycanlıları niyə onların ayağına verirsən, ən zır erməni millətçilərinin belə yazmadıqları böhtanları yağdırırsan ünvanımıza?
Ən qəribəsi odur ki, bu qatı antiazərbaycan mövqeyə Azərbaycanın öz içində qahmar çıxanlar – «beşinci kolon» tapılır. Dedikləri budur ki, biz gərək ermənilərlə dil tapaq, onlarla birgə yaşamaq üçün zəmin hazırlayaq. Çox əcəb. Dil də tapaq, zəmin də hazırlayaq. Amma məgər bu zəmin mütləq təslimçilikdən ibarət olmalıdır? Ermənilərlə dil tapmaq üçün onların dedikləri və hətta, demədikləri bütün yalanlara şərik çıxmalıyıq, azərbaycanlılara, türklərə atdıqları böhtanları «bədiiləşdirərək» Moskva jurnalında aləmə car çəkməliyik?
Onu da xatırlatmağı lazım bilirik ki, Azərbaycan yazıçıları, o cümlədən, əlbəttə, Yazıçılar Birliyinin rəhbərləri, Ə.Əylislidən çox qabaq, yəni Sumqayıtda və Bakıda faciəvi hadisələr baş verərkən məhv olmuş bütün günahsız insanların – hansı millətdən olursa-olsun — aqibətlərinə acıdıqlarını bildirmiş, bu cinayətləri törədənləri – yenə də millətindən asılı olmayaraq — qəti şəkildə ittiham etmiş, şiddətlə qınamışlar. Bu barədə bəyanatları Bakı və Moskva mətbuatında dərc olunub.
Yazıçılar Birliyinin fəaliyyətinə bələd olanlar onu da bilir ki, biz heç vaxt nə təşkilat olaraq, nə də onun ayrı-ayrı rəhbərləri kimi erməni xalqını bir xalq kimi təhqir edən sözlər işlətməmişik. Ancaq Azərbaycan xalqını bütün dünyada biabır etməyə çalışanlara, onu hər cür alçaltmağa cəhd edənlərə, milli və mədəni dəyərlərimizi tapdalayanlara, əzəli torpaqlarımızın işğalçılarına, erməni faşistlərinə qarşı sözümüzü hər zaman, hər yerdə demişik, deyirik və deyəcəyik. Erməni xalqını təhqir etmədiyimiz kimi, kimsənin — pasportunda hansı millət yazılır, yazılsın — Azərbaycan xalqını yamanlamasına və aşağılamasına da yol verə bilmərik. Milli manqurtların, «murdarların», Azərbaycan Yazıçılar Birliyinə, milli ruhlu yazıçılarımıza daşnak nifrəti bəsləmələrinin, satılmış mətbuatda onları daima zəhərləmələrinin bir səbəbi də budur.
İllər boyu hər fürsətdə Yazıçılar Birliyini, klassik və çağdaş yazıçılarımızı sancan Əkrəm Əylisli bu yazısında da Səməd Vurğunun misraları haqqında təhqiramiz sözlər deyir, Xəlillulah Xəlil (Uluruh Türanməkan) adıyla Xəlil Rza Ulutürkün parodik obrazını yaradır, İsa Hüseynova, hətta Oljas Süleymenova da sataşır. Nəyə görə? Ona görə ki, bu görkəmli sənətkarların varlığında erməniləri qəzəbləndirən türk ruhu var. Bununla bağlı Əylisli hətta vaxtilə neçə-neçə Azərbaycan ziyalısının məhvinə bais olmuş pantürkizm kabusuna işarət etməkdən də çəkinmir.
Bir məsələni vurğulamağı da lazım bilirik. Bu və ya digər dərəcədə Əkrəmi müdafiə edənlərin arasında bizim hörmət bəslədiyimiz insanlar da var. Əkrəmin qəlbinə dəyməmək üçün onlar da «əsəri oxumamışıq, amma…» formulu ilə işin içindən çıxmağa çalışırlar. Bu insanlardan, ümumən romanı oxumayanlardan xahiş edirik ki, mütləq yazını tapıb oxusunlar və taleyüklü bir məsələyə vicdanlarının səsiylə münasibət bildirsinlər. İqtidardan narazılıq naminə tamamilə erməni mövqeyini qəbul etmək, ancaq erməni maraqlarına xidmət etmək rəvadırmı?
Müxbirin “Əsərinizə ziyalıların münasibəti sizi qane edirmi?” sualına cavab olaraq Ə.Əylisli dəxli olmadan, hələ Yazıçılar Birliyi münasibətini bildirməmişdən «Anargil bu prosesə qoşulsalar, əmin olacağam ki, 1937-ci il bərpa olunur» deyir. Yeri gəldi-gəlmədi, hamını 37-ci illə şantaj edən Əylisli çağdaş günlərimizdə bu məşum ilin «əxlaqını» ən çox özündə təcəssüm etdirən insandır. Hələ Sovet dövründə Moskvaya, həmin elə o «Drujba narodov» jurnalına Azərbaycan yazıçılarından donos vermişdi ki, burda hamı millətçidir, bir mən beynəlmiləlçiyəm. Onu da əlavə etmişdi ki, mən uşaqlıqdan öz xalqıma yox, başqa xalqlara etibar etmişəm. Odur ki, Əylislinin son əsərinə təəccüblənmək lazım deyil, roman onun rəğbətinin və nifrətinin məntiqi nəticəsidir, bu yazının genetik kökləri çox dərinlərə gedib çıxır.
O vaxtlar bu etirafına görə Ə.Əylislini oxucuların və yazıçıların qəzəbindən qoruyan məhz biz olduq — Yazıçılar Birliyinin rəhbərliyi. Bu uğursuz çıxışını yüngülvari tənbeh edib, onun hələ bir neçə il Birliyin katibi vəzifəsində qalmasına imkan yaratdıq — növbəti qurultayımızda növbəti dönüklüyünə qədər… İllər keçdikcə, hamını yaddaşsız sayaraq bu hadisəni tamam başqa cür qələmə verməyə başladı. Qəzetlər, jurnal durur. Götürüb oxusunlar. Onun dedikləri də, bizim onunla qayğıkeş rəftarımız da o səhifələrdə əks olunub.
Əkrəm Əylisli xislətinin əsas iki cəhəti var: dəhşətli dərəcədə şöhrət, məşhurluq, tanınmaq hərisidir və bundan doğan ikinci cəhət — az-çox şöhrətlənən, məşhurlaşan, tanınan hər kəsə – istər ölü olsun, istər diri — dəhşətli həsədi, paxıllığı, nifrəti və kini.
Bu romanının əsas yazılma səbəbi də məhz budur. Son 20-25 ildə meydana heç bir dəyərli bədii əsər çıxara bilməyən Əylisli yalnız qalmaqallarla, tanınmışlara sataşmaqla gündəmdə qalmağa çalışır. Amma Azərbaycan mühitində bu artıq keçmir, hamı kimin kim olduğunu axır ki, yaxşı başa düşüb. Belə olan surətdə Ə.Əylisli dilə-dişə düşməyin başqa üsuluna əl atıb. Azərbaycan xalqının əleyhinə yazı yazıb Azərbaycanda, Azərbaycan dilində deyil, məhz Moskvada çap etdirib ki, ermənilərin, erməni lobbisinin, Rusiyada və başqa ölkələrdə ermənipərəst qüvvələrin vasitəsilə ad çıxarsın və beləliklə, şöhrət sarıdan qurdunu öldürsün. Artıq müəyyən dərəcədə məqsədinə nail də olub, erməni saytlarında «Qurbanəli bəy» hekayəsində deyilən «molodes…» tərifini qazanıb. Doğrudan da ermənilərin və ermənipərəstlərin əlinə göydən düşmə hədiyyədir.
Bəzilərinin güman etdiyi kimi, Orxan Pamukdan ilhamlanıb bu yolla Nobel mükafatı xülyasına düşməsi real deyil. O qədər ağılsız deyil ki, bunun xam xəyal olduğunu anlamasın. Cavanlıqda yazdığı ən yaxşı əsərlərinin belə bədii səviyyəsi Nobel mükafatı meyarlarının yanından da ötməyib. O.Pamukun istedad cəhətdən Əylislinin yazılarından qat-qat üstün əsərləri dünyanın əsas dillərinə çevrilib geniş yayıldıqdan sonra o, Nobel mükafatına layiq görüldü. Əgər Orxan «soyqırımı» haqqında uğursuz, yanlış, zərərli bircə ifadə işlədibsə, Ə.Əylisli bu erməni uydurmasına (Azərbaycanla bağlı yeni əlavələr edərək) bütöv bir roman həsr etdi. Çox güman ki, ermənilər və ermənipərəstlər «Daş yuxular» romanını dünyada geniş təbliğ edəcək, bir çox dillərə çevirtdirib nəşr etdirəcəklər, Azərbaycana qarşı silah kimi istifadə edəcəklər. Ola bilsin ki, Əylisli hansısa erməni varlısının təsis etdiyi bir mükafata da layiq görüldü, Ermənistanın xalq yazıçısı adını da aldı. Amma Azərbaycan xalqının sevgisini və inamını həmişəlik itirdi.
Yeri gəlmişkən, mükafatlar və fəxri adlar haqqında. Müəllifin prototipi — Saday Sadıxlı adlı artistdir. Əsərə valeh olmuş Çingiz Hüseynov romanı tərifləməyə o qədər tələsib ki, bu personajın adını belə düzgün yazmayıb. Saday Sadıxlıya real adamın, namuslu və istedadlı yazıçı Saday Budaqlının adını verib. Həmin bu Saday Sadıxlı müəllifin təqdimatında elə cəsur, qorxmaz, hakimiyyətə asi olan sənətkardır ki, yazığa heç xalq artisti adını da verməyiblər. Qəhrəmanından fərqli olaraq, daima öz cəsarətindən dəm vuran, sovet dövründən axır zamanlara qədər bütün hakimiyyətlərin ərköyünü Ə.Əylisli xalq yazıçısı adını da, Azərbaycanın ən yüksək ordenlərini və təqaüdünü də alıb, deputat da edilib. Deputatlıqdan gedəndən sonra isə növbəti dəfə mövqeyini dəyişərək indi də müxalifətçi olub.
Əkrəmin bəzi ermənipərəst müdafiəçiləri də, özlərini bədii yazıları ilə təsdiq edə bilməyən ədəbi marjinallar da Əylislinin əsərinə qarşı qəzəbi iqtidar-müxalifət müstəvisinə keçirmək və ona qarşı haqlı etirazları iqtidarın müxalifətyönlü yazara təzyiqi kimi göstərməyə çalışır. Əbəs cəhddir. Manqurtlaşmamış hər bir azərbaycanlı – istər iqtidarda olsun, istər müxalifətdə — bu romanı xalqımıza arxadan saplanmış bıçaq kimi qiymətləndirməyə bilməz. Müxalifətin, müxalifətyönlü mətbuatın iqtidarla ideoloji mübahisəsi, siyasi mübarizəsi demokratik cəmiyyətdə təbii haldır. Eləcə də iqtidarın, iqtidar mətbuatının müxalifətlə mübahisəsi, mübarizəsi (Əlbəttə, bu qarşıdurmada hər iki tərəfdən etik hədlər aşılmırsa). Amma milli maraqlarla bağlı elə məsələlər var ki, onlara münasibətdə iqtidar-müxalifət müstəvisinin fövqünə qalxaraq antiazərbaycan cəhdləri dəstəkləmək olmaz. «İşinin xətrinə erməniyə dayı de» — süni, saxta və yalançı məsəldir. «Daş yuxular»ın müdafiəsinə qalxanlar əsərlə tanış olub qəti şəkildə deməlidirlər: bədii əsərdə belə qatı antiazərbaycan mövqeyini, birmənalı erməni təəssübünü qəbul edirlər, yoxsa yox? Bu məsələnin üçüncü cavabı yoxdur — sən öz xalqının tərəfindəsən, yoxa onun torpaqlarını işğal edənlərin, insanlarına zülm edənlərin, 1918-ci ilin martından 1992-ci ilin Xocalısınacan günahsız azərbaycanlıların qanlarını tökənlərin? Kimsə belə cavab verə bilər ki, biz həqiqətin tərəfindəyik. Çox yaxşı, bəs bu həqiqətdə azərbaycanlıların da payı yoxdurmu? Yalan-gerçək ermənilərin başına gələn fəlakətlərdən erməni yazıçıları kifayət qədər yazıb, türklərin «vəhşilikləri» haqqında dünyada yetərincə səs salıblar. Bu ağrılı vaqiələrə toxunan Azərbaycan yazıçısı yalnız ermənilərin iztirablarından yazıb azərbaycanlıların da başına gətirilənlərdən bir kəlmə demirsə – bu həqiqətə sadiqlikdirmi?
Bəziləri Ə.Əylislini indiyə qədər bol-bol aldığı adlardan, imtiyazlardan məhrum etməyi, onu bu cür cəzalandırmağı təklif edirlər. Əkrəmə də elə bu lazımdır ki, özünü həqiqət qurbanı kimi qələmə versin. Ə.Əylislinin hər hansı şəkildə cəzalandırılmasının əleyhinəyik. Onun ən böyük cəzasını özü verib — xalq və tarix qarşısında vicdanının ləkəsini heç vaxt silə bilməyəcək.
Çox illər bundan əvvəl yazdığı bir neçə uğurlu əsərinə görə Əkrəm Əylisli Azərbaycan ədəbiyyatında şərəfli yer tuturdu. İndi bu son əsərinə görə antiazərbaycan ədəbiyyatında Sero Xanzadyanlarla, Silva Kaputikyanlarla, Zori Balayanlarla bir sırada şərəfsiz bir yer qazandı. Çox təəssüf…”