Muəllif:

“Yasin Qarayev: Elə vaxt olur, səhnədə onun üçün oynayıram

Ötən ay doğum gününü qeyd edən Yasin Qarayevi artıq yaşlı aktyorlardan hesab etmək olar. Aktyorun hər səhnəyə çıxışı onu ruhən cavanlaşdırır. O, çətinliklərin artıq geridə qaldığını deyir:
-Çətinliklər artıq geridə qalıb. Səhnədə olanda özümü çox xoşbəxt hiss edirəm. Təbii ki, məsuliyyət hissini də yaddan çıxarmıram. Aktyor üçün çətinlik o vaxt olar ki, o nə oynadığını bilmir. Aktyor hər rolu şedevr edə bilməz ki. Yaxşı da oynamaq olar, ortabab da, təki nə oynadığını biləsən. Əvvəllər də mənim üçün oynamaq maraqlı idi, elə indinin özündə də. Sadəcə olaraq, yaxşı əsər, yaxşı rejissor və tərəf-müqabil olanda oynamaq həvəsim daha da artır. Mən bu teatrda korifey sənətkarlarla birlikdə çalışmışam. Bu gün isə gənclərlə eyni səhnəni bölüşürəm. Sevindirici haldır ki, gənclərin də teatra marağı qənaətbəxşdir. Bizim teatrda çox istedadlı gənclər çalışır, onların hər bir uğuruna bir aktyor kimi çox sevinirəm. Hətta bizdə bugünkü tamaşaların çoxunda teatr işçilərinin uşaqları aktyor kimi çıxış edirlər. Teatr belə bir mühitdir də. Onların gələcəyi hələ qarşıdadır.

— Nəvənizin uşaq tamaşalarında çıxış etməsini istərdinizmi?

— Mənim nəvəm bu teatrda böyüyüb. Əgər buna nəvəmin istəyi olsa, məmnun olaram. Nəvəm tamaşalarıma baxır, harada yaxşı, harada pis oynadığımı da o, mənə deyir (gülür). Elə vaxt olur ki, mən səhnədə onun üçün oynayıram.

— Sənət yoldaşlarınızın iştirak etdiyi tamaşalara baxırsınız?

— Bəli, əlbəttə, baxıram. Son zamanlarda bizim teatrda hazırlanan “Müharibə” tamaşasını nəinki təkcə bizim teatrın, ümumən Azərbaycan incəsənətinin böyük uğuru saymaq olar. Bu tamaşanın uğuru birinci əsərin Dilsuz tərəfindən yaxşı tərcümə olunmasıdır. İkinci, rejissor yozumunun zərgər dəqiqliyi ilə həyata keçirilməsi, üçüncü isə aktyorların hiss və düşüncələrinin Kreml saatı kimi düz işləməsində idi.

— Bir çox filmlərin ssenari müəllifi, rejissoru olmusunuz… Bunlardan biri də o vaxtlar çox məşhur olan, indinin özündə də tamaşaçı sevgisi qazanmış “Tahirənin intiqamı” filmi idi. Bu film o vaxt çox əziyyətlərlə başa gəlib. Bugünkü seriallar ilə bu filmi necə müqayisə edərdiniz?

— Bu filmdə dramaturgiya və hadisə var idi. Çox maraqlı sujet xəttinə malik idi. Aktyor seçimi də düzgün olunmuşdu. Mən bu filmi o vaxtlar dost-tanışların köməyi ilə çəkmişdim. İndiki texnika o vaxt məndə olsaydı, daha da gözəl filmlər çəkə bilərdim. Amma bu gün hər imkan var, baxırsan ki, seriallar çox zəif çəkilir. Bilirsiniz, adda-budda seriallara baxıram, amma uyğunsuzluq görürəm deyə xoşum gəlmir. Biz əvvəllər tamaşa hazırlayanda stolarxası məşqdə 3-4 ay yalnız sözaltı mənaları açırdıq. Bununla da oynadığın obrazın xarakteri açılırdı. İndi isə mətni verən kimi 1 saatdan sonra çəkiliş başlayır. Bu rolu axı necə yaradasan? Bu, əzbərçilik olur, tamaşaçını da cəlb edə bilmir.

Dramaturgiya deyilən bir şey var, bunların hamısı bir-birinə zəncir kimi bağlı olmalıdır. 40 ildir mən teatrda işləyirəm, hər ilin, hər ayı tamaşa hazırlanıb, indi görün mən nə qədər pyes oxumuşam. İndi çəkilən seriallarda da dramaturgiya yoxdur, hadisələr bir-birinə bağlı deyil. Ona görə də indiki seriallara bir o qədər də meylim yoxdur. O vaxt nə oynamışıq, hörmət qazanmışıq, istəmirəm o əhval-ruhiyyə pozulsun. Buna görə də tamaşaçı qınağından qorxuram.

— Bu yaxınlarda sizi “Qaynana” serialında gördük…

— “Qaynana” serialında müəllim obrazına dəvət olundum. Seriala dəvət alarkən bu obraz mənə çox maraqlı gəldi. Yenidən bu seriala dəvət etsələr, yenə də gedərəm. “Qaynana” serialının kollektivi mənə çox doğma gəldi.

— İndiyə qədər unutmadığınız tərəf-müqabiliniz kimdir?

— Mən həmişə Gülşən Qurbanova və Azər Mirzəyevi xatırlayıram. Bizə teatrda həmişə “3 muşketyor” deyirdilər. Biz birlikdə nə oynamışıq həmişə yadda qalıb. Adi bir baxışdan, adi bir nəfəsdən bir-birimizi hiss edirdik. Sanki bir-birimizin üstünə musiqi aləti kimi köklənmişdik, ona görə də bizim ifamız xaric olmurdu. İndi də tamaşaçılar məndən Gülşən, Azər haqqında maraqlanırlar. Azər Mirzəyev bir az nasazdır, Allah ona can sağlığı versin, Gülşənə isə Allah qəni-qəni rəhmət etsin. Mənim üçün, həqiqətən, bu sənətkarlarla bir səhnədə oynamaq çox xoş olub.

— Facebook sosial şəbəkəsindən istifadə etməyinizə maraq nədir?

— Facebook-dan istifadə etməyimi mənə oğlum məsləhət gördü. Kompüterlə yox, amma telefonla Facebook-dan özüm tam sərbəst istifadə etməyi bacarıram. Maşallah, nəvəm məndən yaxşı bilir (gülür).

— Tamaşaçılar daha çox sizdən nə maraqlanırlar?

— Son zamanlar efirlərdə çox görünməməyin səbəbini soruşurlar. Sözün düzü, çox yerdən dəvət olur. Elə bir veriliş adı çəkirlər ki, mən o verilişin heç izləyicisi deyiləm. Demirəm ki, pis verilişdir, bəlkə də, kiminsə taleyi həll olunur. Amma mən orada gedib oturmağı özümə ar bilirəm. Mən axı hüquqşünas, psixoloq deyiləm ki, gedim orada kiməsə məsləhət verim. Orada aktyorluq sənətindən heç nə yoxdur axı… Mən heç sənət dostlarıma da orada gedib əyləşməyi məsləhət görməzdim… Buna görə də yəqin ki, gündəmdə deyiləm (gülür).

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 329