Yay ötdü, gəldi payız
Bir mahnıda deyildiyi kimi, yay ötdü, gəldi payız… Doğrusu, təqvimlə payıza bir həftə qalıb, lakin artıq payızdır deyə bilərik. Çünki bu fəslə xas siyasi canlanma — bizim siyasi təqvimdə isə seçki müstəvisində siyasi savaş artıq başlanıb. Odur ki, istər-istəməz düşünürsən — bizi gözləyən «qızmar payız»dırmı? Axı bizi bu payız ölkəmizin həyatında mühüm bir hadisə olacağı görsənən prezident seçkiləri gözləyir. Vərdiş etdiyimiz, bizə «tanış» olan köhnəsayaq bir seçkinin axarında olacağıq, yoxsa mədəni ölkələrin vətəndaşlarının gördükləri, qanacaq və mərifətlə keçən bir prosesin şahidi olacaq, düzgün seçim edəcəyik? Hər halda, siyasi gerçəkliyimizin bərəkətindən bu balaca məmləkətin prezidenti olmaq istəyənlərin sayı iyirmiyə yaxınlaşır. Aralarında sanballı adamlar da var, hədyan danışmaq ustası olanlar da…
Heyrətlə baxıb görürük ki, MSK heç kəsə yox demir hələ ki. Gələnin sənədi qəbul olunur. Buyur, qardaş. Tənbəllik eləməyən sənədlərini vurur qoltuğuna, gedir MSK-ya. Adlarını unutduğumuz, bəlkə kağız üzərində olan «partiya»ların «sədrləri» (yaxud dəbdə olan sözlə desək, «lider»ləri) iddialarını ortaya qoyublar. Buyursunlar. Lakin savaşın hakim partiyanın namizədi ilə Milli Şuranın namizədi arasında gedəcəyi şübhə doğurmur. Bu, necə bir qarşılaşma olacaq — bu da maraqlı sualdır.
Cəngavərlərə xas qarşılaşma görəcəyik, yoxsa qurşaqdan aşağı zərbələr? Necə bir seçki olacağını hələ görəcəyik. Mənə görəsə, bağımsızlığın bərpasından bu yana hər dəfə — istər parlament, istər prezident, istər bələdiyyə seçkiləri olsun — ürəyimdən keçib ki, nə olaydı biz də adam balası kimi bir seçki keçirəydik, batıdan-doğudan, quzeydən-güneydən bu seçkiləri müşahidə etməyə gələn kimsə «mız» qoya bilməyəydi. Bizə nə gəlib, kimdən zəifik? Məgər 95 il öncə Şərq qaranlıqlara bürünmüşkən ilk dəfə normal, demokratik seçki keçirən, çoxpartiyalı parlament yaradan bir millət deyilikmi? Baxın, Asiya çöllərində monqol və qırğız qardaşlarımız normal, nəticəsini mədəni dünyanın hörmətlə qəbul etdiyi seçkilər keçirməyi artıq bacarırlar. Azərbaycan türkünün siyasi təfəkkür səviyyəsinə ancaq bu millətin düşmənlərinin şübhəsi ola bilər. Qoy kimsə onunla oynamaq fikrinə düşməsin. Bunun, yumşaq desək, düşəri-düşməzi ola bilər.
Seçkiyə qayıdaq — hər zaman ürəyimdən keçib ki, kaş bu incə seçki məsələsində ən azından Baltikyanı ölkələr, Avropadakı postsosialist ölkələr səviyyəsində olaydıq. Niyə də olmayaq, yaxud olmalı deyilik? Bu axı, mümkün bir məsələdir. Bəs əngəl olan nədir? Mənə görə — Azərbaycanın müsbət imici üzərində əsməmək. Bunu heç bir vəchlə özümüzə rəva görməməliyik — düşüncəsinin zəifliyi. Özü də dörd bir yanımızda bizləri istəməyənlərin, gözü götürməyənlərin bu qədər çox olduğunu gözəlcə bildiyimiz halda… Seçkilərsə, hər hansı bir ölkə, özəlliklə də bir ayağı xristian batıda, bir ayağı isə müsəlman dünyasının yer aldığı doğuda olan bir ölkə üçün — 1 saylı faktordur.
Bütün namizədlərə (iddiaçılara) münasibətdə sekundantlar hələ ki prosedurlara ciddi əməl edirlər. Lakin nə vaxtdır ictimai fikirdə bir Rüstəm İbrahimbəyov qovğası da var. O da başlıca namizədlərdən biridir, seçkilərdə iştirak edib-etməyəcəyi qarşıdakı günlərdə bilinəcək. Mənə qalsa, ona da şərait yaradar, seçkilərə buraxardıq. Dünyada tanınan azərbaycanlıdır, hər halda. Sanballı səs yığmaq şansı da yox deyil. Onun iştirakı bizim seçkiləri yalnız hörmətə mindirərdi.
Ötən seçkilərlə müqayisədə iddiaçılara MSK-dan və hakim partiyanın üst eşelonlarında yer alanlardan əksərən təmkinli münasibət gözdən qaçmır. Bu hal ümidləri artırır ki, normala yaxın bir seçki yaşanılacaq. İstərdim sağlam tənqid olaydı, görəydik siyasilər Qarabağ danışıqları ətrafında yaranmış indiki, asan olmayan durumdan çıxış yolunu nədə görürlər. Maraqlı olardı. Axı vəziyyət bu şəkildə davam edə bilməz. Bu ağrılı məsələ seçki atmosferinə nə tərzdə sirayət edəcək — baxaydıq.
Payız gəldi. Mahnıda deyildiyi kimi, köçəri quşlar, əlbəttə, uçub gedəcəklər. Boz sərçələr qalacaq. Bir də bu məmləkətə bağlı olanlar. Çoxlu problemləri üst-üstə yığılıb bizim günlərədək qalmış bir məmləkət. Torpaqlarının nə qədərini ötən zamanlarda itirmiş, indi bizim günlərdə isə daha 20 faizi üzərində nəzarətini itirmiş bir məmləkət. Böyük güclərin məkrli siyasətləri üzündən 20 ildir itirdiyi torpaqları üzərində nəzarətini bərpa edə bilməyən bir ölkə. Bizi köçəri bilməsinlər, biz heç yana getməyəcəyik. Bu ölkədə və onun ətrafında baş verənlərə biganə olmamaq bizim işimiz…
[email protected]