Yay proqramı: kim harada?
Temperatur yüksəldikcə istirahətə həvəs də artır. İstidə işləməkdən çox dincəlməyi düşünənlər zamanı boşa xərcləmir, işini istirahətə dəyişməyənlər isə hələ də iş başındadır. Sorğu apardığımız sənət adamlarının fikri bunu yazmağa əsas verdi.
İstanbulda yaşayan İradə İbrahimovaya artıq bir neçə dəfə Bodrumda dincəlmək müyəssər olub. Əsas sığınacaqları İstanbul olsa da, qaynatasının Bodrumdakı evi onların istirahət proqramına uyur. Ailə üzvləri ilə dincələn İradə xanımın Bodrum səfəri uzun çəkmir. Studiya işləri olduğundan arada İstanbula dönür. Yaxın günlərdə yenidən Bodruma gedəcək. İradə xanım istirahət üçün başqa ölkələr düşünmür.
Ayan Babakişiyeva ilk istrirahət proqramını başa vurub. Maldiv adasında yaddaqalan iki həftə keçirib, yeni səfəri isə başqa ölkəyə olacaq. Hələlik bu ayın ikinci həftəsinə klip çəkilişi düşünən sənətçi, səfərini bundan sonrakı günlərə təyin edəcək. O, ailə üzvləri ilə maraqlı zaman keçirəcək. Ayan xanım bölgələrdə istirahətə də zaman ayıracaq.
Humay Qədimovanın seçimi bölgələrdən bir neçəsi olacaq. Yayda istirahətinə cəmi 10 gün ayırmağı düşünən istedadlı sənətçi bunu yaradıcılıq planlarının yayda həllinə daha çox zaman ayıracağı ilə əlaqələndirdi. Bunları yaxın vaxtlarda həyata keçirməsə, 10 günlük istirahəti də ürəkdən eləyə bilməyəcək.
Rəqsanə İsmayılova da eyni cür düşünür. Deyir ki, ötən illərdən fərqli olaraq Türkiyədə planlaşdırıb, həllinin başa vura bilmədiyi sənət işləri, onun istirahət haqqında düşünməsinə imkan vermir.
“Bu işlər böyük məsuliyyət tələb edir. Əgər mən dincəlmək haqqında düşünsəm, planlarım yarımçıq qalar. Bu zaman kəsiyində mən albom, klip və nəzərdə tutulan verilişin hazırlığını başa çatdırmalıyam. Çox yorulanda bir necə saat dincəlib, enerji toplayaram. Sənət işlərimin uğuru, elə dincəlmək deməkdir” – deyə sənətçi bildirdi.
İlahə İbadova bu günlərdə yeni “Səsin gəlir” klipini təqdim etdikdən sonra repertuar təzələməyə qərar verib. Bir neçə bəstəçi ilə görüşən sənətçi artıq seçimini edib. Yaxın günlərdə studiyaya daxil olub, onları lentə yazdıracaq ki, dinləyicisinə təqdim etsin. Bu işini başa vurandan sonra güman ki, ailəsi ilə birlikdə Türkiyə şəhərlərindən birinə istirahətə yollansın.
Aysel Əlizadə istirahət proqramını həftələrə deyil, günlərə, hətta saatlara bölüb. Yaradıcılığındakı iki illik fasilə boyunca yetərincə dincəldiyini deyən sənətçi bu yay yüksək templə çalışacağını söylədi. İyulun 19-da Akcent qrupu ilə maraqlı konsert proqramı təqdim edəcəyini bildirən A.Əlizadə, bunun ardınva repertuar təzələyəcəyini və nəövbəti yenilikləri barədə düşünəcəyini sözünə əlavə etdi.
Aktrisa və teleaparıcı Gülnarə Məmmədova isə hazırda istirahətin dadını çıxarır. Özü də İstanbulda. Bizimlə virtual əlaqə zamanı Gülnarə xanım bildirdi ki, İstanbula yaxın rəfiqəsinin toyu üçün gəlib. Getmişkən o, İstanbulda qalıb, bir ay boyunca dincəlməyi də səfər proqramına daxil edib.
Başı qarşıdakı layihələrinin həllinə qarışan model Azər Atakişiyev də istirahət etməyi düşünənlərdəndir. Bu günlərdə Türkiyəyə yollanacaq model, daha sonra yolunu digər xarici ölkələrdən salmağı düşünür. O, istirahəti üçün maraqlı proqram düşünüb. Özü də subay model bu istirahəti tək yox, gözəl xanımlarla keçirəcəyini sözünə əlavə etdi.